İqtisad elmini strateji hədəflərə qovuşduran alim

post-img

Nazim Müzəffərli – 70

Prezident İlham Əliyev 17 dekabr 2024-cü ildə “Rossiya-1” telekanalına verdiyi müsahibədə ölkə və dünya ictimaiyyətinin çoxdan gözlədiyi, Ermənistan dövlət orqanlarının və ictimaiyyətinin isə təlaşla qarşıladığı bir rəqəmi – Ermənistanın hərbi təcavüzünün, işğalçılıq siyasətinin Azərbayacana vurduğu maddi ziyanın 150 milyard ABŞ dolları həcmində qiymətləndirildiyini açıqladı.

Öz qərarlarını zərgər dəqiqliyi ilə ölçüb-biçən və bəyanatlarını aydın və inamla ifadə edən Azərbaycan liderinin bu ciddi açıqlaması ölkəmizin mövqeyinin beynəlxalq məhkəmələrə çıxarmaq üçün mükəmməl hazırlanmasından və lazımi şəkildə əsaslandırılmasından xəbər verirdi. Azərbaycan Prezidenti onun müvafiq sərəncamına əsasən Maliyyə nazirinin sədrliyi ilə yaradılmış dövlət komissiyasının və bu heyətin işinə elmi məsləhətçi və köməkçi qismində cəlb edilmiş Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun baş direktoru Nazim İmanovun rəhbərlik etdiyi elmi qrupun mötəbər qənaətini inam və qətiyyətlə xarici auditoriyaya təqdim etdi. Heç şübhəsiz, bu taleyüklü nəticənin ərsəyə gətirilməsində yurdsevər ziyalı, dərin bilikli iqtisadçı, məsuliyyətli elmi qurum rəhbəri Nazim Müzəffərli İmanovun da layiqli payı və önəmli xidməti var.

Bu il 70 yaşın zirvəsinə yetişmiş Nazim Müzəffərli bu yubileyi mənalı həyatın və zəngin fəaliyyətin yüksək nailiyyətləri ilə qarşılayır. Uca yaradan çox az insana parlaq istedad bəxş edir. Onların da bir hissəsi bu ilahi hədiyyəni qiymtləndirə bilir, zəkasını zəhmətlə birləşdirib Həyatda seçilən izlər qoya bilər. Nazim müəllim məhz belə bir həyat yaşayan, irili-xırdalı uğurlarını öz istedadı və böyük zəhməti sayəsində qazanan insandır.

İqtisad elmləri doktoru, professor Nazim Müzəffərlinin uğurlar silsiləsi gənc yaşlarından başlamış və təbii olaraq onu belə bir yüksək məqama – mötəbər hökumət komissiyasının elmi məsləhətçisi kimi dövlət əhəmiyyətli tarixi bir sənədin hazırlanmasında fəal iştirakçı səviyyəsinə gətirib çıxarmışdır. Alimin yaradıcısı olduğu yeni elmi iqtisad məktəb – post-konflikt ərazilərin öyrənilməsi və yenidən qurulması yollarının elmi əsaslandırılması istiqamətinin aktuallığını, nə qədər böyük bir praktiki əhəmiyyətə malik olduğunu ötən dövrdə dönə-dönə sübuta yetirmişdir.

Nazim Müzəffərli dostu və həmkarı Eldar İsmayılov ilə birgə yazdığı, torpaqlarımızın işğaldan azad edilməsindən 10 il əvvəl çap etdirdiyi “Post-konflikt ərazilərin bərpası: konseptual əsaslar” kitabı ilə elmi tədqiqatların yeni bir istiqamətini müəyyən etmiş, Azərbaycan iqtisad elmində yeni bir elmi istiqamətin əsasını qoymuşdur. Bu tədqiqatlar son illərdə işğaldan azad edilmiş ərazilərin bərpası, qaçqın və köçkünlərin bu ərazilərə qaytarılıb məskunlaşdırılması işində dövlət orqanlarına elmi əsaslarla önəmli dəstək verir.

Bu gün həmin tədqiqatları davam etdirən ETN İqtisadiyyat İnstitutu “Post-konflikt ərazilərin bərpası Elmi Mərkəzi” inamla irəliləyərək işğaldan azad edilmiş ərazilərdə yeni iqtisadiyyat quruculuğunun Dövlət Proqramının işlənib hazırlanması və təsdiq olunması ideyası ilə çıxış edir. Elmi qurum bu proqramın metodoloji prinsiplərinin və işçi sxeminin hazırlanması ilə davamlı məşğuldur. Son illərdə bu mövzuda yazılan çoxsaylı əsərlər özlərinin elmi yükünün azlığından və çoxluğundan asılı olmayaraq bu problemə marağın gündən-günə artdığına dəlalət edir.

Ölkə rəhbərliyinin beynəlxalq aləmdə, diplomatiya cəbhəsində ərazilərimizi işğaldan azad etmək üçün apardığı gərgin və qətiyyətli mübarizə dövründə bu əsərlərin elmi dəstəkdən daha çox siyasi önəmi var idi. “Post-konflikt ərazilərin bərpası: konseptual əsaslar” kitabı belə bir gerçəyin ifadəsi idi ki, Qarabağda Azərbaycanın suverenliyinin bərpası mütləq gerçəkləşəcək. Bu mübarizədə Prezident İlham Əliyevin qətiyyəti ümumxalq istəyindən və iradəsindən güc alır.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə bu nəşrin dünyanın əsas beyin mərkəzlərində təqdimatının təşkil edilməsi həmin kitabın dövlət siyasəti üçün nə qədər əhəmiyyətli olduğunun aydın göstəricisi idi. Bu təqdimatlar Böyük Britaniya Parlamentinin Lordlar palatasında (London), ABŞ Con Hopkins Universitetində (Vaşinqton), Avropa Parlamentində (Bürüssel), Rusiya Dövlət Humanitar Universitetində və Korinegi İnstitutunun Rusiya Nümayəndəliyində (Moskva) və Qafqazın Straeteji Tədqiqatlar İnstitutunda (Bakı) keçirilmişdir. Kitaba ön söz yazmış Con Hopkins Universiteti Mərkəzi Asiya və Qafqaz İnstitutunun rəhbəri professor Frederik Starın həmin təqdimatlada iştirakı siyasi mərkəzlərin diqqətini cəlb etmiş və böyük əks-səda doğurmuşdur.

Beləliklə, erməni işğalı zamanı Azərbaycana vurulmuş maddi ziyanı qiymətləndirmək üçün dövlət komissiyasına daxil olan çoxsaylı sənədlərin və xarici ekspertlərin hazırladığı hesabatların elmi əsaslarla qiymətləndirilməsi və yekun sənədin hazırlanması üçün Nazim Müzəffərlinin elmi məsləhətçi qismindədövlət komissiyasının işinə cəlb olunması təbii və gözlənilən idi. O, sənədin ən yüksək elmi-metodoloji səviyyədə hazırlanmasına laiqli töhfəsini vermişdir.

Vətən müharibəsində Böyük Zəfərdən sonra qaçqın və köçkünlərin işğaldan azad edilmiş torpaqlara qayıdışa münasibətlərini öyrənmək üçün təşkil olunmuş araşdırmaçılar qruplarının da əksıriyyətini İqtisadiyyat İnstitutunun əməkdaşları təşkil edirdi. ADA Universiteti və İqtisadiyyat İnstitutunun 3 mərhələdə birgə apardığı bu tədqiqatların nəticələri ölkə Prezidentinə təqdim edilmişdir. Həmin tədqiqatların təşkilati rəhbəri Fariz İsmayılov, elmi rəhbəri isə Nazim İmanov olublar.

Qarabağ tədqiqatları və post-konflikt ərazilərin öyrənilməsi Nazim Müzəffərlinin Azərbaycan iqtisad elmində açdığı yeganə istiqamət deyil. Hələ bundan əvvəl o 2 yeni istiqaməti də Azərbaycan iqtisad elmi üçün açmış və sonralar bu yöndə elmi məktəb formalaşdırmışdır. Bunlardan birincisi beynəlxalq müqayisələr sistemlərini öyrənmək və bu sferada Azərbaycanın mövqeyini gücləndirmək üçün tövsiyyələr işləyib hazırlamaq olmuşdur. İkincisi isə dövlətin iqtisadiyyatı tənzimləməsi sistemlərinin öyrənilməsi və tətbiq olunan tənzimləmə sistemlərinin hökümətlərin əldə rəhbər tutduğu sağçı və solçu ideyalogiyalarla nə qədər əlaqəli olduğunun öyrənilməsinə həsr olunan tədqiqatlardır.

İqtisadçı alimin 2006-cı ildə nəşr olunan “Azərbaycanın reytinqi (beynəlxalq elmi müqayisələrdə)” kitabı sonralar Azərbaycan alimlərinin böyük bir qrupunun diqqətinin bu sahəyə yönəlməsinə səbəb olmuş və çoxsaylı tədqiqatlar aparılmış və əsərlər çap edilmişdir. Öncə, Azərbaycanın siyasi düşmənlərinə tutarlı cavablar vermək arzusundan doğan belə tədqiqatlar sonralar ölkə iqtisadiyyatının mühüm problemlərinin aşkara çıxarılması və bu onların əsaslı həll edilməsi üçün təkliflərin hazırlanması işinə çevrildi. ETN İqtisadiyyat İnstitutunun əməkdaşlarının bu istiqamətdə apardığı çoxsaylı təqdiqatların nəticələri son illərdə 15 kitabda öz əksini tapmışdır.

Professor Nazim Müzəffərlinin 2014 ildə nəşr etdirdiyi “İqtisadiyyatın sosialyönlüyü: sağçı və solçu sistemlərdə” kitabı nəyinki iqtisad elminə, ümumiyyətlə dünya ictimaiyyət elmlərinə verilmiş qiymətli bir töhfə sayıla bilər. Bu əsərlə alim çox sadə bir həqiqəti məharətlə aşkara çıxardı və sübuta yetirdi: iqtisadi siyasətin və seçilmiş dövlət tənzimləməsi mexanizmlərinin real nəticələri hökumətlərin və partiyaların əllərində rəhbər tutduğu ideyalogiyalarla heç bir əlaqəsi yoxdur!

Yəni sağçı ideyalarla çıxış edən hökumətlər solçu siyasətçilərin arzusunda olduğu iqtisadi nəticələrə, solçu ideyalarla çıxış edən hökumətlər isə öz fəaliyyətləri ilə sağçı siyasətçilərin arzuladığı iqtisadi nəticələrə gəlib çıxa bilərlər. Yəni, real iqtisadi siyasətin hansı nəticələrə gətirib çıxaracağı siyasətçilərin və hökumətlərin hansı ideyalogiyalarla çıxış etməklərindən, hansı şüarları səsləndirməklərindən qətiyyən asılı deyil.

Nəticələrin müəyyənliliyi ancaq siyasi fəaliyyətin yekunu kimi özünü konkret iqtisadi göstəricilərdə, əhalinin sosial durumunu əks etdirən müəyyən parametrlərdə tapır. Nazim Müzəffərli irəli sürdüyü metodika siyasətçilərin dedi-qodusuna uymamağa, qəbul olunan qərarların hansı nəticələrə gətirib çıxarmasına və bu nəticələrin konkret ölkənin ictimai-iqtisadi inkişafı baxımından nə qədər əhəmiyyətli olduğuna diqqət yetirməyə imkan verir.

Təsadüfü deyil ki, Nazim müəllimin bu kitabının nəşrindən keçən çox qısa bir zaman ərzində həm respublikada, həm də ölkənin hüdudlarından kənarda geniş əks-səda salmış, çoxsaylı tədqiqatların, məqalə və kitabların ortaya çıxmasına səbəb olmuşdur. Təxminən, 10 il ərzində (2006-2014) üç çox perspektivli elmi istiqamətin açılıb müəyyənləşdirilməsi və sonrakı 10 ildə (2015-2025) bu üç istiqaamətdə üç elmi məktəbin formalaşdırılması iqtisad elmində qeyri-adi bir nəticədir. Eyni zamanda məntiqi bir məticədir.

Bu nəticələr Nazim İmanovun fitri istedadı, ilk elmi tədqiqatlarının üsyankar ruhu, milli azadlıq hərəkatının sayılıb-seçilən liderlərindən biri kimi keçdiyi mübarizə yolu, Milli Məclisin deputatı kimi əldə etdiyi dövlətçilik təcrübəsinin elmə ikinci qayıdışdan sonra yenidən süzgəcdən keçirilməsindən, Azərbaycanda yeni iqtisadiyyat quruculuğuna əhəmiyyətli töhfə vermək arzusundan qaynaqlanmışdır. Onu hələ cavan yaşlarından tanıyan, istedadlı alim, ədalətli insan, milli və dövlətçi vətəndaş olduğunu hiss edənlər həyatda yüksək nəticələr əldə edəcəyinə inanırdılar.

1982-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda professor Mədət Allahverdiyevin rəhbərlik etdiyi siyasi iqtisad şöbəsində yazdığı namizədlik dissertasiyası böyük əks-səda doğurmuşdur. Onun ilk kitabı “Təbiətdən istifadə sferasının iqtisadi münasibətləri” Moskva 1987 (rus dilində) “Lenin komsomolu” mükafatına layiq görülməklə o dövr üçün çox böyük bir uğur sayılmışdı. Bakı Ali Partiya Məktəbinin dosenti və Moskva İctimai Elmlər Akademiyasının doktorantı kimi yazdığı marksizmin özəyi olan əmək dəyər nəzəriyyəsinin məhdudluğu, bu nəzəriyyənin yeni yanaşmalarla inkişaf etdirilməsinin zərurətə çevrildiyi sübuta yetirilmişdi.

Xoşbəxtlikldən köhnə imperiya ülider Heydər Əliyevin başçılığı ilə 10 il müddətində həyata keçirilən və son 12 ildə Prezident İlham Əliyevin inamla davam etdirdiyi yeni iqtisadiyyat quruculuğu siyasətinin ən fəal iştirakçılarından biri kimi dövlət müstəqilliyimizə öz töhfələrini verə bildi.

Bakı Ali Partiya Məktəbi bazasında Bakı Politologiya və Sosial İdarəetmə İnstitutu yaradılanda Nazim Müzəffərli bu ali məktəbin elmi işlər üzrə prorektoru təyin olunmuşdu. O, tədqiqat istiqamətlərinin, tədris proqramlarının yenilənməsi prosesinin yönləndirilməsi və təşkili işlərinə rəhbərlik etmişdi. Sonralar bu elmi-metodiki baza əsasında Azərbaycan Prezidenti yanında İdarəetmə Akademiyası təsis olunmuşdu.

1995-ci ildə Azərbaycan respublikası Milli Məclisinin deputatı seçiləndə Nazim Müzəfərli gənc respublikanın iqtisadi inkişafını təmin edəcək islahatların sistemyaradıcı qanun layihələrinin hazırlanmasında yaxından iştirak etmişdi. Bu layihələrin son müzakirələrini, bir qayda olaraq, Ümummilli Liderimiz Heydər Əliyev özü aparırdı, layihə müəlliflərinə çoxsaylı suallar verirdi və bu cavablara çox diqqətlə yanaşırdı. Bu yeni iqtisadiyyatın ümumi modelinin və əsas parametrlərinin çox lakonik və elmi-populyar təsvirini Nazim Müzəffərli (İmanov) 1999-cu ildə çap etdirdiyi “İqtisadi etüdlər” kitabında şərh etmişdir.

Görkəmli iqtisadçı 10 il əvvəl AMEA İqtisadiyyat İnstitutuna rəhbər təyin olunduqdan sonra Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatların yolunda maneələrin tədqiq edilməsinə, səmərəli həllərin axtarılmasına çalışmışdır. O, səmərəli nəticələr əldə etmək üçün institutda sağlam və yaradıcı atmosfer formalaşdıra bilmişdir. Nazim Müzəffərlini meyar və tələbi belədir: dövlət orqanlarının işinə səmərəli yardımçı olmaq, institutun hazırladığı hər bir tədqiqatı, təklifi, tövsiyəni yüksək səviyyədə əsaslandırmaq.

Digər prinsipial yanaşma kimi Müdafiə Şurasına çıxarılan dissertasiya işlərinin elmi səviyyəsinin yüksək olması, Şuranın işində aşkarlığın təmin olunması tələbini göstərmək olar. Məhz bu cür məsuliyyətli yanaşmanın nəticəsidir ki, institut kollektivi dövlət orqanlarının etimadını qazana bilmiş, inzibati rayonların icra hakimiyyətləri və Prezidentin işğaldan azad olunmuş ərazilərdəki xüsusi nümayəndələrindən başlamış dövlət komitələri, nazirliklər və hökumət komissiyası səviyyəsində dövlət orqanlarının müraciət etdikləri elmi mərkəzə çevrilmişdir.

Milli və dövlət maraqlarımıza xidmət edən bu nəticələr Professor Nazim İmanovun nəyinki milli-mənəvi baxışlarının və dövlətçilik mövqeyinin, üstəlik, möhkəm iradəsinin və hədsiz çalışqanlığının bəhrəsidir.

Azər SƏFƏROV,
ETN İqtisadiyyat İnstitutu Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, dosent

Mədəniyyət