Azərbaycanlı alim Özbəkistan universitetində Azərbaycan–özbək folklor əlaqələrinə dair ustad dərsləri keçib

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova Özbəkistanın Xarəzm vilayətindəki Əbu Reyhan Biruni adına Urgənc Dövlət Universitetinin (UDU) filologiya və incəsənət fakültəsinin IV kurs tələbələrinə “Azərbaycan və özbək folklorşünaslıq əlaqələri” fənni üzrə ustad dərsləri keçib. 

Məşğələlər tələbələrin böyük marağına səbəb olub, mövzular ətrafında geniş elmi müzakirələr aparılıb. Aynur İbrahimova məruzələrində folklor nəzəri irsinin özünəməxsus xüsusiyyətləri və zəngin ənənələri, Azərbaycan və özbək folklorşünaslığının aktual problemləri, xalq ədəbiyyatının təsnifatı və dövrləşdirilməsi, folklorun digər elm sahələri ilə qarşılıqlı əlaqəsi, şifahi xalq yaradıcılığının erkən qaynaqları haqqında ətraflı məlumat verib. Dərslər zamanı Azərbaycan və özbək mərasim folkloru, hər iki xalqda mərasim folkloru ilə bağlı formalaşan kiçik janrlar, mövsüm və mərasim nəğmələrinin xüsusiyyətləri, qədim türk dastanları, aşıq-baxşı yaradıcılığının üslub və forma xüsusiyyətləri diqqətə çatdırılıb. Bununla yanaşı tələbələrə Azərbaycan və Özbəkistanda uşaq folklorunun tədqiqi tarixi, uşaq folklorunun janrları, eləcə də yeni dövr folklor yaradıcılığına dair mövzular təqdim olunub. Ustad dərsləri çərçivəsində alim “Ulu Öndər Heydər Əliyev və Azərbaycan–Özbəkistan mədəni əlaqələri”, “Azərbaycan folkloru və türk arealı”, “Azərbaycan və özbək şifahi xalq ədəbiyyatının növləri və janrları”, “Folklor və tarix”, “Folklor və dil”, “Qədim türk dastan və eposları”, “Özbək və Azərbaycan folklor tədqiqatçıları” mövzularında ustad dərsləri keçib.

Səfər müddətində alim filologiya və incəsənət fakültəsinin professor-müəllim heyəti ilə görüşlər keçirib, Azərbaycan–özbək ədəbi əlaqələri və müasir folklorşünaslığın aktual problemləri ətrafında fikir mübadiləsi aparılıb. Universitetin rektoru vəzifəsini icra edən professor Sərdar Xocaniyazov Aynur İbrahimova ilə görüş keçirib. Fakültənin dekanı, professor Dilşad Qayıpovun da iştirak etdiyi görüşdə Azərbaycan və Özbəkistan xalqları arasında mövcud olan tarixi, mədəni və mənəvi əlaqələrin dərinliyi, dil və ənənə birliyi, elmi-mədəni əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

A.İbrahimova həmçinin Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə universitetdə yaradılan Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan–Özbək Dostluq Mərkəzində tələbələr üçün Yusif Vəzir Çəmənzəminlinin həyat və yaradıcılığına, eləcə də folklor mövzularına həsr olunmuş dərslər keçib. Dərslərin sonunda Azərbaycan aliminə universitet rəhbərliyi və fakültə kollektivi adından təşəkkürnamə və xatirə hədiyyələri təqdim edilib.

Səfər çərçivəsində Xarəzm Vilayəti Pedaqoji Maharat Mərkəzində və UDU-da professor Cabbar Eşonqulovun 60 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans və kitab təqdimatı keçirilib, Aynur İbrahimova həmin tədbirlərdə məruzə ilə çıxış edib, eləcə də KİV-ə müsahibələr verib.

Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd











Son xəbərlər