Son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti, temperaturunun tez-tez dəyişməsi, bəzi ərazilərdə qar və şaxta kənd təsərrüfatına təsirsiz ötüşməyib. Bunun da nəticəsində təsərrüfatını sığortalamış fermerlər tərəfindən Aqrar Sığorta Fonduna müraciətlərin intensivliyi artıb.
Qurumdan verilən məlumata əsasən, son bir həftə ərzində Şəmkirdə gilas və şaftalı bağlarına leysan yağması, Xaçmazda şaftalı-nektarin bağlarını şaxta vurması barədə müraciətlər qeydə alınıb. Bundan əlavə, Qobustanda arpa və buğda sahələrində fırtına və qasırğa, Samuxda isə ərik bağlarında qasırğa hadisələrinin baş verməsi ilə bağlı fermer müraciətləri qeydə alınıb. Paralel olaraq bəzi rayonlarda 3-cü şəxsin hərəkətləri nəticəsində də təsərrüfatlar ziyan görüb. Belə ki, Kürdəmirdə 3-cü şəxsin hərəkəti nəticəsində əkin sahəsinin su basması, Göygöldə əkin sahəsinə mal-qaranın buraxılması, Biləsuvarda isə arpa sahəsinə quşların zərər vurması barədə müraciətlər daxil olub.
Bu kimi hadisələr isə Aqrar Sığorta Fondunun sığorta zərfinə daxildir. Belə ki, qanunvericiliyə əsasən aqrar sığotrta mexanizmi əkin sahələrini təbiət hadisələri–dolu, fırtına, qasırğa, sel-subasma, şaxtavurma (donvurma), leysan, vəhşi heyvanlarını hücumu, 3-cü şəxslərin hərəkətləri, yanğın, torpaq sürüşməsi və sair hallardan sığorta edir. Fonda daxil bütün müraciətlər qeydə alınıb və onların araşdırılaraq dəymiş zərərlərin hesablanması üçün bölgələrə aqrar sığorta ekspertləri göndərilib.
Xatırladaq ki, fermerlərə dəstək məqsədilə sığorta haqqının 50 faizi dövlət tərəfindən maliyyələşdirilir. Yəni əkin sahəsi və heyvandarlıq təsərrüfatının sığortalanması zamanı hesabanmış sığorta haqqının yarısı dövlət tərəfindən ödənilir. Nəticədə, fermerlər cüzi ödənişlə öz təsərrüfatlarını sığorta edə bilirlər. Fermer və təsərrüfat sahibləri isə ziyana düşməmək üçün əkin sahələrini və təsərrüfatlarını vaxtında sığortalamalıdırlar.
XQ

