“İzzət kino mükafatı” təsis ediləcək

post-img

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) rəsmi tərəfdaşlığı, “Azad Mirzəcanzadə inkişaf proqramı”, Gənc Film İstehsalçıları Assosiasiyasının və Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının dəstəyilə “İzzət kino mükafatı” təqdim ediləcək.

Bu barədə AZƏRTAC-a AKİ-dən məlumat verilib.

Bildirilib ki, mükafat Azərbaycan Kinematoqrafçılar İttifaqının beynəlxalq əlaqələr- layihələr üzrə meneceri, kinorejissor Afaq Yusifli tərəfindən təsis olunub.

Azərbaycanın ilk milli kinoaktrisası İzzət Orucovanın şərəfinə adlandırılan mükafat Azərbaycan kinosunda qadınların rolunu və təmsilçiliyini artırmaq məqsədi daşıyır. Bu mükafat Azərbaycanda ilk dəfə olaraq həm qadın mövzusunu peşəkar səhnəyə daşıyır, həm də qadın kino işçiləri üçün xüsusi mükafat təqdim edərək bir yeniliyə imza atır. Layihə həm də, tarixdə ilk azərbaycanlı kinoaktrisa və kimyaçı alim İzzət Orucovanın adına həsr olunmaqla simvolik güc daşıyır. Mükafatın verilməsi kino sənayesində qadınların mövqeyini artırmaq, onların fəaliyyətini təşviq etmək baxımından yeni bir baxışdır.

Layihə çərçivəsində peşəkar münsiflər heyəti Azərbaycan kinosunda qadın seqmentini bir neçə aspektdən araşdıraraq qalibləri müəyyən edəcək. Xüsusi dizayn edilmiş mükafat və pul mükafatları auditoriya önündə təqdim ediləcək. 1918-ci ildə Şərqdə qadına ilk seçki hüququ verməyimizə və Azərbaycan kinosunun 127 yaşı olmasına baxmayaraq, bu günə qədər Azərbaycan kinosunda qadın müəlliflər yetərincə tanınmır, təmsil olunmur. Mükafat bu problemi gündəmə gətirir və həll yolları təklif edir. Azərbaycanın ilk milli kinoaktrisasının şərəfinə adlandırılan mükafatla qadınlar və qadın mövzusu bir daha diqqətə çatdırılır. Uğurlu müəlliflər geniş auditoriyaya qalib kimi təqdim edilir.

Qeyd edək ki, bu layihə “Azad Mirzəcanzadə inkişaf proqramı”nın qaliblərindən biridir və yaxın həftələrdə münsiflər heyətinin tərkibi, qaliblərin seçiləcəyi nominasiyalar, mükafatlandırma mərasiminin tarixi və s. haqda ictimaiyyətə əlavə məlumat veriləcək.

Mədəniyyət