“Xızı–Abşeron” Külək Elektrik Stansiyası ölkənin enerji potensialını 240 MVt yüksəltdi
Azərbaycanın bərpaolunan enerji siyasətinin əsasında Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ilin fevralında qəbul edilən “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” sənədi dayanır. 5 Milli Prioritetdən biri olan “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioriteti qarşıya yeni hədəflər qoyur.
Bu sənəd ölkənin “yaşıl enerji” sahəsində uzunmüddətli inkişaf yolunu müəyyən edir və enerji sektorunda aparılan islahatlara aydın istiqamət verir. Qlobal iqlim çağırışları fonunda Azərbaycan enerji siyasətini yeni tələblərə uyğun şəkildə qurur. Ətraf mühitin qorunması, təbii resurslardan səmərəli istifadə və dayanıqlı iqtisadi artım bu yanaşmanın əsas dayaqları sırasında yer alır.
Azərbaycan bərpaolunan enerji ehtiyatları baxımından geniş imkanlara malik ölkə kimi tanınır. Aparılan araşdırmalar göstərir ki, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur. Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Bu göstəricilər region üçün ciddi enerji potensialı deməkdir.
Bu imkanlar enerji təhlükəsizliyinin möhkəmlənməsinə, ixrac imkanlarının genişlənməsinə və daxili tələbatın daha səmərəli ödənilməsinə şərait yaradır. Eyni zamanda, bərpaolunan enerji mənbələrinin artması ətraf mühitə yükün azalmasına mühüm təsir göstərir. Azərbaycanın “yaşıl enerji” gündəliyi bu baxımdan həm iqtisadi, həm də ekoloji məqsədlərə xidmət edir. Son illərdə bu sahədə beynəlxalq əməkdaşlıq da genişlənir. Aparıcı xarici şirkətlər ölkəmizin enerji bazarına maraq göstərir və iri layihələrə sərmayə yatırır.
Yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi, Prezident İlham Əliyevin tədbirdə çıxışı bir daha qarşıya qoyulan hədəflərə doğru əmin addımlar atıldığını göstərir. Dövlət başçısı bildirib ki, Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi, inkişafı son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edilmişdir: “Demək olar ki, son 20 il ərzində bizim enerji sistemimiz, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənmişdir”.
Qeyd edək ki, bu stansiya Azərbaycanın “yaşıl enerji” xəritəsində mühüm yer tutur. Bu stansiya sayəsində ənənəvi enerji mənbələrinə düşən yük azalacaq. Atmosferə atılan zərərli tullantıların həcmi də aşağı düşəcək.
Sözügedən stansiyasının investor tərəfdaşı bərpaolunan enerji sahəsində qlobal miqyasda tanınan Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətidir. Bu layihə şirkətin Azərbaycanda həyata keçirdiyi ilk təşəbbüsdür. Eyni zamanda, bu əməkdaşlıq uzunmüddətli yanaşmanın başlanğıcı hesab olunur. Dövlət başçısı vurğulayıb ki, şirkətin daha böyük planları var və Azərbaycan dövləti bu planları tam dəstəkləyir.
Stansiyanın tikinti prosesində baş podratçı funksiyasını “Power China” şirkəti yerinə yetirib. Şirkət bu layihədə texniki tərəfdaş kimi çıxış edib. Gələcək mərhələlərdə “Power China”nın Azərbaycanda icra olunacaq digər enerji layihələrində, o cümlədən sərmayədar qismində iştirakı da nəzərdə tutulur. Bu əməkdaşlıq beynəlxalq enerji təcrübəsinin ölkəmizə gətirilməsinə imkan yaradır.
Qeyd etmək yerinə düşər ki, “Xızı-Abşeron” Külək Elektrik Stansiyasından öncə, 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən 230 meqavat gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası istismara verilib. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda günəş enerjisi layihələri həyata keçirilir. Hazırda burada inşa edilən 3 Günəş Elektrik Stansiyasının ümumi gücü 340 meqavata bərabərdir.
Görülən işlər onu deməyə əsas verir ki, Azərbaycanda enerji sisteminin yenilənməsi və inkişafı əsas istiqamətlərdən biri kimi müəyyənləşib. Təxminən 20 il ərzində generasiya gücləri, iri yarımstansiyalar və elektrik ötürücü xətlər mərhələli şəkildə tamamilə müasir tələblərə uyğunlaşdırılıb. Bu dövrdə yaradılan generasiya imkanları əvvəlki mərhələlərlə müqayisədə təqribən 3 dəfə artıb. Hazırda ölkənin ümumi generasiya gücü 10 min meqavata bərabərdir və bu göstərici enerji sektorunun inkişaf tarixində ən yüksək nəticədir.
Azərbaycan ənənəvi enerji resurslarını həm daxili tələbatın ödənilməsində, həm də ixrac imkanlarının genişləndirilməsində səmərəli şəkildə istifadə edir. Bu istiqamətdə atılan mühüm addımlardan biri 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi üzrə strateji tərəfdaşlıq sazişinin imzalanması olub. Sözügedən sənəd ölkəmizin bu sahədə mövcud potensialının həyata keçirilməsinə və beynəlxalq enerji bazarındakı mövqeyinin daha da möhkəmlənməsinə imkan yaradır.
Yeri gəlmişkən, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin Dünya İqtisadi Forumunun saytında dərc olunmuş məqaləsində bu barədə deyilir: “Azərbaycan fəal şəkildə üç böyük "yaşıl enerji" dəhlizi formalaşdırır – Xəzər dənizi–Qara dəniz–Avropa, Azərbaycan–Türkiyə–Avropa və Mərkəzi Asiya–Azərbaycan–Avropa”. Onun sözlərinə görə, Buxarestdə imzalanmış Saziş Avropaya "yaşıl enerji" dəhlizinin formalaşdırılması istiqamətində atılan mühüm addım olub.
SOCAR rəhbəri bildirib ki, ümumilikdə üç "yaşıl enerji" dəhlizi 10 QVt-a qədər bərpa olunan elektrik enerjisi ötürə biləcək ki, bu da Azərbaycanın gələcəkdə sərhədlərarası təmiz enerji ötürmə qovşağı kimi rolunu möhkəmləndirəcək.
Musa BAĞIRLI
XQ

