Azərbaycanın rəqəmsal inkişaf hədəfləri

post-img

Azərbaycan regionun süni intellekt mərkəzi funksiyasını yerinə yetirən dövlətə çevrilə bilər. Prezident İlham Əliyevin "Gülüstan" sarayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində növbəti dəfə süni intellekt məsələsinə toxunması heç də təsadüfi deyil.

Ölkə başçısı bildirdi ki, Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq: “Mən buna şübhə etmirəm. Ona görə xarici investorları həm bu sahəyə, həm də böyük həcmdə elektrik enerjisi tələb edən digər sahələrə dəvət edirəm. Xüsusilə süni intellekt, data mərkəzlərinin yaradılması və böyük enerji gücünə tələbat olan digər sahələrə investisiya qoymağa dəvət edirəm. O cümlədən Azərbaycan şirkətlərini də”.

Ona görə ki, mövcud zaman kəsiyində supergüclərin rəqabət meydanı artıq yeni texnoloji komponentlər üzrədir. Bu səbəbdən, Azərbaycanın Cənubi Qafqazda süni intellekt baxımından müasir dövrün çağırışlarına cavab verən mərkəzə çevrilməsi əsas hədəf kimi müəyyənləşib.

İlk olaraq, 2025–2028-ci illər üçün Azərbaycan Respublikasının Süni İntellekt Strategiyası ötən il martın 19-da Prezident İlham Əliyev tərəfindən təsdiqləndi. Strategiyanın dörd əsas məqsədi – iqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsi, süni intellekt tətbiqi üçün əlverişli mühitin yaradılması, kadr potensialının formalaşdırılması və Sİ-nin faydalarının bütün cəmiyyət üçün təbliği bu gün də aktiv fazada özünü doğruldur. Digər tərəfdən, Prezident İlham Əliyevin təsdiqlədiyi “Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”da ilk dəfə olaraq Generativ Süni İntellektin (GenAİ) iqtisadiyyata verə biləcəyi real təsir konkret rəqəmlərlə müəyyənləşdirilib. Bu, ölkənin iqtisadi modelinin dəyişməsi, məhsuldarlıq artımı və yeni yüksək dəyər yaradan sahələrin formalaşması deməkdir. Strategiyaya əsasən, 2029-cu ilə qədər Azərbaycanda GenAİ-dən istifadə halları vasitəsilə yaradılan iqtisadi təsirin 70 milyon manata çatdırılması planlaşdırılır. Bu hədəflər Azərbaycanın Sİ-yə dair uzunmüddətli baxışını ifadə edir.

Təhsil sahəsində yeni müəssisələr istifadəyə verilib. Bakı Dövlət Universitetində, ADA Universitetində və digər ali məktəblərdə Süni İntellekt Araşdırma Mərkəzləri fəaliyyətə başlayıb. 2025-ci ilin sentyabrında yaradılmış “AI Academy” tədris mərkəzi xüsusi qeyd olunmalıdır. Azərbaycan gələcək Sİ mühəndislərini yetişdirməyi hədəfləyir. Burada təlimlər MIT, Stanford, Harvard, Carnegie Mellon kimi nüfuzlu universitetlərin mütəxəssisləri ilə əməkdaşlıq əsasında həyata keçirilir. Akademiyada nümayiş etdirilən milli dil modeli – 10 milyard token və milyonlarla sintetik verilənə əsaslanan prototip – ölkədə suveren Sİ imkanlarının qurulmasının mühüm istiqamətlərindən biridir.

“Holberton Azərbaycan” proqramı da mühüm təşəbbüsdür. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Technest” təqaüd proqramı çərçivəsində yaradılan bu məktəb PASHA Holding sponsorluğu ilə Amerikadakı Holberton School təhsil modelini Azərbaycana gətirir. Layihə 18 yaşdan yuxarı gənclərə 9 ay ərzində komanda şəklində proqramlaşdırma və maşın öyrənməsi üzrə təməl biliklər aşılayır. 60 iştirakçıya tam təqaüdlü təhsil imkanı verilir, nəticədə, məzunlar proqram təminatı mühəndisi kimi çalışa bilirlər.

Bundan başqa, Rəqəmsal İnkişaf Nazirliyinin dəstəyilə milli superkompüter yaradılıb. Böyük həcmli verilənlərin emalı və qabaqcıl Sİ modellərinin hazırlanması üçün vacib bazadır. Məhz bu hesablama gücü Azərbaycana yüksək texnologiyalı xidmətlər, məsələn, süni intellektə əsaslanan analitik platformaların qurulması imkanı verəcək.

Ötən ilin sonlarında Azərbaycanın süni intellekt sahəsində nəhəng şirkətlərlə görüşü diqqət çəkdi. Azərbaycan rəqəmsal iqtisadiyyatını genişləndirmək üçün dünya liderləri ilə dialoqa çıxıb. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-a səfəri zamanı NVIDIA, AMD, Google, Intel və AWS kimi nəhəng şirkətlərin rəhbər şəxsləri ilə görüşüb. Bu görüşlərdən əldə olunan razılaşmalar ölkənin süni intellekt ekosisteminə yeni imkanlar gətirəcək.

NVIDIA ilə əməkdaşlıq çərçivəsində ölkədə “suveren” milli Sİ platformalarının yaradılması və dövlət xidmətlərinin yüksək hesablama gücü ilə modernizasiyası məsələləri müzakirə olunub. NVIDIA texnologiyalarının strateji tətbiqi və startapların dəstəklənməsi barədə birgə təşəbbüslər nəzərdə tutulur. Belə addımlar Azərbaycanda özəl Sİ inkişafına mühüm təkan verə və yeni innovasiya mərkəzlərinin formalaşmasına xidmət edəcək.

Bu görüşlər nəticəsində yaradılacaq imkanlar: milli Sİ ekosistemi üçün texniki bazanın qurulması (bulud hesablama, superkompüterlər və laboratoriyalar), ixtisasartırma proqramları, birgə tədqiqat layihələri və strategiya investisiyalarıdır. Xüsusilə, Azərbaycan öz infrastrukturunu beynəlxalq standartlara uyğunlaşdıraraq region üçün məlumat mərkəzi rolunu gücləndirə və xarici sərmayə üçün cəlbedici sahələr (data mərkəzləri, Sİ-tədqiqat) yarada bilər.

Prezident İlham Əliyevin imzaladığı süni intellekt strategiyası ölkədə Sİ-nin inkişafına sistemli yanaşmanı təmin edir. Qeyd etdiyimiz kimi, strategiya sənədində əsas məqsədlər iqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsi, əlverişli mühitin yaradılması, kadr hazırlığı, cəmiyyət üçün faydaların təşviqidir.

Strategiya çərçivəsində bu hədəflərin həyata keçirilməsi üçün məsuliyyətlər Prezident yanında İnnovasiyalar üzrə Dövlət Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər dövlət qurumlarına tapşırılıb. Məlumat təhlükəsizliyi baxımından Prezidentin sərəncamına əsasən hər bir dövlət orqanında Sİ tətbiqinin təhlükələrinə dair analiz aparılır. Strategiyanın icrasını İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (CAERC) nəzarətdə saxlayır.

Qanuni və etik çərçivənin formalaşdırılması da strategiyada xüsusi yer tutur. Artıq 2025-ci ilin sonunda Prezidentin sərəncamı ilə Sİ-nin hüquqi tənzimlənməsi sahəsində sənəd təsdiq edilib. Beləliklə, 2027-ci ilə qədər süni intellektin inkişafına dair milli qanun layihələri hazırlanacaq və beynəlxalq standartlarla uzlaşdırılacaq.

Nəticə etibarilə, Azərbaycanın 2025–2028-ci illərdə Sİ strategiyasının hədəfi ölkəni regional rəqəmsal mərkəzə çevirmək hədəfini daşıyır. Bu, həm genişmiqyaslı infrastruktur layihələri, həm də insan kapitalına sərmayə ilə dəstəklənir. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmiz artıq 300 milyard dollardan çox xarici investisiya cəlb edib və beynəlxalq reytinqlərdə mövqelərini möhkəmləndirib. Süni intellekt sahəsində aparılan islahatlar və qurulan şərait də reytinq agentlikləri və investorlarda Azərbaycanın gələcəyə sığortalı olduğu təəssüratı yaradır.

Elvin ABBASOV,
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası idarə heyətinin sədri

Bir məqamı qeyd edim ki, Azərbaycanın "Government AI Readiness Index 2025" hesabatındakı mövqeyi ilə ölkənin yeni enerji strategiyası arasındakı məntiqi vəhdət, milli iqtisadiyyatın resurs mərkəzli modeldən intellektual mərkəzli modelə keçidini əks etdirən strateji bir arxitektura kimi dəyərləndirilə bilər. Bir il ərzində süni intellektə hazırlıq reytinqində 111-ci pillədən 70-ci pilləyə yüksəlmə, dövlət idarəçiliyində rəqəmsal beyin infrastrukturunun qurulduğunu göstərir. Paralel olaraq, 2030–2040-cı illər perspektivində hədəflənən 20–40 giqavatlıq enerji gücü bu rəqəmsal strukturun fiziki dayaqlarını formalaşdırır. Enerjini sadəcə xətlərlə ixrac olunan bir xammal deyil, daxildə data mərkəzlərini və süni intellekt alqoritmlərini hərəkətə gətirən "yanacaq" kimi istifadə etmək, xətti gəlirləri eksponensial əlavə dəyərlə əvəzləmək imkanı yaradır.

Cənubi Qafqazın regional mənzərəsində bu vəhdət Azərbaycanı fərqli bir rəqabət müstəvisinə çıxarır. Hazırlıq indeksində Azərbaycanın 70-ci yerlə liderliyi, Gürcüstanın (84-cü yer) idarəetməyönümlü durğunluğu və Ermənistanın (108-ci yer) infrastruktur çatışmazlığı fonunda ölkəmizin həm "beyin", həm də "güc" faktorlarını eyni vaxtda idarə etdiyini təsdiqləyir. Gürcüstanın yaşıl enerji potensialı mövcud olsa da, enerji müstəqilliyinin olmaması və qış aylarında idxaldan asılılığı onu irimiqyaslı data mərkəzləri üçün riskli edir. Ermənistan isə enerji asılılığı və köhnəlmiş infrastruktur səbəbindən süni intellektin tələb etdiyi nəhəng hesablama güclərini təmin edə biləcək bazadan məhrumdur. Azərbaycan isə enerjini ixrac edən tərəf kimi, daxildəki texnoloji mərkəzlər üçün ən aşağı maya dəyəri və kəsintisiz təhlükəsizlik zəmanəti verə bilir.

Beynəlxalq texnologiya nəhənglərinin (Google, Microsoft, Amazon) "karbon neytral" olmaq öhdəliyi, Azərbaycanın bərpaolunan enerji strategiyasını birbaşa texnoloji investisiya maqnitinə çevirir. "Təmiz enerji" təkcə ekoloji faktor deyil, qlobal texnologiya mərkəzlərinin yer seçimi üçün əsas giriş biletidir. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda yaratdığı "Yaşıl Enerji Zonası", ölkəni regionun ən cəlbedici "Yaşıl Data Hab"ına (Məlumat Mərkəzi) çevirmək potensialına malikdir. Bu, Azərbaycanın təkcə regional deyil, qlobal rəqəmsal ipək yolunda mərkəzi qovşaq olmasını təmin edən fundamental üstünlükdür.

Yekun analiz göstərir ki, rəqəmsal hazırlıq indeksindəki artım və enerji şəbəkəsinin genişlənməsi bir-birini tamamlayan iki əsas mexanizmdir. Enerji müstəqilliyi Azərbaycana süni intellekt sahəsində strateji manevr imkanı verir. Ölkə artıq dünyaya sadəcə enerji deyil, həmin enerji ilə emal olunmuş "Hesablama Gücü" və "Bulud Həlləri" təklif edən intellektual bir güc mərkəzi kimi çıxış edir. Bu vəhdət, Azərbaycanın Cənubi Qafqazda tranzit ölkədən "istehsalçı və tənzimləyici rəqəmsal qovşaq" statusuna keçidini şərtləndirən ən güclü arqumentdir.

Nurlan ABDALOV
XQ



İqtisadiyyat