Bu il “Qərbi Abşeron” yatağında 8 maili quyu qazılaraq yüksək hasilat göstəriciləri ilə sifarişçiyə təhvil verilib. SOCAR-ın Azneft İstehsalat Birliyinin sifarişi ilə həyata keçirilən qazma əməliyyatları Kompleks Qazma İşləri Tresti tərəfindən həyata keçirilib.
Trestdən verilən məlumata görə, yataqda yerləşən 20 A saylı quyu 73°, 293 metr inhirafla, 164 saylı quyu 75°, 480 metr inhirafla, və 159 saylı quyu isə 78°, 287 metr inhirafla qazılıb. Bundan əlavə, yatağın 20 saylı özülündə yerləşən yüksək maillik bucağa malik 160, 162, 25 A və 26 A saylı quyular, eləcə də 54 saylı dərin stasionar özüldə yerləşən 113 saylı quyu 150-250 metr horizontal hissə saxlanılmaqla qazılaraq beynəlxalq standartlara uyğun tamamlanıb sifarişçiyə təhvil verilib.
Plan-qrafikə əsasən 162 saylı quyunun qazılması 40 günə planlaşdırılsa da, peşəkar yanaşma nəticəsində işlər 26 gün ərzində, 99,5 faiz məhsuldar vaxt göstəricisi ilə qazılıb. 25 A saylı yan lülə quyusuna isə 515 metr süzgəc endirilib ki, bu da SOCAR-ın tarixində rekord göstərici sayılır. Xatırladaq ki, bundan öncə 26 A saylı quyuda həmin göstərici 473 metr təşkil edib. Qeyd olunan quyuların profilinin mürəkkəb olmasına baxmayaraq, Kompleks Qazma İşləri Trestinin peşəkar komandası, məhlul, maili qazma və digər xidmət sahəsində beynəlxalq təcrübəli podratçı təşkilatlarla əməkdaşlıq edərək birgə uğurlara imza atıb.
XQ

