Dünən Baş prokuror Kamran Əliyev azad olunmuş ərazilərdə dislokasiya olunan bir neçə hərbi hissəni ziyarət edib, yaradılan şəraitlə tanışlıqdan sonra şəxsi heyətlə görüş keçirilib.
Görüşlər zamanı baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələri kimi hərbi sahənin də durmadan inkişaf etdiyini bildirib.
Döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyətin daha da yaxşılaşdırılması, kollektivdə münasibətlərin tələblər və nizamnamələr çərçivəsində qurulması, həmçinin şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, nizam-intizamın, hüquq qaydalarının möhkəmləndirilməsi və digər məsələlər barədə söhbətlər aparılıb.
Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.
***
Həmin gün Kamran Əliyev Samux Rayon Prokurorluğunun inzibati binasında Samux, Daşkəsən, Kəlbəcər, Göygöl və digər rayonlardan olan vətəndaşlarla görüşüb.
Görüşdə iştirak edən 12 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, mülki xarakterli mübahisələr, habelə sosial problemlərlə bağlı qaldırdığı məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”


