Türk Dünyası Arxeoloqları Hacettepe Universitetində keçirilən tədbirlərdə iştirak edib

post-img

Türk dünyasının aparıcı arxeoloqları Ankaradakı Hacettepe Universitetinin laboratoriyaları ilə tanış olublar. 

Astanadakı Türk Akademiyası mətbuat xidmətinin verdiyi məlumata görə,Türk Dünyası Araşdırma İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin Qaziantepdə keçirilən ikinci toplantısından əvvəl iştirakçılar universitetin tədqiqat laboratoriyaları – Antropologiya laboratoriyası və HÜNİTEK Laboratoriyası ilə tanış olublar.  

İclasda Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Hacettepe Universitetinin rektoru Mehmet Cahit Güran, Türk Tarix Qurumunun sədri Yüksel Özgen, Atatürk Mədəniyyət, Dil və Tarix Ali Şurasının sədri Derya Örs, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstan, Monqolustan arxeoloqları və alimləri iştirak edib.

Laboratoriyaya səfər təşəbbüsü akademik Şahin Mustafayev tərəfindən 2023-cü ildə Səmərqənddə keçirilən ARICA-nın təsis yığıncağında irəli sürülüb. O zaman Akademiyanın rəhbəri türk ölkələrinin elmi və texnoloji suverenliyi məsələsinə toxunaraq vurğulamışdı ki, öz laboratoriyalarının olmaması alimləri arxeoloji tapıntıları təhlil üçün başqa ölkələrə üz tutmağa məcbur edir.

Türk Akademiyası ilə Hacettepe Universiteti arasında əməkdaşlıq praktiki səviyyədə uğurla inkişaf edir. 2024-cü ildə Akademiyanın Qazaxıstanın Manqistau vilayətində apardığı ekspedisiyası zamanı aşkar edilmiş arxeoloji materiallar arxeogenetik və antropoloji tədqiqatlar üçün universitetin laboratoriyasına göndərilib.

Şahin Mustafayev deyib:"Biz öz elmi infrastrukturumuzu gücləndirməli və ölkələrimizdə dünya səviyyəli tədqiqatlar aparmalıyıq. Bu təkcə elmi tərəqqi deyil, həm də mədəni suverenliyin qorunması məsələsidir”. 

Qulu Kəngərli,
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd 

 

 







Son xəbərlər