“Kollektiv Qərb”in anti-Azərbaycan “çete”si yenə su bulandırır
Son zamanlar Qərbin Azərbaycana qarşı müxtəlif cinahlardan aqressiv ideoloji hücumları müşahidə olunmaqdadır. Bu hücumda iştirak edən qüvvələrin xarakteri və coğrafiyasına diqqət yetirəndə belə təsəvvür yaranır ki, onlar ölkəmizə qarşı əsl “səlib yürüşü”nə start veriblər. Arxa planda, “kollektiv Qərb”in anti–Azərbaycan ritorikasının arxasında isə Cənubi Qafqazda erməni avantürizmini səngiməyə qoymamaq, onu daim diri saxlamaq niyyəti gizlənir.
Artıq keçmişdə qalmış metodlarını yenidən dövriyyəyə buraxmağa çalışan Avropa Komissiyası, Avropa Şurası Parlament Assambleyası, eləcə də Fransanın və hərdən ABŞ Konqresindəki haypərəst parlamentarilərin timsalında “kollektiv Qərb” “yeni dünya” vədləri ilə müstəqil dövlətçilik təməlləri üzərində öz yollarını gedən ölkələrə təsir mexanizmlərini sınaqdan çıxarmaqdan yorulmurlar. Özünün bütün təsir imkanlarından məhrum duruma düşmüş Qərb dünyası ənənəvi “üsullara” əl atmaqdadır. Guya, Azərbaycanda söz və ifadə azadlığı pozulur, sərbəst toplaşmaq imkanı yoxdur, ölkə həbsxanalarında siyasi məhbuslar var, müxalif fəallara qarşı repressiv metodlar tətbiq edilir və sair. Yəni son beş ildə dəfələrlə təkrarladıqları cəfəngiyyatları gündəmə gətirmək cəhdləri. Belə cəfəngiyyatların içində Bakı həbsxanalarında “qeyri-qanuni saxlanılan erməni məhbuslar” da var.
Haypərəstlərin imperialist iddiaları
Anti-Azərbaycan kampaniyalarda daha çox fəallıq göstərən bu təşkilatlar fəaliyyətlərində bu kimi qeyri-hüquqi, qeyri-demokratik xətdə israrlı olduqca əsl mahiyyətini ortaya çıxarır – Fransanın özünüifşası kimi. Necə ki, Fransa Senatı açıq şəkildə separatizmə dəstək verərək özünün müstəmləkəçi mahiyyətini ifşa etdi, adıçəkilən təşkilatlar da Azərbaycanın hüquqi addımlarını özünəməxsus dəyərləndirmələrlə maraqlarının sərhədlərini ortaya qoydular. Bu zaman nə Avropa Parlamenti, nə AŞPA, nə də ABŞ Konqresindəki haypərəst qrupun Ermənistanı səmimi şəkildə dəstəkləmədikləri hamıya məlumdur. Sual yaranır: Nədən Qarabağı könüllü tərk etmiş ermənilərin üzərindən özlərinin korporativ maraqlarını təmin etməyə çalışan bu “çete” 30 il ərzində Ermənistanın təcavüzü nəticəsində doğma yurdlarından didərgin salınmış, etnik təmizləməyə məruz qalmış 1 milyon azərbaycanlıya münasibətdə ögey davrandılar? Bəs, haypərəst düşərgənin yenidən fəallaşması nəyə hesablanıb? Birmənalı olaraq deyə bilərik ki, Azərbaycanın regionda güclənməsi, siyasi, iqtisadi, hərbi qüdrətə malik olması, bölgədə baş verən proseslərin əsas tənzimləyicisinə çevrilməsi “kollektiv Qərb”in imperialist maraqları ilə üst-üstə düşmür. Amma bu da faktdır ki, Avropanın bir çox dövlətləri artıq “böyük güclər”in imperialist oyunlarının iştirakçısı olmaqdan imtina edirlər. Nəinki imtina edir, onlar Avropa İttifaqı, Avropa Parlamentinin, AŞPA-nın və bu kimi təsisatların Cənubi Qafqaza yönəlik ikiüzlü siyasətini ifşa edirlər.
Bakıya səfərində Ermənistan və Azərbaycan arasında ikitərəfli sülh müqaviləsi üzrə danışıqların başa çatmasını alqışlayan və tərəfləri sürəti qoruyub saxlamağa və bütün prosesin rahat başa çatmasını təmin etməyə çağıran, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin perspektivi barədə pozitiv açıqlamalar verən Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasa edilən hücumlar da bunun təsdiqidir.
Daha təhdid dilinin işə yaramadığını, bölgədə və dünyada formalaşmış yeni reallığı anlamaq istəməyən bu “çete” anti–Azərbaycan təbliğatına yeni nəfəs verməyə çalışır. Yeni dünya nizamına təsir imkanları daralan AŞPA, Brüssel, Fransa, eləcə də onlar kimi düşünənlər çapalamaqda davam edirlər. Amma təbiətdə olduğu kimi, cəmiyyətdə də çapalayanları daha tez batmaq aqibəti gözləyir.
Hüquq komissarının hüquqdan xəbəri yoxdur
Azərbaycana qarşı təşkil olunmuş “ideoloji xorun” bir solisti də Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Maykl O’Flahertidir. Bu üzdəniraq hüquqşünas iki gün əvvəl Azərbaycanda aparılan bəzi istintaq işləri, habelə bu yaxınlarda verilmiş məhkəmə qərarları ilə bağlı əsassız və qərəzli bəyanatlar səsləndirib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Maykl O’Flahertinin bəyanatına şərhində onun bu yersiz, haylara yarınmaq jestini ölkəmizin daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləsini növbəti uğursuz cəhd kimi qiymətləndirib. Milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə uyğun olaraq, Azərbaycanda insan hüquq və əsas azadlıqlarına təminat verildiyini və onlara tam hörmət edildiyini cənab komissarın nəzərinə çatdıran A.Hacızadə bu hüquq və azadlıqların öz vəzifələrini müstəqil şəkildə yerinə yetirən köklü məhkəmə institutları tərəfindən qorunduğunu bildirib. Ardınca XİN rəsmisi Azərbaycanın öz suveren ərazilərində qanunun aliliyinə qoyduğu təminatın bəzi şəxslərə xüsusi imtiyazın vermədiyini, habelə onları ölkə qanunlarının tələblərinə riayətdən azad etmədiyini vurğulayıb.
Bundan başqa, A.Hacızadə şərhində AŞ-ın insan hüquqları üzrə komissarının bəyanatında adları çəkilən şəxslərə qarşı müvafiq qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə bağlı ittihamların heç bir fakt və sübuta əsaslanmadığını, Cinayət-Prosessual Məcəlləyə ciddi riayət edilməklə müvafiq araşdırmalar aparıldığı, onların məhkəmə qarşısında bütün hüquqlarının tam təmin edildiyi bildirilib. O, Maykl O’Flahertini Azərbaycanın müstəqil məhkəmə orqanlarında davam edən araşdırmalara müdaxilə etməkdən, habelə qəbuledilməz təzyiq göstərmək cəhdlərindən çəkinməyə, əvəzində isə diqqəti bir sıra digər AŞ ölkələrində insan hüquqları sahəsində mövcud çoxsaylı problemlərə, artan islamafobiyaya, miqrantlara və sığınacaq axtaran şəxslərə qarşı ləyaqəti alçaldan rəftara, siyasi təqiblərə, həbsxanalarda baş verən ölüm hallarına, Avropa institutlarında geniş yayılmış korrupsiyaya və s. fokuslanmağa çağırıb.
Şvabenin qərəzi
AŞPA-nın Almaniyadan olan təmsilçisi Frank Şvabe ölkəmizdə “məşhur” personadır. Onun Azərbaycan əleyhinə etdiyi çıxışları, verdiyi bəyanatları barədə əvvəllər də yazmışıq. Sakit durmayan Şvabe növbəti dəfə ölkəmizin ünvanına absurd ittihamlar səsləndirib. O, “Azadlıq” radiosuna müsahibəsində iddia edib ki, guya, Azərbaycan AŞPA-da təmsilçiliyə ciddi əhəmiyyət verdiyini desə də, əməldə bunun əksini edir. Alman deputat Azərbaycanın öhdəliyi yerinə yetirməyəcəyi təqdirdə nümayəndə heyətinin mandatının bərpasının mümkünsüz olacağını söyləyib. Bu məqamda haylardan əxz etdiyi ikiüzlülüyü işə salan Şvabe ləkələdiyi imicini təmizləmək üçün, guya, Azərbaycanı, onun xalqını sevdiyini, Ermənistandan rüşvət almadığını dilə gətirməkdən utanmır. AŞPA-nın başqa ölkələrlə müqayisədə Azərbaycana münasibətdə daha sərt qərar verə biləcəyini deyən alman deputat “Azərbaycan parlamentində real müxalifət” olmasını istəyir. Amma bu zaman real müxalifət dedikdə kimləri nəzərdə tutduğunu açıqlamır.
Frank Şvabe artıq neçənci dəfədir absurd açıqlamaları ilə gündəmə gəlir. Əslində, onun məsuliyyətsiz açıqlamaları nə diplomatik etiketə sığır, nə də deputat statusuna yaraşır. Azərbaycana düşmən mövqeyi ilə seçilən alman deputat erməni lobbisinin qonorarı müqabilində ölkəmizə qarşı şər–böhtan kampaniyasının önündə yer alır. Belələrinin qulluq göstərdiyi düşərgəni narahat edən Azərbaycanın bölgədə güc və söz sahibi olması, ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, münaqişə ocağını birdəfəlik söndürməsidir.
Məsuliyyətdən qaçan kimdir?
“Azərbaycan məsuliyyətdən yayınmaq üçün Ermənistanla sülh prosesindən istifadə edir”. Bunu aprelin 29-da ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyasında dinləmələr zamanı Demokratiya üçün Milli Fondun Rusiya və Avrasiya proqramının direktoru Miriam Lanskaya bildirib. Konqresdəki ermənipərəst “çete”nin üzvü olan “ictimai-siyasi xadim” Lanskaya ant–Azərbaycan “səlib cəbhəsi”nin fəal üzvlərindən biridir. Konqresdəki çıxışında rəsmi Bakını COP-29-dan əvvəl sülh sazişini imzalamaqdan yayınmaqda suçlayan xanım Lanskayanın sözlərinə görə, Ermənistanla münaqişəyə son qoymaq istəyi Bayden administrasiyası dövründə ABŞ-ın Azərbaycana yönəlik siyasətini formalaşdırıb. Yəni, bu, Azərbaycanda insan haqları və demokratiya məsələlərinə yumşaq yanaşma üzərində qurulubmuş. Bəzi konqresmenlər kimi hay təbliğatının küyünə düşmüş proqram direktoru “siyasi məhbus”, “hərbi əsir” adlandırdığı, Bakıda məhkəməsi davam edən erməni əsilli təqsirləndirilən şəxslərin “azadlığa çıxmalarının” vacibliyindən danışıb. Yəqin ona məhkəmədə nümayiş etdirilən və keçmiş “dqr” liderlərinin cinayət əməllərini sübuta yetirən danılmaz sübutları, video-görüntüləri göndərmək lazımdır. Amma beyni hay nağılları ilə yuyulmuş birisinə bunun təsir edəcəyini söyləmək çətindir.
Məsuliyyət məsələsinə gəldikdə isə, ondan qaçanın real sülhdən yayınmaq üçün Qərblə Şərq arasında vurnuxanın Bakı deyil, İrəvanın olduğunu “unudan” xanım Lanskaya Konqresdəki dinləmələrdə Azərbaycanın ünvanına çeşidli uydurmalar səsləndirməklə gündəmi dəyişməyə çalışmasının səbəbi bizə məlumdur: hayların ideoloji dəyirmanına su tökmək.
Bəli, Avropa Parlamentinin, AŞPA-nın riyakar deputatları, ABŞ Konqresində haylara lobbiçilik edənlər köhnə mərəzlərindən əl çəkmək istəmir, hələ də işğalçını işğala məruz qalan kimi göstərməkdə davam edirlər. Bəlkə də Ermənistan nə vaxtsa demokratik ölkəyə çevrilə bilər, amma, bu, onun üzərindən işğalçı damğasının götrüləcəyinə dəlalət etməyəcək. Aydın məsələdir ki, Qərb AP-dən, AŞPA-dan, Fransadan və ya ABŞ Konqresindəki haypərəstlərdən ibarət deyil. Bu gün Cənubi Qafqazda Azərbaycanın memarı olduğu yeni reallıq şillə kimi onların üzünə çırpılır. Əgər bu ermənipərəst düşərgə yanlış yolun yarısından geri qayıtmasa, çoxdan uzaqlaşmış karvanın arxasınca çığırmaqdan bezməsə, şillə “dəmir yumruğ”a çevriləcək.
İmran BƏDİRXANLI
XQ