“XIX-XX əsrin əvvəlləri Naxçıvan tarixi ilə bağlı arxiv sənədləri” kitabı nəşr olunub

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları – tarix üzrə fəlsəfə doktorları Yaşar Rəhimov və İlhami Əliyevin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən Rusiya Dövlət Tarix Arxivindən əldə edilmiş sənədlər əsasında yeni kitabı hazırlanıb. 

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən verilən məlumata görə, “Apostrof-A” nəşriyyatında işıq üzü görən 356 səhifəlik kitabın ön sözünün müəllifi və redaktə edən tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov, tərtib edən isə tarix üzrə fəlsəfə doktoru,  dosent İlhami Əliyevdir. Nəşrin hazırlanması Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin məktubu əsasında, AMEA Naxçıvan Bölməsi rəhbərliyinin göstərişi ilə həyata keçirilib.

Bu məqsədlə tədqiqatçılar Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə ezam olunublar. Onlar Rusiya Dövlət Tarix Arxivində Naxçıvanın XIX–XX əsrlər tarixinə dair saxlanılan sənədləri araşdıraraq, müvafiq materialların surətlərini əldə ediblər.

Əldə olunan sənədlər əsasında hazırlanan kitab Naxçıvanın tarixi keçmişinin daha dərindən öyrənilməsinə, həmçinin bölgənin Rusiya arxivlərində qorunan məxəzlər əsasında yeni faktlarla işıqlandırılmasına xidmət edir.

Sənədlər toplusunda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan diyarının XIX-XX əsrin əvvəllərinə aid ictimai-siyasi tarixi, iqtisadi həyatı, əhalisi və tarixi coğrafiyası ilə bağlı sənədlərin əsli(fotoso) verilib. 

Kitabdan tədqiqatçılar, magistrlər doktorantlar, ümumiyyətlə Naxçıvan tarixini araşdıranlar faydalana bilərlər.  

Səbuhi HƏSƏNOV

Son xəbərlər