Xəzər dənizində duzsuzlaşdırma zavodu layihəsi ilə bağlı mühəndis-texniki tədqiqat işləri davam edir. Səudiyyə Ərəbistanın “ACWA Power” şirkətinin Türkiyə və Azərbaycan üzrə müdiri Səlim Güvən bildirib ki, ötən müddətdə layihənin beynəlxalq standartlara və Xəzər dənizində qüvvədə olan bütün ekoloji və sosial tələblərə uyğun şəkildə həyata keçirilməsi məqsədilə batimetriya, diffuziya və digər mühəndis-texniki araşdırmalar icra olunub.
“ACWA Power” şirkəti ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında imzalanmış razılaşmaya əsasən, inşa ediləcək duzsuzlaşdırma zavodu ilə bağlı tədqiqatlar başa çatdıqdan sonra hazırlanmış hesabatların banklara təqdim olunacağını bildirən şirkət rəsmisinin sözlərinə görə, onların təsdiqi aldındıqdan sonra, təxminən, bu ilin üçüncü rübündə layihənin maliyyələşdirilməsinə dair müqavilənin bağlanması gözlənilir.
Bundan dərhal sonra isə zavodun təməlqoyma mərasimi keçiriləcək və layihə tikinti mərhələsinə qədəm qoyacaq: “Planımıza uyğun olaraq, tikintinin başlanmasından 24 ay sonra ilk suyun verilməsi nəzərdə tutulur. 30-cu ayda, yəni əlavə 6 ay sonra stansiya tam gücü ilə istismara veriləcək. Birinci mərhələ çərçivəsində inşa ediləcək yarımstansiya 2028-ci ilin iyun ayında istismara veriləcək. Tam gücdə fəaliyyət isə 6 ay sonra, hənin ilin dekabr ayında planlaşdırılır. Beləliklə, layihə 2028-ci ildə tam istismara veriləcək və Azərbaycan dövlətinə təqdim olunacaq”.
Xatırladaq ki, Azərbaycanda içməli su istehsalı üçün dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisi layihəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində gündəlik gücü 300 min kubmetr olan dəniz suyunun duzsuzlaşdırılması zavodunun inşasını nəzərdə tutur. Layihənin “ACWA Power” və Türkiyənin “IC İçtaş İnşaat” şirkətinin daxil olduğu konsorsium tərəfindən həyata keçirilməsi planlaşdırılır. Sazişin şərtlərinə görə, layihənin icra müddəti 27,5 il təşkil edəcək, Həmin müddət bitdikdən sonra obyektin idarəçiliyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə veriləcək. Tikinti işlərinin 2,5 il ərzində başa çatdırılması planlaşdırılır.
Xatırladaq ki, dünyada dəniz suyunun duzsuzlaşdırılması uzun müddətdir ki, tətbiq olunur. Bu üsuldan, əsasən, su ehtiyatlarının həddindən artıq az olduğu Səudiyyə Ərəbistanında, Omanda, Birləşmiş Ərəb Əmirliklərində, Qətərdə, İsraildə, Avstraliyada, İspaniyada və Afrikanın bir sıra ölkələrində istifadə edilir. Həmin ölkələrdə su qıtlığını aradan qaldırmaq üçün dəniz suyu duzsuzlaşdıraraq həm içməli su kimi, həm də kənd təsərrüfatında geniş istifadə olunur. Məsələn, Qətər Dövləti özünün su ehtiyatının 96 faizini duzsuzlaşdırılmış mənbələrdən istifadə ilə ödəyir. Ümumilikdə isə, hazırda dünyanın 177 ölkəsində 16 mindən artıq dəniz suyunu təmizləmə qurğusu fəaliyyət göstərir. Dəniz suyundan şirin su istehsal edən qurğu Xəzərdə də var. Bu, Qazaxıstanın Aktau limanında qurulub və gündəlik gücü 74 min kubmetrdir.
Ümumilkdə isə, hazırda dünya əhalisinin 4 faizi şirinləşdirici qurğularla alınan sudan istifadə edir. Bu sahə yeni inkişaf mərhələsində olmasına baxmayaraq, böyük inkişaf potensialına malikdir. Təkcə onu qeyd etmək kifayətdir ki, 1995-ci ildə dünya üzrə gündə 20 milyon kubmetr duzsuzlaşdırılmış su istehsal olunduğu halda, hazırda bu rəqəm 120 milyon kubmetri ötüb. Belə qurğuların sayı isə 3 mindən 16 minədək yüksəlib. 2025-ci ildə bu sahədə 10 faizə yaxın artım qeydə alınıb.
Yeri gəlmişkən, ölkəmizdə də dəniz suyunun duzsuzlaşdırılması sahəsində müəyyən təcrübə qazanılıb. Belə ki, gələcəkdə yarana biləcək su qıtlığı probleminin səmərəli həllinə nail olmaq məqsədilə 2013-cü ildə Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləməyə imkan verən tərs-osmos membranları ilə təchiz olunmuş və yüksək texnologiyaya əsaslanan zavod inşa edilib. İlkin mərhələdə zavodda dəniz suyundan sutkada min kubmetr şirin su istehsal etmək üçün avadanlıq quraşdırılıb. Bu sahədə artan ehtiyaclar nəzərə alınaraq 2016-cı ildə zavodun gücü əlavə tikinti-quraşdırma işləri aparılmadan iki dəfə artırılaraq sutkada 2 min kubmetrə çatdırılıb.
Zavodda gələcəkdə az məsrəfli əlavə işlər görməklə alınan təmiz suyun həcmini 20 min kubmetrə çatdırılmasına imkan verəcək müvafiq infrastruktur da yaradılıb. Eyni zamanda, dənizdən suyun götürülməsi üçün uzunluğu 200 metr, eni 8 metr, dəniz səviyyəsindən hündürlüyü 5 metr olan damba inşa edilib, xüsusi örtüklə izolyasiya olunmuş 3 ədəd dəmir su çəni, 5 yeraltı dəmir-beton su anbarı, geotekstil membran örtüyü ilə izolyasiya olunmuş 1 şirin su anbarı və dənizdən qəbul edilən duzlu su üçün torpaq su anbarları, eləcə də inzibati bina inşa edilib.
Bundan əlavə, 2012-ci ildə Şirvan kollektorunun suyunun duzsuzlaşdırılaraq suvarılmaya yararlı vəziyyətə gətirilməsi üçün sutkalıq gücü 2500 kubmetr olan qurğu inşa edilib. 2016-cı ildə isə ərazidə inşa edilən 2-ci qurğunun köməyilə istehsal gücü 5 min kubmetrə çatdırılıb. Hazırda Xıdırlı dəniz suyunun duzsuzlaşdırılması zavodu və Şirvan kollektorunun suyunun duzsuzlaşdırılması qurğularında gündə 7 min kubmetr su istehsal olunur. Bunun da hesabına 1750 hektar ərazidə salınmış bağları suvarmaq, eləcə də 50-70 min əhalisi olan bir şəhəri içməli su ilə təmin etmək mümkündür. Hazırda isə bu sulardan ətraf ərazilərdə salınmış 700 hektar yaşıllıqların, o cümlədən zeytun plantasiyalarının və ildə 1 milyondan artıq əkin materialı yetişdirilən tinglik sahələrinin suvarılmasında istifadə olunur.
Mirbağır YAQUBZADƏ
XQ

