İxracyönümlü istehsalın yeni ünvanları

post-img

Sumqayıt Sənaye Parkının növbəti məhsulları

Azərbaycanda qeyri-neft sənayesinin gücləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Bu çərçivədə ölkənin mövcud təbii və iqtisadi potensialından daha səmərəli istifadə olunması, innovativ həllərin və qabaqcıl texnologiyaların sənaye istehsalına inteqrasiyası, yeni sənaye sahələrinin yaradılması və rəqabətədavamlı məhsul buraxılışının genişləndirilməsi məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. 

Dövlət başçısı yanvarın 27-də Sumqayıt Sənaye Parkında olması da məhz bu strategiyanın davamıdır. Ölkə başçısı burada “Azermirror” MMC-nin güzgü vərəqələrin istehsalı zavodunun və “Bakı Karton və Qutu Fabriki” MMC-nin karton və qutu taralarının istehsalı müəssisəsinin açılışında iştirak edib, eləcə də “Nun” MMC-nin polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyub.

Qeyd edək ki, ümumi sahəsi 640 hektar olan Sumqayıt Sənaye Parkında hazırda 40 rezident fəaliyyət göstərir, layihələrin ümumi dəyəri 6,7 milyard manat, faktiki investisiya həcmi isə 5,5 milyard manat təşkil edir. Layihələr çərçivəsində 8800-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Faktiki olaraq 6135 nəfər işlə təmin edilib. Rezidentlərin ümumi satış həcmi 15,4 milyard manata çatıb ki, bunun da 5,7 milyard manatı ixracın payına düşür.

Sənaye zonaları dedikdə, sənaye parkları və sənaye məhəllələri nəzərdə tutulur. Bu ərazilər xüsusi hüquqi və inzibati rejim əsasında fəaliyyət göstərir və investorlar üçün əlverişli biznes mühitinin yaradılmasını qarşıya məqsəd olaraq qoyur. Burada əsas prioritetlərdən biri istehsal proseslərinin mərkəzləşdirilməsi, infrastruktur problemlərinin aradan qaldırılması və sahibkarların operativ fəaliyyətinə şəraitin təmin olunmasıdır. Bu proseslərin əlaqələndirilməsi və vahid idarəetməsi İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən həyata keçirilir.

Qanunvericiliyin tələblərinə uyğun olaraq sənaye parklarında sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə geniş stimullaşdırıcı tədbirlər paketi tətbiq olunur. Bu tədbirlər, ilk növbədə, vergi və gömrük sahəsini əhatə edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən azad edilirlər. 

Eyni zamanda, istehsal məqsədilə idxal edilən texnika, texnoloji avadanlıqlar və qurğular üzrə ƏDV tutulmur, həmçinin bu malların idxalı zamanı 10 il müddətinə gömrük rüsumları tətbiq edilmir. Qeyd edək ki, gömrük rüsumlarından azadolma müddətinin 10 ilə çatdırılması 30 dekabr 2022-ci ildə “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişiklik əsasında 1 yanvar 2023-cü ildən qüvvəyə minib, əvvəlki illərdə bu müddət 7 il təşkil edirdi.

Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün əlavə stimullaşdırıcı tədbirlər də nəzərdə tutulub. Belə ki, bu ərazilərdə layihə həyata keçirən sahibkarlara 90 faizə qədər dövlət zəmanəti və 10 faiz subsidiya ilə xüsusi güzəştli bank kreditləri təqdim olunur. Eyni zamanda, kommunal ödənişlər üzrə 20 faiz kəşbək tətbiq edilir, dividend gəlirləri vergidən azad edilir, sosial sığorta ödənişləri üzrə dövlət subsidiyası verilir, mənfəətin və kapitalın repatriasiyası isə tam şəkildə vergidən azad olunur. Bundan başqa, Nazirlər Kabinetinin müəyyən etdiyi siyahıya uyğun olaraq xammal idxalı zamanı gömrük və ƏDV güzəştləri də tətbiq edilir.

Bütün bu stimullaşdırıcı mexanizmlər sənaye parklarında və işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin genişlənməsinə, investisiya cəlbediciliyinin artmasına və dayanıqlı iqtisadi inkişafın təmin olunmasına xidmət edir.

Hazırda ölkəmizdə mövcud sənaye zonalarında 104 müəssisə istehsal fəaliyyətinə başlayıb. İndiyədək sənaye zonalarına 7 milyard manatdan çox investisiya yatırılıb və 11 mindən artıq daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə 1,74 milyard manata yaxın investisiyanın cəlb edilməsi nəzərdə tutulur. Sənaye zonalarında indiyədək, ümumilikdə 19,4 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 6,1 milyard manatlıq hissəsi ixrac olunub. Hazırda bu zonalarda istehsal edilən məhsullar dünyanın 70 ölkəsinə ixrac edilir.

2025-ci ilin ilin birinci yarısında sənaye zonalarında 1,83 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 583,5 milyonluq hissəsi ixracın payına düşür.  Bu göstərici ilə sənaye zonalarının qeyri-neft sənayesi məhsullarının istehsalında xüsusi çəkisi 18,7 faiz, qeyri-neft sənayesi məhsullarının ixracında isə 28,3 faiz olub.  Sənaye zonaları üzrə məhsul satışı 2024-cü ilin eyni dövrünə nisbətən 28,7 faiz, ixracı 22,4 faiz artıb. Sənaye zonalarında istehsal edilən polimerlər, karbamid, polad və polietilen borular, tütün məmulatları, divar kağızları, müxtəlif təyinatlı ayaqqabılar, sürtkü yağları, ferroərintilər, müxtəlif növdə kabellər, şüşə lövhələr, tikinti kimyəviləri, ipliklər, elektrod və s. məhsullar Türkiyə, ABŞ, Kanada, Çin, Hindistan, İngiltərə, Almaniya, BƏƏ, Yunanıstan, İsrail, Avstriya, Norveç, Çexiya, İspaniya, Belçika və s. ölkələr daxil olmaqla ümumilikdə dünyanın 70-dən artıq ölkəsinə “Made In Azerbaijan” brendi adı altında ixrac olunub.

Hazırda ölkədə Sumqayıt, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Hacıqabul, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” daxil olmaqla 8 sənaye parkı fəaliyyət göstərir. Bununla yanaşı, Naxçıvan Sənaye Parkının, eləcə də Gəncə şəhəri və Şəmkir rayonu ərazisində yeni Qərb Sənaye Parkının yaradılması istiqamətində işlər aparılır. Eyni zamanda, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri də istehsal və sahibkarlıq fəaliyyətinin inkişafına mühüm töhfə verir.

Xatırladaq ki, yanvarın 15-də Qərb Sənaye Parkının yaradılması haqqında Prezident İlham Əliyev fərman imzalayıb. Qərb Sənaye Parkı Gəncə şəhəri və Şəmkir rayonu ərazisində fəaliyyət göstərəcək. 

Sənaye zonaları Azərbaycanın uzunmüddətli inkişaf strategiyasında sistemli rol oynayır. Onlar iqtisadiyyatın şaxələndirilməsi, sənaye potensialının genişləndirilməsi və dayanıqlı istehsal zəncirlərinin formalaşdırılması baxımından vacib mexanizm hesab olunur. Xüsusilə qlobal iqtisadi dəyişikliklər fonunda sənaye zonalarının mövcudluğu ölkə iqtisadiyyatının çevikliyini və davamlılığını artırır.

Musa BAĞIRLI 
XQ

 

İqtisadiyyat