Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 8 may 2025-ci il tarixli sərəncamı ilə tanınmış xanəndə, pedaqoq, Xalq artisti Arif Babayev Heydər Əliyev Mükafatına layiq görülüb. Sənətkar Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə bu ali mükafatla təltif olunub. Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva mükafatı sənətkara evində təqdim edib.
Fərəh Əliyeva Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın salamlarını və təbriklərini ustad xanəndəyə çatdırıb.
Arif Babayev adlı mükafatını aldığı ümummilli lider Heydər Əliyevin mədəniyyətimizin, o cümlədən muğam sənətinin inkişafını daim diqqətdə saxladığını, qayğı göstərdiyini vurğulayıb. O, ali mükafata layiq görülməsini həm də muğam sənətinə verilən yüksək qiymət kimi səciyyələndirib, Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib.
Sənətkar bugünlərdə doğma yurdu Ağdamda Muğam Mərkəzinin istifadəyə verilməsini böyük sevinc və qürur hissi ilə qarşıladığını deyib: “Ağdam Muğam Mərkəzinin açılış mərasimini televiziyadan izləyirdim. Konsertdə, xüsusilə, “Qarabağ şikəstəsi”nin ifası zamanı göz yaşımı saxlaya bilmədim. Qarabağımızda mədəniyyəti belə sürətlə dirçəltdiyinə görə möhtərəm Prezident İlham Əliyevə, muğamımızın dünya şöhrəti qazanmasına nail olan Heydər Əliyev Fonduna və onun rəhbəri, əzizimiz Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm”.
XQ