Azərbaycanın təmiz enerji coğrafiyası genişlənir
Azərbaycan enerji tarixinin yeni mərhələsinə qədəm qoyur. Bu mərhələ neft və qazın yaratdığı iqtisadi gücün alternativ mənbələrlə tamamlandığı, ölkənin enerji xəritəsinin “yaşıl” çalarlarla zənginləşdiyi bir dövrü ifadə edir. Energetika Nazirliyində keçirilən son görüş də məhz bu strateji xəttin davamı kimi diqqət çəkir. Dövlət qurumları və özəl sektor nümayəndələrinin iştirak etdikləri müzakirələr Naxçıvanın “yaşıl enerji zonası” kimi formalaşdırılması istiqamətində atılan addımların artıq real layihələr mərhələsinə keçdiyini göstərir.
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji baxışa uyğun olaraq Naxçıvan Muxtar Respublikası alternativ enerji istehsalının əsas mərkəzlərindən birinə çevrilir. Bu gün artıq Muxtar Respublikada bərpaolunan enerji mənbələrinin payı quraşdırılmış gücdə 44 faiz, faktiki istehsalda isə 36,4 faiz təşkil edir. Bu göstəricilər region üçün mühüm nailiyyət olmaqla yanaşı, Azərbaycanın ümumi enerji keçidi strategiyasının praktik nəticəsidir.
Xüsusilə 50 meqavat gücündə iki Günəş elektrik stansiyasının – “Şəms 1” və “Qərbi Üfüq” layihələrinin icrası “yaşıl inkişaf” modelinin institusional əsaslarını gücləndirir. Ümumi investisiya dəyəri 60 milyon manatdan artıq olan bu layihələr dövlət və özəl sektor tərəfdaşlığının uğurlu nümunəsi kimi dəyərləndirilir. İmzalanmış investisiya, enerji alqı-satqı və şəbəkəyə qoşulma müqavilələri göstərir ki, Azərbaycan “yaşıl enerji”ni sadəcə ekoloji təşəbbüs kimi deyil, iqtisadi və geosiyasi alət kimi nəzərdən keçirir.
Layihələrin reallaşması nəticəsində illik 122 milyon kilovat-saat elektrik enerjisi istehsalı gözlənilir. Bu isə 26 milyon kubmetr təbii qaza qənaət deməkdir. Daha da əhəmiyyətlisi, 57 min ton karbon emissiyasının azalması Azərbaycanın iqlim öhdəliklərinə sadiqliyinin praktik təsdiqidir. Qlobal enerji keçidinin sürətləndiyi bir dövrdə bu rəqəmlər ölkənin beynəlxalq enerji gündəliyində mövqeyini möhkəmləndirir. Bununla yanaşı, Zəngəzur dəhlizinin enerji komponenti üzrə aparılan işlər, sistemlərin birləşdirilməsi və gələcəkdə elektrik enerjisinin qonşu ölkələrə, perspektivdə isə Avropaya ötürülməsi imkanları Azərbaycanın regional enerji xəritəsində rolunu genişləndirir.
“Yaşıl enerji” siyasəti artıq ölkənin beynəlxalq əməkdaşlıq gündəliyinin mühüm istiqamətinə çevrilib. Müxtəlif xarici şirkətlərin, o cümlədən enerji sahəsində təcrübəyə malik investorların Naxçıvan layihələrinə cəlb olunması Azərbaycanın açıq və şəffaf investisiya mühitinin göstəricisidir. Dövlət və özəl sektorun sinerjisi nəticəsində formalaşan bu model gələcəkdə külək, hidro və digər alternativ enerji layihələrinin də genişlənməsinə zəmin yaradır.
Azərbaycanın “yaşıl enerji” potensialı artıq statistik rəqəmlərdən ibarət deyil. Bu potensial müqavilələrdə, inşa olunan stansiyalarda, azalan emissiyalarda və qənaət edilən qaz həcmlərində öz əksini tapır. Naxçıvan isə bu yeni enerji fəlsəfəsinin laboratoriyasına çevrilir. Burada atılan addımlar gələcəkdə ölkənin digər regionlarında da tətbiq olunacaq modelin əsasını formalaşdırır.
Yeri gəlmişkən, 2027-ci ilədək ümumi gücü 2 qiqavatdan çox olan “yaşıl enerji” layihələrinin reallaşdırılması nəzərdə tutulur. Bu layihələr arasında yerli və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən külək və günəş stansiyaları xüsusi əhəmiyyət daşıyır. 230 MVt gücündə “Qaradağ” GES 2023-cü ilin 26 oktyabr tarixində BƏƏ-nin “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində pilot layhə kimi istismara verilib. 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilmiş stansiyada hər il təqribi 500 milyon kVt/st elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət edilir. 200 min ton həcmində karbon emissiyasının atmosferə atılmasının qarşısı alınır.
100 MVt gücündə “Qobustan” GES layihəsi 2024-cü ildə təşkil edilmiş hərracda qalib gələn Çinin “Universal International Holdings Limited” şirkəti tərəfindən reallaşdırılır. Stansiyada hər il təxminən 260 milyon kVt/st elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 57 milyon m3 həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 124 min ton azaltmağa imkan verəcəkdir.
Masdar şirkəti tərəfindən icra olunan “Meqa” layihə çərçivəsində 445 MVt gücündə GES Biləsuvar rayonunda, 315 MVt gücündə GES Neftçala rayonunda, 240 MVt gücündə KES Abşeron və Qaradağ rayonlarında tikilir. 2025-ci ilin 2 oktyabr tarixində “Biləsuvar” GES-də ilk günəş paneli quraşdırılıb.
2024-cü ilin 29 iyul tarixində Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində Böyükşor gölündə 100 kVt gücə malik fotovoltaik sistemin açılış mərasimi keçirilib. Eksperimental qurğu ölkədə su hövzəsi üzərində istismara verilən ilk günəş elektrik stansiyasıdır.
İşğaldan azad edilmiş ərazilərdə 1500-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 5 MVt-dan çox olan günəş panelləri quraşdırılıb və proses məskunlaşma planlarına uyğun davam etdirilir. Bu ərazilərdə 307 MVt gücündə 38 su elektrik stansiyası istismar olunur. “Şəfəq” GES, “Üfüq” GES və “Şəms” GES layihələri Cəbrayıl rayonunda həyata keçirilir.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda külək elektrik stansiyalarında 56,1 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bu, ötən ilin yanvar ilə müqayisədə 21,6 dəfə çoxdur. Azərbaycanda 2 milyard 257 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 3,8 faiz azdır. Bunun 2 milyard 186,6 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 3,5 faiz azdır. Aylıq istehsalın 133,4 milyon kVt/saatı su elektrik stansiyalarının, 1 milyard 978,6 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının, 22,1 milyon kVt/saat tullantıların yandırılmasından alınan elektrik enerjisinin payına düşüb. Günəş elektrik stansiyalarında da 18,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 15,6 faiz çoxdur.
Göründüyü kimi, ölkəmizin bərpaolunan enerji sahəsindəki potensialı real iqtisadi dividend gətirir. Müxtəlif ölkələrlə əməkdaşlıq, beynəlxalq maliyyə qurumlarının dəstəyi buna əyani sübutdur.
N.ABDALOV
XQ


