Qazmada müasir texnologiyalar tətbiq edilir
BP şirkəti “Azəri–Çıraq–Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsinin operatoru kimi dünya neft və qaz sənayesinin ən müasir texnologiyalarını Xəzər regionuna gətirməkdə davam edir. Şirkətin əsas məqsədlərindən biri dünya səviyyəli bu yataqda hasilatı gücləndirmək, laylardan maksimum neftverməyə nail olmaq və yatağın istismar müddətini uzatmaqdır.
Şirkət bu məqsədə uyğun olaraq “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin ərazisində bir çox quyularda sualtı müdaxilə əməliyyatlarına başlamağa hazırlaşır. Bu işlər üçün BP-nin Xəzərdəki əməliyyatlarında ilk dəfə olaraq quyuya dik borusuz yüngül müdaxilə texnologiyası tətbiq olunacaq.
Qeyd edək ki, “Blue Ocean” dik borusuz müdaxilə sistemi kimi tanınan bu texnologiya “Oceaneering International” şirkətinin sualtı mexaniki buraz vasitəsilə quyuya müdaxilə sistemidir. Bu innovativ yanaşma təzyiqin idarə olunması və hasilat səviyyəsinin gücləndirilməsi imkanlarının səmərəli tədqiqinə və erkən aşkarlanmasına imkan yaratmaqla yatağın bundan sonrakı potensialının üzə çıxarılmasına kömək edəcək.
Yarımdalma qazma qurğularından asılılığı azaltmaq və sualtı müdaxilələrin daha erkən həyata keçirilməsini təmin etmək üçün bu proqram Xəzərdə ilk dəfə tətbiq olunan daha bir yenilikdən – gəmidən icra olunan müdaxilə üsulundan istifadə edəcək. Bu o deməkdir ki, dik borusuz yüngül müdaxilə texnologiyası sistemi gəmi üzərinə inteqrasiya ediləcək və bütün quyu müdaxilələri birbaşa oradan icra olunacaq. “Xankəndi” sualtı tikinti gəmisi bu əməliyyatlar üçün ən uyğun texniki baza kimi seçilib.
BP şirkəti sözügedən proqramın təhlükəsiz və səmərəli icrası üçün artıq iki əsas müqavilə imzalayıb. Dik borusuz yüngül müdaxilə texnologiyası xidmətləri üçün “Oceaneering International” şirkəti ilə imzalanmış çoxmilyonluq müqaviləyə “Blue Ocean” dik borusuz müdaxilə sisteminin gəmidə yerləşdirilməsi, yığılması və sınaqdan keçirilməsi, eləcə də layihənin idarə olunması, mühəndislik işləri, sistemlərin inteqrasiyası və həmin sistemin tətbiqi üçün tələb olunan avadanlıqların, materialların və inşa işlərinin təmin edilməsi daxildir.
Quyuya yüngül müdaxilə xidmətləri üçün SLB şirkəti ilə imzalanmış çoxmilyonluq müqaviləyə isə ağır yüklərin qaldırılması işlərini ləğv etmək və “qırmızı zona”nın idarə olunmasını sadələşdirmək üçün kombinə edilmiş troslu/təkxətli (Combo) qurğunun təmin edilməsi, dövretmə və təzyiq sınaqları üçün yüksək təzyiqli nasos işlərinə qadir təzyiq/maye boşaltma avadanlığı paketi, eləcə də bu işlər üçün tələb olunan çoxprofilli işçi heyətlərin təmin edilməsi daxildir.
Şirkətdən verilən məlumata əsasən, proqram çərçivəsində dəniz əməliyyatlarının bu ilin sonunadək başlanacağı və 2026-cı ilin sonunadək bitəcəyi gözlənilir.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda quyu əməliyyatları üzrə vitse-prezidenti Rassel Morris bu barədə deyib: “Hesab edirik ki, quyuya dik borusuz yüngül müdaxilə texnologiyası – xüsusilə də “Dərinsulu Günəşli” ərazisindəki quyulara “Blue Ocean” dik borusuz müdaxilə sisteminin tətbiqi – bizə sualtı suvurma quyularını daha yaxından izləməyə, lay təzyiqinin idarə olunması və hasilatın gücləndirilməsi üçün ən perspektivli imkanları müəyyən etməyə imkan verəcək.
BP-nin qlobal əməliyyatlarında həyata keçirdiyimiz oxşar proqramlardakı təcrübəmizdən istifadə etməklə Xəzərdə ilk dəfə tətbiq edəcəyimiz gəmidən aparılacaq quyu müdaxilələrindən çox faydalanacağımıza inanırıq. Bu, qazma qurğularından asılılığımızı azaldacaq və imkanların erkən aşkarlanmasını mümkün edəcək. Bütün bunlar bizim sualtı əməliyyatlar aparmaq qabiliyyətimizi və imkanlarımızı xeyli artırır və Xəzərdə sualtı quyularların idarə olunması işlərində yeni səhifə açır”.

