Bakıda Rumıniyanın Milli Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.
Rumıniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare ölkəsinin tarixindən, Milli Günün əhəmiyyətindən bəhs edib. O, 1918-ci ildə Alba Yuliyada Bessarabiya, Bukovina və Transilvaniya rumınlarının bir araya gələrək Böyük Birliyi elan etməsinin Rumıniya dövlətçiliyinin formalaşmasında mühüm rol oynadığını bildirib.
Azərbaycanla Rumıniya arasındakı dostluq münasibətlərindən danışan səfir bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, siyasət, iqtisadiyyat, energetika, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayıb.
Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Musa Qasımlı çıxışında Prezident İlham Əliyevin Rumıniya dövlətinə və xalqına Milli Gün münasibətilə səmimi təbriklərini çatdırıb.
Rumıniyanın 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi xüsusi əhəmiyyət daşıdığını qeyd edən M.Qasımlı bildirib ki, Ulu Öndər Heydər Əliyevin Rumıniyaya səfəri ilə təməli qoyulan münasibətlər bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
XQ

