Aprelin 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinə rəsmi səfəri çərçivəsində bu ölkənin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşüb.
Görüş zamanı Azərbaycan–Küveyt ikitərəfli və çoxtərəfli əməkdaşlığının müxtəlif aspektləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.
İki ölkə arasında mövcud siyasi dialoqun səviyyəsindən məmnunluq ifadə edilib, ali və yüksəksəviyyəli səfər və təmasların daha da artırılmasının əhəmiyyəti vurğulanıb. Xarici İşlər nazirlikləri arasında baş tutan siyasi məsləhətləşmələrin əməkdaşlıq üçün potensial sahələrin müəyyən olunması baxımından faydalı olduğu diqqətə çatdırılıb.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə olunub, Azərbaycanın növbəti ildə İƏT-ə sədrliyi çərçivəsində birgə fəaliyyət məsələlərindən bəhs edilib.
Vəliəhd Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı ölkəmizə səfərini və Prezident İlham Əliyev ilə baş tutan görüşünü xatırlayaraq, aparılan müzakirələr zamanı ölkələrimiz arasında xüsusilə iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, turizm kimi istiqamətlər üzrə əməkdaşlığın inkişafı məsələlərinə vurğu edildiyini diqqətə çatdırıb.
Bu baxımdan, Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Birgə Komissiyanın keçiriləcək iclasının vacibliyi qeyd olunub.
***
Həmin gün xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinin xarici işlər naziri Abdullah Ali Al-Yahya ilə də görüşüb.
Görüşdə Azərbaycan–Küveyt əməkdaşlığının siyasi, iqtisadi, ticarət, investisiyalar, enerji, nəqliyyat, kommunikasiyalar, humanitar aspektləri, turizm əlaqələrinin inkişafı, Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti, habelə postmünaqişə dövründə regional reallıqlar müzakirə olunub.
Ölkələrimiz arasında mövcud dostluq və qardaşlığın tarixi, mədəni və dini ortaqlıqlara əsaslandığı, hər iki ölkənin liderləri arasında mövcud siyasi dialoqla daha da möhkəmləndiyi vurğulanıb. Eyni gündə keçiriləcək Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclasının ölkələrimiz arasında müxtəlif sahələr üzrə praktiki əməkdaşlığın inkişaf etdirilməsi üzrə səmərəli nəticələr verəcəyinə dair inam ifadə edilib.
Regional və beynəlxalq təşkilatlar çərçivəsində sərgilənən qarşılıqlı dəstək və həmrəyliyin, bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmətin təqdirəlayiq olduğu vurğulanıb. Bu çərçivədə, digər beynəlxalq təşkilatlarla yanaşı, Körfəz Əməkdaşlıq Şurası ilə geniş əməkdaşlıq perspektivlərindən bəhs olunub.
Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət barədə ətraflı məlumatlandırıb.
***
Azərbaycanla Küveyt arasında ikitərəfli əlaqələrin gücləndirilməsi üzrə qarşılıqlı öhdəliklər çərçivəsində, bir tərəfdən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, digər tərəfdən Küveyt Dövlətinin xarici işlər naziri Abdullah Əli Əl-Yəhyanın sədrliyi və hər iki ölkənin nümayəndələrinin iştirakı ilə aprelin 30-da Küveytdə Azərbaycan Respublikası və Küveyt Dövləti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclası keçirilib.
İclasın əsas məqsədi Azərbaycanla Küveyt arasında ikitərəfli münasibətlərin bütün səviyyələrdə gücləndirilməsi və möhkəmləndirilməsi olub. Bu münasibətlər qarşılıqlı hörmət və maraqlara, eləcə də qarşılıqlı əhəmiyyət kəsb edən məsələlər üzrə əlaqələndirmə işinin təşkilinə əsaslanır. İki ölkənin hökumətləri arasında mövcud olan Əməkdaşlıq üçün Birgə Komissiya müştərək iqtisadi prioritetlərin və uzunmüddətli əməkdaşlığın gücləndirilməsi istiqamətində davamlı dialoq platformasını təşkil edir.
Azərbaycan və Küveyt tərəfi iki dost ölkə arasında əlaqələrin uzunmüddətli inkişafını, qarşılıqlı maraq kəsb edən sahələrdə, xüsusilə enerji, ticarət, investisiya, infrastruktur, yüksək texnologiyalar, nəqliyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi, təhsil, səhiyyə, turizm, media və idman sahələrində əməkdaşlığın gücləndirilməsi üçün ortaq baxışların mövcudluğunu, eləcə də ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində konkret addımların atılmasının və işlərin koordinasiyasının əhəmiyyətini vurğulayıblar.
Komissiya əlavə tədbirlərin görülməsi vasitəsilə ticarət dövriyyəsinin artırılması, iqtisadi əməkdaşlığın inkişafına nail olmaq, müştərək sənaye və texnologiya təşəbbüslərinə dəstək vermək, Azərbaycan və Küveyt arasında ticarət mübadiləsinin asanlaşdırılması üçün logistik xidmətləri təkmilləşdirmək barədə razılığa gəlib.
Küveyt tərəfi Azərbaycan tərəfini BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyinə görə təbrik edib, bütün dünyadan geniştərkibli nümayəndələrin iştirakı ilə Azərbaycanın belə mühüm beynəlxalq tədbirə ev sahibliyi etməsinin onun beynəlxalq səviyyədə xüsusi yerinin və qabaqcıl rolunun göstəricisi olduğunu vurğulayıb, habelə konfransın uğuru üçün əlverişli şəraitin yaradılması istiqamətində təşkilatçılıq tədbirlərini alqışlayıb.
Azərbaycan–Körfəz əməkdaşlığı müstəvisində, Azərbaycan Körfəz Əməkdaşlıq Şurasının cari sessiyasına sədrlik edən Küveytin səylərini yüksək qiymətləndirib. Tərəflər sözügedən məsələlər çərçivəsində əməkdaşlıq və 2024–2028-ci illər üzrə Körfəz Əməkdaşlıq Şurası–Azərbaycan Respublikası birgə iş planını həyata keçirmək niyyəti ilə çıxış ediblər.
Regional və beynəlxalq müstəvidə diqqət tələb edən bir çox məsələlər nəzərdən keçirilib, beynəlxalq təhlükəsizlik və sülhə nail olmaq istiqamətində fəaliyyətə dəstək göstərməyin əhəmiyyəti, münaqişələrin BMT nizamnaməsi və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq həllinin vacibliyi vurğulanıb. Azərbaycanın və Küveytin bir-birinin suverenliyini, ərazi bütövlüyünü dəstəkləməklə bağlı öhdəliklərinə sadiq olduqları bir daha diqqətə çatdırılıb.
Azərbaycan Respublikası və Küveyt Dövləti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclasının işinin sonunda iclasın təsdiq olunmuş protokolu, ona nəzarət mexanizmləri, onun əlavələri - növbəti iki il üçün müştərək yol xəritəsi imzalanıb.
Yekunda tərəflər Birgə Komissiyanın 4-cü iclasının 2027-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi barədə razılığa gəliblər.
XQ