Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə 2026-cı ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini başa çatıb. Torpaq mülkiyyətçiləri 18 min 650 hektarı buğda, 41 min 152,2 hektarı dən üçün arpa olmaqla, 59 min 802,2 hektar sahəyə toxum səpiblər. Səpin proqnozuna əsasən əməl olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Ağalar Mustafayev məlumat verib.
Qurum rəsmisi bildirib ki, kampaniya dövründə sahələrə 11 min tondan çox toxum səpilib. Bunun 6,1 min tonunu sertifikatlaşmış toxum təşkil edib. Səpinlə birlikdə sahələrə 6 min 100 ton şumaltı gübrə verilib. Ümumilikdə, səpin kampaniyasına 381 ədəd şum traktoru, 245 ədəd kotan, 120 ədəd toxumsəpən aqreqat və digər becərmə texnikaları cəlb olunub: “Hazırda taxıl sahələrində zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilir. İndiyədək 8 min 450 hektar sahədə səpsuvar aparılıb”.
Sektor müdiri onu da əlavə edib ki, taxılçılığın inkişaf etdirilməsi məqsədilə fermerlərə dəmyə sahələr üçün hər hektara 200 manat, suvarılan sahələr üçün isə 230 manat əkin subsidiyasının ödənilməsi nəzərdə tutulur.
Xatırladaq ki, ötənilki mövsümdə Şəki rayonunda 59 min 939,1 hektar sahənin məhsulu biçilib, 171 min 262,3 ton taxıl istehsal olunub. Hər hektara görə orta məhsuldarlıq 28,6 sentner təşkil edib. Taxıl istehsalı əvvəlki illə müqayisədə 20 min tona yaxın artıb.

