KOBİA regionlarda biznes layihələrini fəal dəstəkləyir

post-img

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) regionlarda həyata keçirilmiş və icrası davam edən 18 layihəyə indiyə qədər 300 min manatdan çox qrant ayırıb. Bununla yanaşı, ötən müddətdə regionlarda fəaliyyət göstərən 40 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib.

Regionlarda mövcud biznes potensialının reallaşdırılması, yeni kiçik və orta biznes subyektlərinin yaradılması və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, eləcə də iş adamlarının investisiya təşəbbüslərinin dəstəklənməsi məqsədilə KOBİA-nın geniş infrastruktur şəbəkəsi var. Agentlikdən bildiriblər ki, sahibkarlıq fəaliyyətinə başlamaq və biznesini inkişaf etdirmək istəyən iş adamları dəstək və xidmətlər üçün KOBİA-nın KOB evlərinə, 50-dən çox şəhər və rayonu əhatə edən KOB dostu şəbəkəsinə və KOB inkişaf mərkəzlərinə müraciət edə bilərlər.

Məhsul və xidmətlərinin satışına və tanıdılmasına dəstək üçün bölgələrdə 930-a yaxın biznes subyketinin iştirakı ilə 16 sərgi və yarmarka təşkil edilib. Ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmindən faydalanmış sahibkarların 15-ə yaxını regionlardandır. Bölgələrdə yeni məhsul və xidmət istehsalı üzrə sahibkarların müraciətləri və KOBİA-nın təşəbbüsü ilə 3 daxili bazar araşdırması aparılıb.

Agentlik bu günə qədər regionlarda fəaliyyət göstərən sahibkarlar və biznesə başlamaq istəyən şəxslər üçün ödənişsiz olaraq 3 mindən çox təlim, 80 min saata qədər məsləhət xidməti təşkil edib. KOBİA-nın dəstəyi ilə hazırlanmış biznes planların 700-ə yaxını da region sahibkarlarının və ya bölgələrdə icra olunacaq layihələrin payına düşür.

Bölgələrdəki sahibkarların biznes sahəsindəki yeniliklər və müasir çağırışlar, mövcud dövlət dəstəyi alətləri barədə məlumatlandırılması, qarşılaşdıqları məsələlərin, ehtiyac və təkliflərinin öyrənilərək müvafiq qurumlarla birgə həlli məqsədilə indiyədək KOBİA tərəfindən 20 mindən çox sahibkarın iştirakı ilə 580-ə yaxın sahəvi görüş və maarifləndirmə tədbiri təşkil olunub.

İqtisadiyyat