Bişkekdə Müstəqillik Günü münasibətilə tədbir keçirilib

post-img

Bu gün Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfirliyi tərəfindən Bişkek şəhərinin “Novotel” mehmanxanasında 28 May–Müstəqillik Gününə həsr olunmuş  rəsmi qəbul təşkil etmişdir.

Ziyafətdə Qırğızıstanın hökumət və siyasi-ictimai dairələrin təmsilçiləri, diplomatik nümayəndəliklərin rəhbərləri (Türkiyə, Macarıstan, İsveçrə, İran, Hindistan, Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Ukrayna, Səudiyyə Ərəbistanı, Monqolustan səfirləri, Avropa Birliyinin müvəqqəti işlər vəkili, Şimali Kipr Türk Cümhuriyyətinin QR-dəki nümayəndəliyinin rəhbəri) və diplomatik heyət üzvləri, Azərbaycan, Türk diasporunun, yerli ictimaiyyətin və KİV nümayəndələri iştirak etmişlər.

Rəsmi qəbul mərasimində Qırğızıstan tərəfindən əsas qonaq qismində Qırğızıstan Respublikasının Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət naziri  Meder Maşiyev (həmçinin xarici işlər nazirinin kurator müavini Meder Abakirov) iştirak etmişdir.

Qəbulda səfir Lətif Qəndilov çıxış edərək bildirmişdir ki, 107 il əvvəl 1918-ci ildə Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsini imzalayaraq müsəlman şərqində yaranmış ilk demokratik, dünyəvi dövlət Azərbaycan Demokratik Respublikasının (ADR) təməlini qoymuşdur. Cəmi iki ilə yaxın mövcud olmasına baxmayaraq, ADR Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yer tutmuşdur. Qısa müddət ərzində parlament seçkiləri keçirilmiş, hökumət yaradılmış, dövlət atributları, bayraq, himn təsis edilmiş və respublikanın beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması üçün tədbirlər həyata keçirilmişdir. Müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Demokratik Respublikasının hüquqi varisidir və ADR tərəfindən qəbul edilmiş dövlət atributlarının qorunub saxlanması tarixi davamlılığın təsdiqi olmaqla yanaşı, həm də dövlətçilik tariximizə hörmət və məhəbbətin bariz nümunəsidir.

Daha sonra L.Qəndilov bildirmişdir ki, müasir Azərbaycan müstəqilliyinin qorunub saxlanması və möhkəmləndirilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. H.Əliyev bu il 30 illiyini qeyd etdiyimiz Azərbaycan Respublikasının Konstitusiyasının təşəbbüskarı və müəllifidir.  Bu gün Heydər  Əliyev tərəfindən təməli qoyulan inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Azərbaycan Respublikası ötən müddət ərzində böyük inkişaf yolu keçmiş, özünü təmin edən müasir güclü və nüfuzlu dövlətlərindənbirinə çevrilmişdir.

XX əsrin əvvəlində olduğu kimi XX əsrin sonunda da müstəqilliyimizin ilk illərində Azərbaycan yenidən Ermənistan tərəfindən etnik təmizləmə, torpaq iddiaları ilə qarşılaşmış və işğala məruz qalmışdır. Nəticədə Ermənistanda yaşayan üç yüz min soydaşımız öz evlərindən və torpaqlarındanqovulmuşdur. Bundan başqa Dağlıq Qarabağla birlikdə 20 % ərazimiz Ermənistan tərəfindən işğal edilmiş, nəticədə 1 milyon azərbaycanlı öz torpağında qaçqına çevrilmişdir. Uzun illər dünya ictimaiyyətinin biganəliyi ilə qarşılaşan Azərbaycan xalqı Prezident İlham Əliyev ətrafında sıx birləşmiş, güclü ordu yaradaraq 2020-ci ildə 44 günlük müharibə nəticəsində öz ərazilərini azad etmiş, suverenliyini, bütünlüyünü və bütün əraziləri üzərində konstitusion hüququnu bərpa etmişdir. 

İşğalla üzləşməyimizə baxmayaraq ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında mühüm dünya əhəmiyyətli irimiqyaslı layihələrə imza atılmşdır. Qərb ilə Şərq arasında mühüm körpü rolu oynayan Azərbaycan dünyanın mühüm enerji və nəqliyyat mərkəzinə çevrilmişdir. Bu amillər Azərbaycanda güclü iqtisadiyyat və ordu yaratmasına əsas vermişdir. 

Ermənistanın işğalı nəticəsində Azərbaycan dünyada ən çox mina ilə çirkləndirilmiş ölkələr sırasındadır və 2020-ci ilin noyabr ayından bu günə kimi 400-dən çox azərbaycanlı minaya düşərək həlak olmuşdur. 5 il ərzində aparılan işlərə baxmayaraq hələ də ərazilərimizin 14 % -də mina təhlükəsi qalmaqdadır. İşğal nəticəsində dağıdılmış şəhərlərimizin və kəndlərimizin bərpası üçün ölkəmiz öz imkanlarını səfərbər edərək tezliklə qaçqınların öz evlərinə qaytarılmasınına çalışır. Lakin bu prosesləri ləngidən əsas səbəb mina təhlükəsidir. Azərbaycan aparılan işlərin  95 %-i özünün daxili imkanları hesabına həyata keçirir.

Səfir bildirmişdir ki, hazırda Bakıda separatçı qondarma “Dağlıq Qarabağ” rejiminin rəhbərindən 15 nəfər hərbi cinayətkarın açıq məhkəməsi davam edir. Ermənistan növbəti dəfə Azərbaycanda hərbi, insanlıq əleyhinə cinayətlərdə və digər ağır qanunsuzluqda ittiham olunan erməni əsilli şəxslərin qanuni məhkəmə prosesini pozmaq üçün BMT Məhkəməsinin mexanizmlərindən sui-istifadə etməyə cəhd etmişdir. Lakin Ermənistanın Azərbaycana qarşı ittihamları 25 aprel 2025-ci ildə məhkəmə tərəfindən Azərbaycanın təqdim etdiyi sübutlar əsasında rədd edilmişdir və təqsirləndirilən şəxslərin qondarma ittihamlarla həbs edildiyi və qeyri-insani rəftara məruz qalması ilə bağlı Ermənistanın iddiaları əsassız hesab edilmişdir.

Səfir Ermənistanla aparılan sülh danışıqlarına toxunaraq qeyd etmişdir ki, Azərbaycan Ermənistanla sülh gündəliyinə sadiqdir. Hər iki tərəf bu ilin mart ayında Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin layihəsinin tam razılaşdırıldığını bəyan etmişlər. Azərbaycanın iki şərti Ermənistan tərəfindən yerinə yetirilərsə Azərbaycan tərəfi sülh sazişi imzalamağa hazırdır. Birincisi şərt danışıqlar platforması kimi yaradılmış ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlıdır. Qrupun fəaliyyəti 2020-ci ildən sonra faktiki olaraq dayandırılıb. İkinci şərt isə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır.

Səfir Azərbaycan ilə Qırğızıstan arasında siyasi, iqtisadi və humanitar sahədə münasibətlərin hər tərəfli şəkildə inkişaf etdiyini vurğulayaraq, xalqlarımız arasında ortaq mədəniyyət, dil və din birliyinin nümunəsi olaraq 2024-cü ilin aprel ayında Azərbaycanda Qırğızıstan Mədəniyyət Günlərinin, 2025-ci ilin aprel ayının 20-25-də isə Qırğızıstanda Azərbaycan Mədəniyyət Günlərinin yüksək səviyyədə uğurla keçdiyini bildirmişdir. Həmçinin 2024-cü ilin aprel ayında Bakı şəhərində dahi qırğız yazıçısı və dövlət xadimi Çingiz Aytmatovun abidəsinin aşılısı olmuşdur. Humanitar sahədə əməkdaşlığa nümunə olaraq cari ilin may ayında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Qırğız Respublikasının Fövqəladə Hallar Nazirliyinə 10 ədəd yanğınsöndürmə avtomobilinin hədiyyə edildiyini, Qırğızıstan tərəfindən isə işğaldan azad olunmuş Ağdam rayonunun Xıdırlı kəndində orta məktəbin tikintisinin davam etdiyini bildirmişdir.   

Qırğızıstanla ikitərəfli iqtisadi əlaqələrə toxunan L.Qəndilov bildirmişdir ki, hazırda real iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan-Qırğızıstan İnvestisiya Fondunun büdcəsi 25 milyondan 100 milyon ABŞ dollarına qədər artırılmışdır və artıq real iqtisadi nəticə verəcək 3 layihənin icrasına başlanılmışdır. 

Qırğızıstan Respublikasının Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət naziri Meder Maşiyev Azərbaycan xalqını milli bayram- müstəqillik günü münasibətilə təbrik etmiş və ən xoş arzularını bildirmişdir. Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin böyük tarixi olduğunu qeyd edən nazir, hazırda Azərbaycan ilə Qırğızıstan arasında olan strateji əlaqələrin ölkələrimizin rəhbərlərinin dəstəyi ilə daha yüksək mərhələyə qalxdığını vurğulamışdır. O, Azərbaycanın surətlə inkişaf etdiyini və dünyanın güclü dövlətlərindən birinə çevrildiyini söyləyərək, Qırğızıstanın Azərbaycanın bu uğurlarına sevindiyini qeyd etmişdir.

Daha sonra nazir ikitərəfli münasibətlərin son dövrdə yüksək inkişaf mərhələsinə keçdiyini bildirərək Qırğız prezidentinin 2024-cü ilin aprel ayında Azərbaycana dövlət səfərinin yüksək səviyyədə keçdiyini, iki ölkə arasında ciddi razılaşmalar əldə olunduğunu və əməkdaşlıq istiqamətində çoxlu sayda sazişlərin imzalandığını bildirmişdir.

Sonda səfir Lətif Qəndilov bildirmişdir ki, iki ölkənin Prezidentlərinin səyləri nəticəsində  ölkələrimiz arasında münasibətlər inkişaf edərək geridönməz bir nöqtəyə çatdığını bildirmişdir.

Tədbirin sonunda rəsmi ziyafət təşkil olunub, musiqi kollektivlərinin ifasında Azərbaycan bəstəkarlarının mahnıları səsləndirilmişdir.









Son xəbərlər