Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 12 min 146 metr qazma işləri həyata keçirilib. Hesabat dövründə şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 1 milyon 810 min tondan artıq neft və 1 milyard 944 milyon 732 min kubmetr qaz hasil olunub. Ölkə üzrə qaz hasilatı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz artaraq 13 milyard kubmetr təşkil edib. 3-cü rübdə Azərbaycanda xam neft hasilatı isə 7 milyon ton təşkil edib.
Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara 4,1 milyon ton neft ixrac edilib. Bura şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Bununla yanaşı, 3-cü rübdə ölkə üzrə təbii qaz ixracı 6,3 milyard kubmetr, istehlakı isə 2,4 milyard kubmetr olub. Təbii qaz ixracında 8,7 faiz artım qeydə alınıb.
Cari ilin üçüncü rübündə SOCAR tərəfindən 1,7 milyon ton neft və 760 milyon kubmetr qaz emal edilib. Qurumun Azərbaycandakı müəssisələrində istehsal olunan 639,2 min ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz çoxdur.

