Naxçıvanda ilk kolleksiya meyvə bağı

post-img

Naxçıvanda aqrar sahədə yeni mərhələnin əsası qoyulur. Regionda kənd təsərrüfatının davamlı inkişafı, yerli sortların qorunması və məhsuldarlığın artırılması məqsədilə innovativ yanaşmalar tətbiq olunur. Tarixən meyvəçiliyin geniş inkişaf etdiyi Naxçıvan torpaqları öz münbitliyi, iqlim xüsusiyyətləri və qədim bağçılıq ənənələri ilə seçilib. Əsrlər boyu burada yetişdirilən müxtəlif meyvə sortları bu ərazinin kənd təsərrüfatında mühüm yer tutub və bu gün də öz əhəmiyyətini qoruyub saxlayır.

Məhz bu zəngin ənənələr yeni layihələrin elmi əsaslarla davam etdirilməsinə dəstək verir. Bu istiqamətdə atılan önəmli addımlardan biri də tingçilik sahələrinin müasir standartlara uyğun yenilənməsi və meyvəçiliyin elmi əsaslarla qurulmasıdır. Bu çərçivədə Naxçıvanda ilk dəfə innovativ üsullarla tingçilik sahələri və kolleksiya meyvə bağı yaradılıb.

Bəs bu işin təşkilində hansı prinsiplər əsas götürülür və gözləntilər nələrdir? Naxçıvan Kənd Təsərrüfatı Elmi–Tədqiqat İnstitutunun direktoru Günel Seyidzadə bizimlə söhbətində bildirdi ki, bu layihənin əsas məqsədi sağlam əkin materialı istehsalını təmin etmək, meyvə bağlarında məhsuldarlığı artırmaq, regionda dayanıqlı ting bazası formalaşdırmaq və elmi-texnoloji yeniliklərin tətbiqini genişləndirməkdir. Təşəbbüs, həmçinin muxtar respublikanın ixrac potensialının daha da yüksəldilməsinə xidmət edir.

Öyrəndik ki, bu layihənin həyata keçirilməsi üçün Naxçıvan şəhəri və Şərur rayonunda müvafiq ərazi ayrılıb. Belə ki, Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun Naxçıvan şəhəri və Şərur Dayaq Məntəqəsində salınan meyvə bağında yüksək məhsuldarlığa malik tinglərin yetişdirilməsinə başlanılıb. Muxtar respublikada intensiv bağçılığın inkişafına xidmət edəcək bu kolleksiya bağında ting materialı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutundan əldə olunub.

Günel Seyidzadənin verdiyi məlumata görə, yeni yaradılmış sahələrdə gilas, badam və şaftalı olmaqla, 21 xarici sort üzrə 1050 ədəd ting və 50 min ədəd calaqaltı əkilib. Həmçinin kolleksiya bağı müasir standartlara uyğun suvarma sistemi ilə təmin olunub ki, bu da bitkilərin sağlam inkişafına və yüksək məhsuldarlığa zəmin yaradır.

Ümumilikdə, 2 hektar ərazini əhatə edən tingçilik sahələri və kolleksiya meyvə bağı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq çərçivəsində yaradılıb. Bu əməkdaşlıq sayəsində sahələrdə elmi yanaşmalar tətbiq olunur, seleksiya işləri gücləndirilir və yerli iqlim şəraitinə uyğun yüksəkkeyfiyyətli tinglərin yetişdirilməsi məqsədilə müasir aqrotexniki tədbirlər həyata keçirilir.

Qeyd edək ki, bu layihə çərçivəsində Naxçıvanın özünəməxsus bağçılıq ənənələrindən geniş istifadə də nəzərdə tutulur.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

İqtisadiyyat