Prokurorluq orqanları da dövlət suverenliyinin keşikçiləridir

post-img

“Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda beynəlxalq konfransdan qeydlər

Sentyabrın 22-də Bakıda “Konstitusiya və Suverenlik İli” çərçivəsində, eləcə də Azərbaycan Prokurorluğunun peşə bayramı və 107 illik yubileyi ərəfəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda dəyirmi masa formatında beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda Uqanda, Laos, Tanzaniya, Keniya Baş prokurorları və Türkiyə Baş Prokurorluğunun nümayəndələri iştirak edirdilər.

Qonaqlar konfransın rəsmi hissəsinə keçməzdən əvvəl Azərbaycan Respublikası Prokurorluğunun 107 ildə keçdiyi şərəfli yolu əks etdirən “Baş prokurorluq –107 il” qısametrajlı sənədli filminə tamaşa etdilər. Sonra Baş prokuror Kamran Əliyev tribunaya qalxıb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq konfrans iştirakçılarına müraciətini səsləndirdi.

Dövlət başçısının qəzetimizin bugünkü sayında da dərc edilən müraciətində qeyd edilir ki, dost ölkələrin milli prokurorluq xidmətlərinin rəhbər şəxslərinin də daxil olduğu nümayəndə heyətlərinin bu tədbirə qatılması dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsinə verdikləri önəmin təzahürüdür.

Azərbaycan Prezidenti müraciətdə prokurorluq orqanlarının fəaliyyətinə yüksək qiymət verərək deyir: “Milli prokurorluq orqanları cinayətkarlığın bütün təzahürlərinə, o cümlədən dövlətin konstitusiya quruluşunun əsaslarına qəsd edən cinayətlərə qarşı mübarizənin ön sırasında dayanırlar. Bununla da onlar təkcə qanunçuluğun təmin edilməsi vəzifəsini yerinə yetirmir, eyni zamanda, konstitusion nizamın və suverenliyin qorunmasına xidmət edirlər. Bu baxımdan prokurorluq orqanları da dövlət suverenliyinin keşikçiləri hesab olunurlar.

Sonra Baş prokuror konfransın işini açıq elan edərək məruzə ilə çıxış etdi. Kamran Əliyev dəyirmi masa iştirakçılarına bildirdi ki, müasir Azərbaycan Konstitusiyası 1995-ci ildə ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və ümumxalq müzakirəsindən sonra 1995-ci il noyabrın 12-də referendumda Azərbaycan xalqının səs çoxluğu ilə qəbul olunmuş ilk milli Konstitusiyamızdır və bu Əsas Qanun bu gün də dövlətçiliyimizin əsas dayağı olaraq qalır.

Natiq həmçinin vurğuladı ki, konstitusiya Əsas Qanun olaraq hər bir dövlətin təməl sütünunu təşkil edir. “Bizim hazırda 30 illiyini qeyd etdiyimiz bu Konstitusiya da suverenliyimizin və ərazi bütövlüyümüzün qorunmasının, hüquqi və dünyəvi dövlətin möhkəmləndirilməsinin, vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsinin, beynəlxalq müstəvidə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafının möhkəm hüquqi əsasıdır”.

Baş prokuror Ermənistanın Azərbaycana təcavüzü və torpaqlarımızı işğal altında saxladığı 30 il ərzində törətdiyi vəhşilikləri də qonaq həmkarlarının diqqətinə çatdırdı və bildirdi ki, Ermənistan tərəfindən torpaqlarımızın işğalı nəticəsində minlərlə insan həlak olmuş, iqtisadiyyata, ətraf mühitə, tarixi və mədəniyyət abidələrinə külli miqdarda ziyan vurulmuşdur.

Bu faktların istintaqının aparıldığı və hazırda məhkəmə baxışında olan erməni əsilli şəxslərin təqsirləndirilməsinə dair cinayət işində əksini tapdığı diqqətə çatdırıldı.

Kamran Əliyev məruzəsində daha sonra dedi: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə rəşadətli Azərbaycan Ordusunun Ermənistan Respublikasının silahlı qüvvələrinə qarşı əks-hücum həmləsi ilə başlanan 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi qələbə, eləcə də müharibədən sonra əzəli Azərbaycan torpağı olan Qarabağda fəaliyyət göstərən separatçı rejimə qarşı 19-20 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən antiterror əməliyyatları nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edilmiş və Azərbaycan dövlətinin suverenliyi tam bərpa edilməklə Konstitusiyamızın qüvvəsi bütün ölkə ərazisinə şamil edilmişdir.

Bunun tarixi əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi qeyd olunmaqdadır”.

Baş prokuror məruzəsində həmçinin torpaqlarımız işğaldan azad edildikdən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməyə başlanmasından, sürətlə ağıllı kəndlər və şəhərlər salınmasından, yeni iş yerləri, istehsalat, habelə təhsil müəssisələri, o cümlədən Xankəndi şəhərində Qarabağ Universitetinin təsis edilməsindən danışdı.

Natiq xüsusi qeyd etdi ki, Azərbaycan həmişə olduğu kimi bu gün də sülhün tərəfdarıdır. Bu il avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanması məhz bunun bariz nümunəsidir. Bu sənəd təkcə iki dövlət arasında münasibətlərin yeni səhifəsi deyil, həm də Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin, habelə iqtisadiyyatın daha da inkişaf etdirilməsinin təmin olunması baxımından tarixi dönüş nöqtəsidir. Sənədin tarixi dəyəri bir də ondadır ki, orada Azərbaycanın suverenliyinin dünya miqyasında tanınması təsdiqini tapır.

Kamran Əliyev Azərbaycan Prokurorluğunun yüz ildən artıq bir tarixə malik olduğunu, çətin və mürəkkəb sınaqlarla zəngin şərəfli və məsuliyyətli yol keçdiyini, bir neçə inkişaf mərhələsindən keçərək kamil bir quruma çevrildiyini faktlarla qeyd etdi. Sonra o, müstəqil Azərbaycanın ilk Konstitusiyasının milli prokurorluq orqanlarının dövlətin və cəmiyyətin həyatında yeri və roluna yeni baxış gətirdiyini açıqladı. Qeyd edildi ki, Konstitusiyada prokurorluq məhkəmə hakimiyyətinə aid edilsə də, Əsas Qanun prokurorluğun müstəqilliyini təsbit edir. “Konstitusiya və sahəvi qanunlarla prokurorluq dövlətin və cəmiyyətin mənafeyini müdafiə edən ali orqan kimi müəyyən edilir. Prokurorluğun Azərbaycan Konstitusiyasında müəyyən edilmiş statusu qanunun aliliyinin təmin olunması, insan və vətəndaş hüquqlarının müdafiəsi, dövlətin və cəmiyyətin maraqlarının qorunması sahəsində müstəqil və obyektiv fəaliyyət göstərməsinə təminat verir”, – deyə Baş prokuror vurğuladı.

Kamran Əliyev çıxışının sonunda Azərbaycanın dəvətini qəbul edib Bakıya gəldiklərinə və konfransda iştirak etdiklərinə görə qonaq həmkarlarına təşəkkür etdi və bu konfransın qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət edəcəyini qeyd etdi.

Konfransda çıxış edən Keniyanın Baş prokuroru Renson İnqonqa vurğuladı ki, bu gün Azərbaycan və Keniyanı birləşdirən ortaq dəyərlər– ədalət, hüququn aliliyi və insan hüquqlarına hörmətdir.

Qonaq Azərbaycan Konstitusiyası ilə bağlı fikirlərini açıqlayaraq qeyd etdi ki, bu Konstitusiya Azərbaycanın suverenliyinin, birliyinin və hüququn aliliyi əsasında demokratik dövlət qurmaq əzm və iradəsinin canlı ifadəsidir. "O, bərabərlik, insan ləyaqəti və sosial ədalət prinsiplərini təsbit edir və bununla da hər bir vətəndaşın hüquq və azadlıqlarının təmin edildiyi möhkəm bünövrə yaradır. Konstitusiyanın ən mühüm xüsusiyyətlərindən biri dövlət hakimiyyətinin mənbəyi kimi xalqı tanımasıdır. Bu fundamental prinsip idarəetmənin xalqın iradəsindən qaynaqlandığını və onların rifahı naminə həyata keçirildiyini təmin edir. Prokurorlar olaraq bizim vəzifəmiz bu hüquqların yalnız mətnlərdə qalmamasını, vətəndaşların gündəlik həyatında real şəkildə hiss olunmasını təmin etməkdir. Hər bir cinayət işində təqsirsizlik prezumpsiyasını qorumaq, ədalətli məhkəmə təminatını və qurbanların ləyaqətini müdafiə etmək məsuliyyətimizdir”, – deyə Keniyanın Baş prokuroru xüsusi vurğuladı.

Laos Xalq Demokratik Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Saysana Kotputan isə çıxışına Beynəlxalq Bakı konfransının əhəmiyyətini diqqət çəkməklə başladı. Natiq qeyd etdi ki, Bakıda keçirilən beynəlxalq konfrans əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açır. Bu elə bir platformadır ki, burada öz təcrübəmizi bölüşə bilərik.

Öz ölkəsinin Ali Xalq Prokurorluğunun fəaliyyətindən bəhs edən qonaq bildirdi ki, Laosda Konstitusiya 1992-ci ildə qəbul olunub və mühüm milli sənədləri özündə əks etdirir: “Laosun Ali Xalq Prokurorluğu Konstitusiyada qanunların düzgün icrasına nəzarət edən, təqsirləndirilən şəxslərin məhkəməyə verilməsi səlahiyyətinə malik olan orqan kimi təsbit edilib. Prokurorluq Konstitusiya ilə verilən səlahiyyətləri lazımı şəkildə həyata keçirir və müstəqilliyini qorumaq məqsədilə güclü daxili nəzarət mexanizmi mövcuddur. Laos Ali Xalq Prokurorluğu hüququn aliliyini möhkəmləndirmək məsuliyyətini öz üzərində daşıyır”.

Konfransda çıxış edən Türkiyə Respublikasının Ali Məhkəməsinin prokuroru Tayfun Gün Türkiyədə konstitusiya prosesinin müxtəlif mərhələləri barədə məlumat verdi. O, 1921-ci il Konstitusiyasında prokurorluq institutuna yer verilmədiyini, lakin sonrakı konstitusiyalarda məhkəmələrin müstəqilliyi, hakim və prokurorların təminatı ilə bağlı müddəaların təsbit olunduğunu diqqətə çatdırdı. Tayfun Gün qeyd etdi ki, prokurorluq dövlətin suverenliyinin qorunmasında, ictimai qaydaların təmin olunmasında və cinayətlərin qarşısının alınmasında mühüm institut kimi çıxış edir.

Azərbaycan Konstitusiyası ilə bağlı düşüncələrini bölüşən Tanzaniya Birləşmiş Respublikasının Dövlət Prokurorluğunun direktoru Silvester Antoni Mvakitalu qeyd etdi ki, bu çərçivə sənədi əsasında qanunun aliliyi qorunur: “Tanzaniya və Azərbaycan suverenliyə, qanunun aliliyinə və sülh şəraitində dinc yaşamaq prinsiplərinə sadiqdir. Azərbaycan bunun üçün uzun bir yol keçib. İnkişafın təmin edilməsi naminə bu çərçivə sahəsində addımlar atılıb. Azərbaycan davamlı şəkildə öz ideyalarını nümayiş etdirir. Məhkəmə hakimiyyətinə gəldikdə, Konstitusiya onun təməl daşıdır. Konstitusiya fundamental şəkildə vətəndaş, insan hüquq və azadlıqlarının qorunmasının təməlidir. Tanzaniya da eyni mövqedən çıxış edir”.

Uqanda Respublikasının Dövlət Prokurorluğunun direktoru Odumbi Ceyms Over isə çıxışında Bakı konfransına yüksək qiymət verərək bildirdi ki, “bugünkü dəyirmi masa ölkələrimizin prokurorluq institutlarını birləşdirən ortaq dəyərlərin nümayişidir. Konstitusiya çərçivələrimizlə bağlı fikir mübadiləsi etməklə prokurorluğun müstəqilliyinin müxtəlif istiqamətlərdə necə möhkəmləndirilə biləcəyimiz barədə anlayışımızı dərinləşdirə, konstitusiyanın inkişafı və qanunun aliliyi ilə bağlı dəyərli perspektivlərə töhfə verə bilərik”.

Uqandalı qonaq onu da vurğuladı ki, qarşılaşdığımız çağırışlar qlobal xarakter daşıyır, korrupsiya, mütəşəkkil cinayətkarlıq və demokratik təsisatlar üçün təhlükələr sərhədləri aşır. Beləliklə, biz bu görüşdən konstitusiya mandatlarımızın xalqlarımızın suverenliyini qorumaqla bu çağırışlara necə uyğunlaşa biləcəyini müzakirə etmək üçün platforma kimi istifadə edə bilərik”.

Çıxışlardan sonra konfrans iştirakçıları mövzu ətrafında müzakirələr apardılar. Geniş fikir mübadiləsi zamanı prokurorluq orqanlarının konstitusion statusunun möhkəmləndirilməsinin, onların fəaliyyətinin şəffaf, effektiv və hüquqi dövlət prinsiplərinə uyğun təşkil olunmasının əhəmiyyətini xüsusi vurğuladılar.

Bununla da konfrans öz işinə yekun vurdu.

İlqar RÜSTƏMOV
XQ

Son xəbərlər