Ermənistanda parlament seçkiləri və Azərbaycan amili

post-img

Yaxud inkişaf qatarının sonuncu vaqonuna yetişmək...

Ermənistanda parlament seçkiləri keçirildi. Seçkiyədək proseslə bağlı müxtəlif təqdimatların şahidi olduq. Həmin təqdimatların regiondaxili və regionxarici mənbələrinin mövcudluğu diqqətimizdən yayınmadı. Qərb dairələri elə rəy yaratdılar ki, sanki Ermənistanda Cənubi Qafqazın taleyi həll olunur. Daxildəki bəzi qüvvələr isə özləri fərqinə varmadan bu deyimi gücləndirmək üçün əllərindən gələni etdilər. Yazımız bu barədə olacaq. Amma digər məqamlara da toxunacağıq. Ən əsas məqama gəlincə, söhbət Azərbaycandan gedir. O Azərbaycan ki, regionun taleyini dəyişib. Özü də çoxdan.

Bəli, Ermənistandakı parlament seçkiləri Qərblə Rusiyanın mübarizə platformasına çevrildi. Bu, öz yerində. Mübarizədə birincinin qalib gəldiyi məlumdur. Ancaq qalibiyyət elə göstərilir ki, sanki Cənubi Qafqaz rus zülm və istibdadından qurtulur. Hesab edirik ki, yanlış təqdimat məhz budur. Çünki regionun qurtuluşunun Azərbaycan adlı böyük ünvanı var. Mövzuya sonda qayıdacağıq.

...Rusiyanın geri çəkiləcəyini düşünmək doğru olmaz. Həm də ona görə doğru olmaz ki, rus ictimai rəyi və onunla hesablaşan, daha doğrusu, onu istədiyi şəklə salan rus dövləti konflikt məntiqindən kənar müsbət nə isə ortaya qoymur. Rusiya dairələrinin yanaşmalarında Ermənistanla, o cümlədən qonşularla bərabərtərəfli münasibətlər trayektoriyasına üstünlük vermək, bu münasibətləri səmimi şəkildə əməli iş müstəvisinə gətirmək anlayışı, demək olar, yoxdur. Rusiya mütləq nəyisə diktə etməli, hegemon mövqeyini vurğulamalıdır. Yanaşma budur. Sual olunur: Belə bir baxış Cənubi Qafqazın hansı ölkəsinə münasibətdə keçərli deyil? Cavab birmənalıdır.

Məhz Azərbaycan özünün məqsədyönlü prinsipial siyasi xəttilə həm Rusiyanın, həm də Qərbin regionda hegemonluq iddiasını sarsıdıb. Ölkəmiz bunu 2020-ci ilin 44 günlük müharibəsindəki Zəfəri və 2023-cü ilin lokal xarakterli antiterror tədbirlərindəki müstəsna uğuru ilə edib.

Bəli, Ermənistan üzərindəki tarixi Zəfərimiz, habelə Qarabağdakı separatçı rejimə son qoymaqla, ümumən, Qarabağ məsələsini tarixin arxivinə yollamaqla ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etməyimiz Cənubi Qafqazda tamamilə yeni mərhələ açdı. Ermənistanda Baş nazir Nikol Paşinyanın başçılıq etdiyi Qərbyönümlü komanda qalib gəlirsə, bu, xeyli dərəcədə Azərbaycanın yaratdığı reallığın dərk təntənəsidir.

Əlbəttə, ölkəmizlə hesablaşan, ilk növbədə, erməni cəmiyyətidir. O cəmiyyət ki, onun bəzi təbəqələrinin hələ də revanşist və şovinist əhvali-ruhiyyədə olduğunu parlament seçkiləri müstəvisində də gördük və görməkdəyik. Ən böyük görüntü isə budur: erməni cəmiyyətinin əhəmiyyətli hissəsi Azərbaycanın regionda yaratdığı yeni reallıqlardan başqa alternativ tanımır. Bunu söyləmək üçün əsaslarımız yetərincədir.

Ümumən, Ermənistanda 7 iyun seçkiləri qayəsi Azərbaycan ritorikası üzərində qurulmuş proses idi. Belə təsəvvür yarandı ki, ölkədə Azərbaycana qarşı olan qüvvələrlə, qarşı olmayan qüvvələrin siyasi marafonu qeydə alınıb. Hay cəmiyyətinin revanşist və şovinist kəsimi bizə hiddət yağdırırdısa, digər kəsim və onun tərəfdarları normal münasibətləri təbliğ edirdi. Hətta ikincilər sırasında keçmişin dostluq nostalgiyasına köklənənlər də tapılırdı.

7 iyun seçkiləri, böyük ölçüdə, rasional və proqmatik düşüncənin qələbəsidir. O düşüncənin ki, gələcəyi hədəf seçir. Axı Azərbaycanın yaratdığı yeni reallıq gələcək üçün sığortadır. Erməni cəmiyyəti məhz həmin gələcəyə səs verdi. O gələcək ki, onun sülh adlı böyük mənəvi dividendi var. Elə bir dividend ki, özündə əmin-amanlığı və ən əsası, rifahı birləşdirir. Bu yerdə Prezident İlham Əliyevin 2023-cü il sentyabrın 20-də - antiterror tədbirləri başa çatdıqdan sonra xalqa müraciətindəki fikirləri yada salaq: “Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın!”.

Onu da qeyd edək ki, Rusiya Cənubi Qafqazda özünün təsir dairəsini saxlamaq üçün ənənəvi nifaq və qarşıdurma yaratmaq siyasətinə üstünlük verirsə və bu siyasətin ayrı-ayrı elementləri bu gün də özünü göstərməkdədirsə, eyni dəst-xəttə Qərbin də söykəndiyini bildirməliyik. Ötən müddətdə fikrimizin sübutu kimi qiymətləndirilə biləcək bir çox hadisə və proseslər yaşandı. Qərb dünyasının başlıca aktorlarından sayılan Fransanın Ermənistanı Azərbaycana qarşı qoymaq niyyətlərini gördük. Məsələn, Fransanın İrəvandakı səfiri Ermənistanın ayrı-ayrı bölgələrinə, o cümlədən Sünikə səfər edib Parisi erməniləri azərbaycanlılardan qoruyan statusunda vurğuladı. Diplomat elə görüntü yaratdı ki, iki Cənubi Qafqaz ölkəsi arasında barış mühiti qərarlaşa bilməz. Bütövlükdə Qərb institutlarının bu təbliğata baş vurduqları nəzərimizdən yayınmadı. “Azərbaycanda saxlanılan erməni məhbuslar” məsələsindən tutmuş ölkəmizin Ermənistanı, guya, işğal etmək niyyətinə qədər cəfəngiyyatların sıralandığının şahidiyik.

Deməli, 7 iyun seçkilərində erməni cəmiyyəti cəfəng ideoloji xəttə “yox” dedi. Ermənistandakı parlament seçkilərinin Azərbaycan xəttinin üstünlük fazası Qərbin və Rusiyanın antisülh təbliğatını və bu təbliğatla regionda mövcudluq parametrini alt-üst etdi. Əlbəttə, hesab etmirik ki, Qərb dünyası daha Ermənistanı Azərbaycana qarşı təzyiq rıçağı kimi istifadəyə cəhd göstərməyəcək. Mövcud xüsusda ayrı-ayrı elementlərin olması mümkündür. Ancaq Qərb, “erməni kartı”ndan regional məsələlər baxımından yararlanmağın mümkünsüzlüyünü anlamış durumdadır. Onun dəstəklədiyi hay iqtidarı son bir ildə sülh ritorikasını məhz bu səbəbdən xeyli qüvvətləndirib. Hesab edirik ki, Rusiya da reallığı anlamağa məhkumdur. Ölkənin başqa çıxış yolu yoxdur.

...Paşinyan iqtidarı son bir ilə yaxın müddətdə sülh ritorikasını gücləndirməklə, ermənilik üçün identlik sayılan tezislərin ifşasına girişdi. Baxın, Ermənistan parlamentinin sədri Alen Simonyan deyir ki, “erməni planeti”ndən kənara çıxmalıyıq. Simonyan, mahiyyət etibarilə, “Böyük Ermənistan” ideyasının cəfəngiyyatdan başqa bir şey olmadığını vurğulayır: “Azərbaycanlılarla necə yaşayacağımızla bağlı sual gəldikdə, bəs nə edək? Ölkəni götürüb Avropaya köçürək? Bəlkə orada da albanlarla, çexlərlə yaşaya bilmədik? Haradan bilirsiniz ki, biz, hətta, orada çexlərlə normal yaşaya bilərik? Bu, bizim regionumuzdur və biz özümüzü regiondan kənarda qoya bilmərik və nəhayət, belə bir sual var ki, opponentlərim ona konkret cavab verə bilmir: Ermənistan nədir? De görüm, xahiş edirəm, bu Ermənistan haradadır? Harada başlayır və harada bitir?”.

7 iyun seçkilərində erməni elektoratı haradan başlayıb haradan bitdiyi məlum olan Vətənə səs verdi, vətənsizliyin daşını atdı. Tarixin heç bir dövründə belə bir hadisə olmayıb. Nəzərə alaq ki, yuxarıda diqqətə çatdırdığımız fikirləri söyləyən bir vaxtlar Ağdama “Akna” deyib bölgəmizi özü üçün Vətən sayan Simonyandır. Bu gün həmin Simonyan pozitiv düşüncələri ilə erməni cəmiyyətinin təmsil etdiyi komandanı qalib etməsində başlıca pay sahibidir. Hələ vaxtilə Baş nazir N.Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” bəyanatının bu gün onun dilindən çıxan “Ermənistan üçün “Qarabağ hərəkatı” səhifəsi bağlanmışdır” fikrinə çevrilməsindən danışmırıq.

Sözümüz ondadır ki, vurğuladığımız anlamlarda da Ermənistandakı müsbət transformasiyaların müəllifi məhz Azərbaycandır. Əvvəldə haqqında söz açdığımız regionun taleyinin dəyişməsinə və qurtuluşuna gəlincə, deməliyik ki, ölkəmiz bu yola 1994-cü ildən Heydər Əliyevin müdrik siyasəti ilə qədəm qoymuşdu. Məhz Ulu öndərin müəllifi olduğu “Əsrin müqaviləsi” Cənubi Qafqazda tamamilə yeni ab-hava yaratdı. Heydər Əliyev bu böyük kontraktla dünyanı regiona gətirdi.

Əlbəttə, 1994-cü ildən sonrakı yolumuz heç də rəvan olmadı. Amma Azərbaycanın dirənişi sayəsində Cənubi Qafqaz ölkəmizin timsalında müstəqil dövlət anlayışı qazandı və illər ərzində bu anlayış xeyli möhkəmləndi. Əvvəldə haqqında söz açdığımız qurtuluş elə bunda idi. O qurtuluş ki, Ermənistan işğalçılıq siyasəti nəticəsində mövcud trayektoriyada təmsilçilik üçün xeyli gecikməklə bərabər, bütövlükdə regionun inkişafını ləngitdi. Amma gec olsun güc olsun. Bu mənada, hesab edirik ki, erməni xalqı 7 iyunda düzgün seçimi ilə, obrazlı desək, inkişaf qatarının sonuncu vaqonundan tutmağı bacardı. İndi qalır Azərbaycanın yaratdığı reallığın tam şəkildə gerçəkləməsi naminə iradə və səmimiyyətin göstərilməsi. Ümid edirik ki, Ermənistan dövləti bundan sonrakı siyasi xətti ilə Cənubi Qafqazın imperiyaların oyun meydanından kənar müstəqil inkişaf yoluna öz töhfəsini verəcək.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət