Amerika Birləşmiş Ştatları ilə iqtisadi tərəfdaşlığın hədəfləri

post-img

ABŞ Ticarət Palatası, ABŞ Dövlət Departamenti və Ticarət Nazirliyi ilə birlikdə ilk dəfə Azərbaycana ikitərəfli biznes missiyası təşkil edir. Palatanın məlumatına görə, missiya fevralın 9–10-da Bakıda reallaşacaq. 2 günlük səfər çərçivəsində yüksək səviyyəli nümayəndə heyəti ABŞ şirkətlərinə Azərbaycan dövlət orqanları, dövlət şirkətləri və özəl sektorun aparıcı oyunçuları ilə birbaşa əlaqə qurmaq imkanı yaradacaq.

Bildirilir ki, əsas diqqət energetika və rəqəmsal transformasiya, müdafiə və nəqliyyat, kənd təsərrüfatı və səhiyyə, maliyyə və investisiyalar üzərində cəmləşəcək. Missiyanın proqramında Prezident Administrasiyası və Nazirlər Kabineti, müvafiq nazirliklər, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Dövlət Neft Fondu, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), “PAŞA Holdinq” MMC, Azərbaycan Amerika Ticarət Palatası (“AmCham”), həmçinin digər dövlət və özəl qurumların nümayəndələri ilə görüşlər nəzərdə tutulub.

Prezident İlham Əliyevin ötən il avqust ayında ABŞ-a tarixi səfəri iki ölkə arasındakı münasibəti daha da istiləşdirib. 8 avqust 2025-ci il tarixli Anlaşma Memorandumunun imzalanmasından sonra Azərbaycan–ABŞ iqtisadi münasibətləri strateji investisiyalar və regional əməkdaşlıq baxımından keyfiyyətcə yeni müstəviyə qədəm qoyub. Əməkdaşlıq enerji və ticarət sahələri ilə yanaşı, tranzit marşrutları, regional infrastruktur layihələri, eləcə də süni intellekt və rəqəmsal infrastruktur istiqamətlərini əhatə edir. Həmçinin dövlət başçısının ABŞ-a səfəri çərçivəsində SOCAR ilə ExxonMobil arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanması mövcud tərəfdaşlığı möhkəmləndirib.

Yeri gəlmişkən, Azərbaycan ilə ABŞ arasında iqtisadi münasibətlər ikitərəfli tərəfdaşlığın əsas sütunlarından biridir. Bu əməkdaşlıq tarixən enerji və ticarət sahələrində formalaşmış ortaq strateji maraqlara söykənir. Məlum olduğu kimi, ABŞ şirkətlərinin ölkənin neft-qaz sənayesinin inkişafında fəal iştirakı bu əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayıb. ABŞ həm “Əsrin müqavilə”sində, həm də Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Azərbaycana dəstək göstərib.

ABŞ şirkətlərinin Azərbaycan üzrə enerji layihələrində, o cümlədən Azəri–Çıraq–Günəşli yataqları ilə bağlı təşəbbüslərdə iştirakını davam etdirməsi bu strateji tərəfdaşlığın uzunmüddətli xarakter daşıdığını təsdiqləyir. Hazırkı ABŞ Prezidenti Donald Tramp hələ ilk prezidentliyi dövründə Cənub Qaz Dəhlizinə siyasi və diplomatik dəstək göstərərək bu layihənin Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyətini açıq şəkildə vurğulamışdı.

ABŞ-ın regionda ən böyük ticarət tərəfdaşı Azərbaycandır. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 570,1 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə idxalın həcmi 479,8 milyon dollar, ixracın həcmi isə 90,3 milyon dollar olub. 2023-cü ildə isə idxal 888,1 milyon dollara çatıb. İxrac isə 16 milyon dollar səviyyəsində qeydə alınıb.

Nəticədə, ticarət dövriyyəsinin ümumi həcmi 904,1 milyon ABŞ dolları təşkil edib. 2024-cü ildə isə ticarət əlaqələrində əhəmiyyətli artım müşahidə olunub. Belə ki, idxal 1 milyard 617,93 milyon dollara, ixrac 135,03 milyon dollara yüksəlib. Bu da iki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard 752,96 milyon ABŞ dollarına çatmasına şərait yaradıb. 2025-ci ildə ticarət dövriyyəsi 1 milyard 556 milyon dollar olub.

Azərbaycanın ABŞ bazarına ixrac etdiyi məhsul çeşidinə xam neftlə yanaşı, təbii meyvə şirələri və mürəbbələr, xalça və tekstil məmulatları, dərman və ətir sənayesində istifadə olunan bitkilər, şərab məhsulları, müxtəlif avadanlıqlar və mexaniki qurğular, kimyəvi məhsullar, eləcə də radio və radar texnologiyaları daxildir. Eyni zamanda, Azərbaycan ABŞ-dan əsasən sənaye və yüksək texnologiya tutumlu məhsullar idxal edir. Bunlara maşın və avadanlıqlar, mülki təyyarələr, onların mühərrikləri və ehtiyat hissələri, avtomobillər, dərman preparatları, tibbi avadanlıqlar, kimyəvi məhsullar, istehlak malları və enerji ilə bağlı məhsullar aiddir.

ABŞ ölkəmizdə sərmayə həcminə görə ikinci aparıcı investor mövqeyindədir. Hazırda Azərbaycanda ABŞ kapitallı 200-dən çox şirkət fəaliyyət göstərir ki, bu da iqtisadi əməkdaşlığın miqyasını aydın şəkildə göstərir.

ABŞ – Azərbaycan Ticarət Palatası və Azərbaycandakı Amerika Ticarət Palatası kimi qurumlar iki ölkə arasında davamlı biznes münasibətlərinin formalaşmasına töhfə verən əsas institusional mexanizmlərdən biri kimi çıxış edir. Bu təşkilatlar ticarət missiyalarının təşkili, konfrans və biznes forumlarının keçirilməsi, eləcə də dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma funksiyasını yerinə yetirir.

Bu günlərdə Davosda keçirilən Dünya İqtisadi Forumu Azərbaycan-ABŞ münasibətləri baxımından uğurlu olub. Prezident İlham Əliyevin yanvarın 20-də Davosda “BlackRock” şirkətinin baş icraçı direktoru Larri Fink və “Global Infrastructure Partners” şirkətinin təsisçisi və icraçı direktoru Adebayo Oqunlesi ilə görüşü xüsusi əhəmiyyət daşıyıb. “BlackRock” baş ofisi Nyu-York şəhərində yerləşən ABŞ-ın qlobal investisiyaların idarəedilməsi şirkətidir.

Görüşün əsas nəticəsi ARDNF ilə “BlackRock” arasında uzunmüddətli əməkdaşlıq niyyətlərini əks etdirən protokolun imzalanması olub. Sənəd strateji tərəfdaşlığın qurulmasını və birgə investisiya layihələri üzrə 1,5 milyard ABŞ dollarınadək kapital qoyuluşu imkanlarının araşdırılmasını nəzərdə tutur. Bu əməkdaşlıq iqtisadi səmərə ilə yanaşı, Azərbaycanın beynəlxalq investisiya mühitində mövqeyinin möhkəmlənməsinə və siyasi-diplomatik çəkisinin artmasına xidmət edir.

Xatırladaq ki, yanvarın 22-də Davosda Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə görüşü xüsusi önəm kəsb edir. Donald Tramp Dünya İqtisadi Forumunda nadir ölkə rəhbərləri ilə görüş keçirib ki, bunlardan biri də məhz Azərbaycan lideri olub. Söhbət zamanı dövlət başçıları ikitərəfli əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların münasibətlərin dərinləşdirilməsində rolunu qeyd ediblər.

Musa BAĞIRLI
XQ

İqtisadiyyat