Türk xalqlarının  mətbuatı haqqında yeni nəşr

post-img

Bakı Dövlət Universitetinin professoru Sabir Məmmədlinin “Türk xalqlarının müasir mətbuatı” dərs vəsaiti  müasir dövrdə Türk xalqları mətbuatının formalaşması və inkişaf istiqamətlərini öyrənən dəyərli mənbəədir. 

BDU-nun nəşri olan kitabda  türk birliyinin təşəkkülü və inkişafında mühüm rol oynayan Türk xalqlarının mətbuat orqanlarının rolu və əhəmiyyəti ön plana çəkilir. Türk xalqları arasında hərtərəfli münasibətlərin, qarşılıqlı faydalı əlaqələrin dərinləşməsi, dünya birliyi çərçiəsində dövlətlərimizin və ölkələrimizin, toplumlarımızın layiqli yer tutmasının təmin edilməsi, beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsi müasir dövrdə qarşıda duran başlıca məqsəd kimi təqdim edilir. 

Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətində milli mətbuat, sadəcə informasiya yayımı ilə kifayətlənməyib, eyni zamanda milli kimliyin formalaşmasında və qorunmasında mühüm rol oynamışdır. Bu mətbuat orqanları tarix boyu türk millətinin hüquqlarını müdafiə edən, milli dəyərləri ön plana çəkən və milli şüurun inkişafına təkan verən bir platforma kimi çıxış etmişdir. Eyni zamanda, İraq, Suriya və Bolqarıstan dövlətlərinin tərkibində yaşayan türklərin media vasitələri də bu missiyanı öz üzərlərinə götürmüşdür. Bu bölgələrdəki türk mənşəli nəşrlər, həmin torpaqların köklü insanları olan türklərin dilini, mədəniyyətini və milli kimliyini qorumaqla yanaşı, onların qarşılaşdığı problemləri gündəmə gətirmiş, milli birliyin və həmrəyliyin gücləndirilməsinə xidmət etmişdir. 

Sözügedən mətbuat orqanları, xüsusilə də çətin siyasi və sosial şəraitdə fəaliyyət göstərsələr belə, milli mübarizənin aparıcı simalarından olmuş, türk xalqının səsini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün yorulmadan çalışmışlar. Onların dərc etdikləri məqalə və reportajlar tarixə şahidlik etmiş, gələcək nəsillərə milli ruhun nə qədər əhəmiyyətli olduğunu anlatmağa xidmət etmişdir.

 Türk xalqları mətbuatının formalaşması və inkişaf istiqamətləri bu vaxta qədər ali məktəblərin tədris proqramlarında sistemli və kompleks şəkildə öyrənilməmişdir. Təqdim olunan dərs vəsaiti mövcud boşluğu doldurmaqla yanaşı, bu sahədə ilk  tədris və elmi təşəbbüs kimi qiymətləndirilə bilər.

Dərs vəsaiti jurnalistika fakültəsində təhsil alan bakalavrlar, magistrantlar, türk dünyası, siyasi və ictimai elmlər sahəsində çalışan alimlər, tədqiqatçılar, mətbuat nümayəndələri üçün nəzərdə tutulmuşdur. Kitab Azərbaycan və rus dilində oxuculara təqdim edilir. 

Qeyd edək ki, Sabir Məmmədli beynəlxalq jurnalistikaya dair nəzəri və praktiki məsələləri öyrənən "Beynəlxalq jurnalistika: təşəkkül prosesi və demokratik ölkələrin media təcrübəsi", "Beynəlxalq jurnalistika dünya media sistemində" , "Avropa Şurası və ATƏT-in media siyasəti" və "Müstəqil Azərbaycanın mətbuat sistemi: təşəkkülü və inkişafı" kitablarının da müəllifidir. 

XQ

Mədəniyyət