Beynəlxalq qaz marşrutunun 7 yaşı tamam olur
Avropanın enerji xəritəsini zənginləşdirən Cənub Qaz Dəhlizi Azərbaycan qazını “köhnə qitə”yə çatdıran etibarlı enerji marşrutudur. Bu u nəhəng qaz ixracı marşrutu 2018-ci il mayın 29-da tam gücü ilə işə düşüb. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib.
Cənub Qaz Dəhlizi ideyası Azərbaycanın yeni neft strategiyasının banisi, ulu öndər Heydər Əliyevə məxsusdur. Belə ki, 1999-cu il iyulun 12-də “Şahdəniz” yatağında əldə edilmiş nəticələrin təqdimat mərasimində Ümummilli liderin “Bizim üçün ən əlverişli bazar Türkiyədir” bəyanatı XXI əsrin yeni enerji dəhlizinin, bir növ, anonsu idi. Ulu öndər Heydər Əliyevin Azərbaycan qazının Türkiyəyə ixracını nəzərdə tutan boru kəməri ilə bağlı mülahizəsi sonradan Avropaya nəhəng bir enerji dəhlizinin açılmasına vəsilə oldu. Bu, Prezident İlham Əliyevin iştirakı və xeyir-duası ilə 2014-cü il sentyabrın 20-də təməli qoyulmuş Cənub Qaz Dəhlizi idi.
“Cənub Qaz Dəhlizi” layihəsinin ilk seqmenti olan “Şahdəniz-2” layihəsi Azərbaycan qazını Avropa və Türkiyəyə çatdıran nəhəng enerji layihəsidir. Sözügedən layihə “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində hasil olunan illik 10 milyard kubmetrdən əlavə daha 16 milyard kubmetr qaz hasilatını nəzərdə tutur. 2006-cı ilin sonlarında istismara verilmiş “Şahdəniz” yatağının ilkin balans ehtiyatı 1 trilyon kubmetrdən artıq təbii qaz və 2 milyard bareldən artıq kondensat həcmində qiymətləndirilib. “Şahdəniz-2” layihəsi Avropa bazarlarının “mavi yanacaq”la təchizatına, bir sıra ölkələrin enerji təhlükəsizliyinə mühüm töhfələr verir.
Cənub Qaz Dəhlizi isə üç müxtəlif magistral qaz kəmərinin birləşməsindən ibarətdir. Başlanğıcını Xəzər dənizinin sahilində yerləşən Səngəçal terminalından götürən bu nəhəng enerji dəhlizi İtaliyanın cənubuna doğru Adriatik dənizinin dibindən keçməklə 3500 kilometr məsafə qət edir. Layihənin məqsədi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının 1-ci və 2-ci mərhələri çərçivəsində hasil edilən təbii qazın Türkiyə və Avropa bazarlarına çatdırılmasını təmin etməkdir.
Cənub Qaz Dəhlizinin ilk hissəsini Cənubi Qafqaz Boru Kəməri təşkil edir. Uzunluğu 692 kilometr olan bu kəmər “Şahdəniz” yatağından hasil edilən qazı Gürcüstan – Türkiyə sərhədinə nəql etmək məqsədilə inşa edilib. Başlanğıcını Səngəçal terminalından götürən bu boru kəməri Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı – Tbilisi – Ceyhan neft kəməri ilə eyni dəhlizdə çəkilib. Boru kəməri 2007-ci ilin əvvəllərində istismara verilib.
2011-ci ildə Avropa Komissiyası və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalayıblar. Sözügedən sənəd TANAP və TAP-la bağlı hökumətlərarası sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaradıb. Bir il sonra isə Azərbaycan və Türkiyənin dövlət başçıları Trans-Anadolu Qaz Boru Kəməri ilə bağlı müqaviləyə imza atıblar.
Sonrakı illərdə imzalanmış mühüm sənədlər, qəbul edilmiş bir sıra vacib qərarlar Xəzər regionunu Avropa ilə birləşdirən Cənub Qaz Dəhlizi kimi meqa layihənin ərsəyə gəlməsi ilə nəticələnib. Beləliklə, 2014-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Cənub Qaz Dəhlizinin təməli qoyulub. “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələri Cənub Qaz Dəhlizinin əsas seqmentləri sayılır.
Cənub Qaz Dəhlizinin yaradılması, ilk növbədə, 2006-cı ilin sonlarında istifadəyə verilmiş Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi zərurətini yaradıb. Bu məqsədlə marşrutun Azərbaycan ərazisindən keçən hissəsində yeni boru kəməri inşa olunub. Bununla da, illik ötürmə qabiliyyəti 7,4 milyard kubmetr təşkil edən Cənubi Qafqaz Boru Kəmərinin gücü 24 milyard kubmetrə çatdırılıb. Gələcəkdə isə lazım gəldiyi təqdirdə kəmərin illik ötürmə qabiliyyəti 34 milyard kubmetrə çatdırıla bilər.
“Şahdəniz” qazını Türkiyənin dərinliklərinə nəqlini həyata keçirən TANAP-ın təməlqoyma mərasimi 2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində keçirilib. Bununla da, boru kəmərinin inşasına start verilib. 12 iyun 2018-ci il tarixində isə Əskişəhərdə Cənub Qaz Dəhlizinin mühüm hissəsi olan Trans-Anadolu Boru Kəmərinin açılışı olub. Həmin ayın 30-da ilk kommersiya qazının bu kəmərlə Türkiyəyə nəqlinə başlanılıb. Noyabrın 30-da isə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Uzunluğu 1850 kilometr olan TANAP-ın illik ötürmə gücü hazırda 16,2 milyard kubmetr təşkil edir. Azərbaycanın zəngin qaz ehtiyatları, eləcə də Avropada “mavi yanacağa” tələbatın artması ilə əlaqədar gələcəkdə sözügedən kəmərin illik ötürmə qabiliyyətinin 30,7 milyard kubmetrədək artırılması gözlənilir.
Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik Boru Kəməri Xəzər regionunun qazını Avropaya nəql etmək məqsədilə inşa edilib. Adıçəkilən kəmərin təməlqoyma mərasimi 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində keçirilib və tikinti işlərinə başlanılıb. Qeyd edək ki, uzunluğu 880,8 kilometr olan kəmərin 551,5 kilometri Yunanıstan, 215,9 kilometri Albaniya, 105 kilometri Adriatik dənizi, 8,4 kilometri isə İtaliya ərazisindən keçir. Hazırda kəmərlə il ərzində 10 milyard kubmetr qaz nəql olunur. Lakin yaxın illərdə Avropaya qaz tədarükünün artması ilə əlaqədar olaraq bu həcmin 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.
TAP kəməri 2020-ci il noyabrın 15-də istismara verilib və kommersiya fəaliyyətinə başlamağa hazır vəziyyətə gətirilib. Həmin il dekabrın 31-də isə Azərbaycan kommersiya qazının TAP vasitəsilə Avropaya tədarükünə başlanılıb. Bununla da, ölkəmiz Cənub Qaz Dəhlizi kimi nəhəng enerji marşrutu vasitəsilə Avropanın mühüm qaz tədarükçülərindən birinə çevrilib.
Artıq 7 ildir ki, Azərbaycanın enerji resurslarının şaxələndirilməsinə xidmət edən Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsinin zənginləşdirilməsinə mühüm töhfələr verir. Ötən müddətdə bu əvəzolunmaz layihə ölkəmizi mühüm enerji müttəfiqinə və strateji tərəfdaşa çevirib. Təsadüfi deyil ki, Azərbaycan qazını mühüm mənbə kimi səciyyələndirən Prezident İlham Əliyev Cənub Qaz Dəhlizini yeni enerji damarı, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihə adlandırıb. Dövlətimizin başçısı deyib: “Bu layihə, həqiqətən də, uğur hekayəsidir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Çünki Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı”.
Hazırda Azərbaycan Türkiyə və Gürcüstan da daxil olmaqla 12 ölkəyə “mavi yanacaq” ixrac edir. Bunun da 10-u Avropa ölkəsidir. 2021-ci ilin əvvəlindən etibarən 2024-cü ilin sonlarınadək Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına 44,5 milyard kubmetr “mavi yanacaq” ixrac olunub. Bununla belə “köhnə qitə”də təbii qaza ciddi ehtiyac duyulduğu indiki şəraitdə bu siyahının daha da genişlənəcəyi şəksizdir. Eyni zamanda, ölkəmizin zəngin qaz ehtiyatları fonunda yeni-yeni yataqların istismara verilməsi Cənub Qaz Dəhlizinin genişləndirilməsinə zərurət yaradır.
Göründüyü kimi, Cənubi Qafqaz Boru Kəmərindən başlayan yol sonradan Cənub Qaz Dəhlizi kimi nəhəng bir magistrala çevrilib. Onun reallaşması müstəqil Azərbaycanın nail olduğu bir uğur hekayəsi idi. Məhz bu hekayənin reallaşması istiqamətində atılan addımlar insanlarda gələcəyə inam yaradıb. Müqavilənin reallaşması müxtəlif ölkələrdən olan insanları bir araya gətirib. Onlar terminallar tikib, boru kəməri çəkib, platformalar inşa ediblər. Eyni zamanda, Xəzərin dərin qatlarındakı təbii ehtiyatları çıxarmaq üçün ölkəmizə müasir texnologiyalar gətirilib. Bununla da, Xəzər kimi qapalı bir hövzə Avropanın böyük qaz bazarları ilə birləşdirilib. Bu, təkcə enerjinin zəfəri deyildi, ölkənin qarşıdakı böyük uğurlarının başlanğıcı və ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Azərbaycanın neft-qaz strategiyasının təntənəsi idi.