“Birliy”in Tallində həmrəylik  bayramı

post-img

Dekabrın   son günlərində ənənəvi olaraq Estoniyanın paytaxtı Tallin şəhərində yerləşən “Lindakivi” Mədəniyyət Mərkəzində “Birlik” Estoniya Azərbaycan icmasının təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram mərasimi keçirildi. Milli musiqi sədaları ilə keçən tədbir Estoniyada yaşayan azərbaycanlılar üçün sadəcə mədəni proqram deyil, birlik və mənəvi yaxınlıq hissi ilə yadda qalan xüsusi bir görüş oldu.

Tədbiri açan “Birlik” icmanın həmsədri Zakir Miriyev Dünya Azərbaycanlılarının Həmrəyliyk gününün xalqımız üçün daşıdığı əhəmiyyətdən söz açdı və bayram münasibətilə qərib məmləkətdə doğma bildikləri  “Birliy”in başına toplaşanları səmimi qəlbdən təbrik etdi. İsti və kövrək çıxışı  ilə mərasimə toplaşanların Azərbaycan sevgisi ilə döyünən ürəklərini riqqətə gətirən  Zakir Miriyev hamını xəyalən doğma yerlərə çəkib apardı. Yaranan bu ab-hava əslində  qürbətdə olmağın verdiyi həsrət və eyni zamanda birlikdə olmağın rahatlığının ecazkar mənzərəsi idi. 

Sonra meydan musuqiyə verildi. Konsert proqramında Estoniya Musiqi Akademiyasında təhsil alan azərbaycanlı tələbələrin ifasında Azərbaycan, Estoniya və Avropa bəstəkarlarının klassik əsərləri səsləndirildi. Estoniyada doğulub böyüyən azərbaycanlı balaların ifaları, milli rəqsdə göstərdikləri məharət, azyaşlılar uşaqlar üçün hazırlanmış əyləncəli hissə daha diqqətçəkən oldu. Səhnədə səslənən hər ifa salona toplaşanlarda Vətənlə bağlı xatirələri canlandırdı. Kimi uşaqlığını xatırlayırdı, kimi də Azərbaycanda, paytaxt Bakıda ailə süfrəsi ətrafında keçən anları. Sonda milli kimliyin, Azərbaycan ruhunun Tallindəki kiçik daşıyıcılarına bayram hədiyyələri təqdim edildi.

Tədbirdə Estoniyada yaşayan azərbaycanlılar, mədəniyyət və ictimai xadimlər, eləcə də digər qonaqlar iştirak edirdilər. Konsert təkcə musiqi və rəqsdən ibarət olmadı. Bir şəhərdə yaşayıb çox təsadüfi hallarda görüşən Azərbaycan ruhlu doğmalar  bir-birinə qucaq açır, doğma dilldə uzun ilin həsrətliləri kimi danışırdılar.  Bəzən sözə ehtiyac qalmır, bu salonda yaranan Vətən ab-havasından qəlblər kövrəlir, gözlər sevinc yaşları ilə dolurdu. Ən əhəmiyyətlisi və qürur doğuran məqam isə onda idi ki, 5 il əvvəl Zəfər qazanan xalqın qərib övladları bu gün Tallində bu məclisdə yüz ilin doğmaları kimi qürurlu görünürdülər. 

Uzaqda da olsa Azərbaycan həmrəyliyinin nişanəsinə çevrilmiş “Birlik” icmasının bu tədbiri bir daha sübut edirdi ki, uzaq məsafəd Vətən naminə daha həmrəy və bir olmaq mümkündür. Bu insanlar üçün, harada yaşamaqlarından asılı olmayaraq, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü hamı üçün eyni mərama xidmət edir: soydaşlarımızın milli ruhunun yüksəlməsinə, milli-mənəvi dəyərlərin möhkəmlənməsinə və nəsillərə qiymətli sərvət kimi ötürülməsinə.  “Birlik” icmasının  məramı da məhz Tallində belə həmrəyliyi Azərbaycan naminə daha möhtəşəm etməkdir.

 

 







































Sosial həyat