Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndə heyəti Türkiyənin Ankara şəhərinə işgüzar səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Respublikasının Ticarət Nazirliyinin tabeliyində İstehlakçıların Müdafiəsi və Bazara Nəzarət Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən istehlakçı şurasının 29-cu iclasında fəxri qonaq qismində iştirak edib.
İllik iclasda agentliyin istehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı çıxış edərək istehlakçı hüquqlarının müdafiəsi sahəsində Türkiyə təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayıb. İstehlakçıların Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkənin Mentorluq Proqramı çərçivəsində həyata keçirilən əməkdaşlıq layihələri və müasir yanaşmaların tətbiqindən söz açılıb.
Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində agentliyin tənzimləyici fəaliyyəti, o cümlədən pozuntu halları ilə effektiv mübarizə metodları diqqətə çatdırılıb, istehlakçıların qanunvericiliklə təminat verilmiş hüquqlarını əhatə edən geniş maarifləndirmə tədbirlərindən bəhs olunub.
Qeyd edək ki, ənənəvi olaraq hər il keçirilən iclasın əsas məqsədi Türkiyədə istehlakçıların hüquqlarının qorunması ilə bağlı zəruri tədbirlərin icrası, qanunvericiliyin təkmilləşdirilməsinə dair rəylərin nəzərdən keçirilməsi, o cümlədən müvafiq sahədə atılan addımlar, həyata keçirilən layihə və təşəbbüslərin müzakirəsidir.
XQ