Milli Məclisdə Azərbaycan dili müzakirəsi

post-img

Dekabrın 8-də Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: mövcud vəziyyət və perspektivlər” adlı konfrans keçirilib.

Konfransda hökumət üzvləri və nümayəndələri, dilçi-alimlər, ədəbiyyat xadimləri, media sahəsində fəaliyyət göstərən qurumların rəhbərləri, Milli Məclisin deputatları, Parlament Aparatının məsul şəxsləri və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, konfransın məqsədi Azərbaycan dilinin qorunması və inkişafı strategiyalarını müzakirə etmək, bu istiqamətdə parlamentin, elmi ictimaiyyətin və ziyalıların vəzifələrini müəyyən etməkdir. O qeyd edib ki, dilimizin qorunması sahəsində, həm də dövlət dili səviyyəsinə yüksəldilməsi istiqamətində ulu öndər Heydər Əliyevin atdığı tarixi addımlar danılmazdır.

Dil siyasətinin yeni mərhələsindən danışan Sahibə Qafarova diqqətə çatdırıb ki, qarşıya qoyulan əsas hədəflər müasir metod və texnologiyalarla dil tədrisinin təkmilləşdirilməsi, mediada və ictimai məkanda ədəbi dil normalarına əməl olunması, terminologiyanın geniş elmi bazada eyniləşdirilməsi və yenilənməsi, Azərbaycan dilinin dünya elmi və mədəni məkanında nüfuzunun artırılması, Azərbaycan dilinin rəqəmsal və texnoloji platformalarda tam funksional tətbiqi, süni intellekt sistemlərinə dilimizin inteqrasiyasıdır.

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, AMEA-nın prezidenti, Toponimiya komissiyasının sədri akademik İsa Həbibbəyli, Milli Məclis sədrinin müavini Rafael Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Xalq şairi Sabir Rüstəmxanlı, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, Audiovizual Şuranın sədri İsmət Səttarov və digərləri çıxış ediblər.

Çıxışlarda Azərbaycan dilinin saflığının qorunması, mediada dilin düzgün istifadəsi, rəsmi, mədəni və işgüzar mühitdə, ədəbiyyatda, ümumiyyətlə, ictimai həyatın bütün sahələrində ədəbi dil normalarına riayət olunması, təhsil sistemində Azərbaycan dilinin tədrisinin keyfiyyətinin yüksəldilməsi, elmi-metodik əsaslarının təkmilləşdirilməsi, AMEA-nın dövlət dili siyasətinə elmi dəstəyi, normativ bazanın elmi əsaslarla hazırlanması və dövrün çağırışlarına uyğun yenilənməsi, Azərbaycan toponimlərinin qorunması ilə bağlı fikirlər bildirilib, rəy və təkliflər səsləndirilib.

XQ

Son xəbərlər