“Aztelekom” böyüyür

post-img

“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi”nin (AZCON) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC “Bakı Telefon Rabitəsi” MMC, “AzEvroTel” MMC, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom” İstehsalat Birliyinin Beynəlxalq Avtomat Telefon Stansiyası, Gəncə Telekommunikasiya İdarəsi, “Azərrabitəlayihə” MMC və Sumqayıt Telekommunikasiya Qovşağının ona qoşulması nəticəsində yenidən təşkil edilib.

“Aztelekom” MMC-dən bildirilib ki, yenidən təşkil edilmiş qurum yuxarıda adıçəkilən təşkilatların hüquqi varisi elan edilib və təsisçisi AZCON müəyyənləşdirilib.

Vahid idarəetmə mərkəzinin yaradılması inzibati proseslərin sadələşdirilməsinə, resurslardan istifadə səmərəliliyinin artırılmasına və dövlət vəsaitləri də daxil olmaqla kapital və əməliyyat xərclərinə daha çox qənaət edilməsinə imkan verəcək. Bu struktur dəyişikliyi təkrarlanan prosesləri aradan qaldıracaq, əməliyyatların daha çevik olmasına və qərarvermə prosesinin sadələşdirilməsinə zəmin yaradacaq.

İdarəetmənin yenidən təşkili alt təşkilatlarda mövcud qoşulma proseslərinin optimallaşdırılması, müştəri məmnuniyyəti və rəqəmsal əlçatanlığın da artırılması ilə nəticələnəcək. Yenidən təşkilin əsas məqsədlərindən biri də müştərilərə təqdim edilən xidmət səviyyəsi və keyfiyyətinin yüksəldilməsidir.

Qəzənfər QASIMOV
XQ

 

Son xəbərlər