YAP nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətində səfərdədir

post-img

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) hakim Ulusal Birlik Partiyasının (UBP) dəvəti ilə Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Musa Quliyev, Mərkəzi Aparatın Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Taleh Həsənzadədən ibarət YAP nümayəndə heyəti Barış Hərəkatının 51-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün bu ölkədə səfərdədir.

YAP-dan AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti səfər çərçivəsində bir sıra görüşlər keçirib. Belə ki, iyulun 19-da Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar nümayəndə heyətini qəbul edib. Görüş zamanı Azərbaycan ilə ŞKTC arasında tarixi ənənələrə əsaslanan dostluq və qardaşlıq münasibətləri vurğulanıb, siyasi partiyalar arasında əlaqələrin inkişafının əhəmiyyəti qeyd olunub. Tərəflər mədəniyyət, təhsil və gənclər sahələrində birgə təşəbbüslərin, müştərək layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Nümayəndə heyəti, eyni zamanda, Şimali Kiprin Baş naziri Ünal Üstel ilə də görüşüb. Görüş zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı ticarət imkanlarının araşdırılması, turizm, təhsil və digər sosial sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında müzakirələr aparılıb. Tərəflər regionda sülhün və sabitliyin qorunmasının vacibliyini də xüsusi olaraq qeyd ediblər.

Bundan əlavə, YAP nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler ilə görüş keçirib. Görüşdə parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi, qanunverici orqanlar arasında təcrübə və informasiya mübadiləsi, eləcə də qanunvericilik sahəsində birgə müzakirələrin təşkil olunması imkanları dəyərləndirilib. Qarşılıqlı səfərlərin və komitələrarası əməkdaşlığın gücləndirilməsi xüsusi olaraq vurğulanıb.

Günün sonunda heyət Barış Hərəkatının 51-ci ildönümü münasibətilə Ziya Öztürkler və xanımı Oya Öztürklerin adından verilən rəsmi ziyafətdə iştirak edib.























Son xəbərlər