Turanın dünənindən gələn səslər

post-img

Tanınmış yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin “Gültəkin xaqan” tarixi romanı işıq üzü görüb. Əsər V–VIII əsr Göytürk İmperiyasının tarixindən və onun ən böyük sərkərdəsi sayılan Gültəkinin döyüşlərindən bəhs edir.

Çağdaş Azərbaycan ədəbiyyatında milli kimlik və tarixi yaddaş mövzusunu önə çəkən mühüm əsərlərdən biri kimi, “Gültəkin xaqan” həm tarixi faktlara əsaslanır, həm də mifoloji elementlər və simvolik strukturlarla zənginləşdirilib. Müəllifin məqsədi yalnız keçmişi canlandırmaq deyil, həm də bugünkü milli özünüdərk problemlərinə işıq salmaqdır. Göytürk dövrünün reallıqları – dövlət quruculuğu, qəbilə münasibətləri, xaqanlıq mübarizələri bədii təsvirlər və simvolik səhnələrlə yadda qalır.

Yeri gəlmişkən, əsərdə simvollar çoxqatlı məna daşıyır. Bozqurd türk kimliyinin təməl simvoludur və əsərdə o, xalqın yönünün, dirənişinin və azadlıq istəyinin təcəssümüdür. Dağlar əbədilik, güc və müqəddəslikdir. Qadın obrazları ana, həyat yoldaşı, torpaq və mədəniyyətin təcəssümüdür. Xüsusilə ana obrazı əsərdə torpaqla eyniləşdirilir: qoruyur, bəsləyir, amma həm də qurban verilir. Bu simvolik struktur, romanın fəlsəfi təbəqəsini genişləndirir və oxucunun dərin düşüncələrə dalmasına zəmin yaradır.

Elçin Hüseynbəyli öz dil üslubunda həm klassik dastan ənənələrindən, həm də müasir roman texnikasından istifadə edib. Əsərin dili çoxqatlıdır: sadə təsvirlərlə yanaşı, fəlsəfi fikir yüklü cümlələr, poetik təsvirlər, üstünün “toz”u silinən arxaik sözlər və ritmik struktur da bu sintezin bir hissəsidir. Beləliklə, roman yalnız məzmun baxımından deyil, dil baxımından da milli ədəbiyyatın bədii imkanlarını layiqincə nümayiş etdirir.

Qeyd edək ki, roman hələ kitab halında çıxmazdan əvvəl müəyyən parçaları mətbuatda dərc olunub və əsər haqqında təsəvvür formalaşdırıb. Xüsusilə də qəzetdən oxuduğumuz süjet – Gültəkinin xalqa xaqan kimi təqdimatı səhnəsi yaddaqalandır. Burada Bilgə xaqanın müraciəti xarakterikdir:

“Biz indi böyük sınaq qarşısındayıq. Atam İltəriş xaqan, əmim Qapağan xaqanın vəsiyyətini yerinə yetirməliyik. Yəcuc-məcuclar (xitaylar, çinlilər) onlara boyun əyən öz bəylərimiz sayəsində əmim Qapağan xaqanı pusquya salıb öldürdülər və damğamızı, bayrağımızı özlərilə apardılar... Onu geri almaq üçün qarşımızda bir yol var. Onu da dedim: bütün türk boylarını bir araya gətirmək, sonra damğamızın arxasınca getmək... Həmin gün yetişdi. Mən bu işi qardaşım Gültəkin xana tapşırıram. İndən sonra mən yalnız dövlət və törə işlərilə məşğul olacam. Qoy, bütün orduya o başçılıq eləsin...

Bilgə xaqan qardaşının alnından öpdü və dedi:

– İşin avand, yolun açıq olsun! Budunumuza layiq oğul və təkinsən (sərkərdəsən)! Göy Tanrı yardımçın olsun!

Gültəkin bağır basdı və dedi:

– Başımızın üstündə Göy Tanrı, ayağımızın altında ana torpaq, bizə kim bata bilər ki!?

Bu sözlərdən sonra o, qardaşının qarşısında baş əydi və əlindən öpmək istədi, amma Bilgə xaqan buna izn vermədi”.

“Gültəkin xaqan”da bu kimi təsirli səhnələr yetərli qədərdir. Roman bütöv halda oxunduqca bu qənaət daha da güclənir. Kitab təkcə bir tarixi dövrün bədii inikası deyil, həm də xalqın mənəvi dirçəliş çağırışıdır. Oxucunu yalnız tarixi öyrənməyə deyil, həm də onu yaşamağa və gələcəyə daşımağa səsləyir. Bu baxımdan roman milli ədəbiyyatımızın dəyərli nümunələrindən biri olaraq gələcək nəsillərə milli kimlik və şüur mirası buraxır.

Yeni kitabı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu oxuculara ərməğan edib. Redaktorlları Fərid Hüseyn və Dürdanə İbrahimova-Hüseynbəyli, rəssamı Serhran Allahverdidir.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət