Bir çox mənbələrdə tammetrajlı “Bəxtiyar” bədii filmi 1955-ci ildə çəkilmiş yeganə Azərbaycan ekran işi kimi təqdim olunub. Əslinə qalsa, həmin il daha bir film – “Görüş” də ekranlaşdırılıb, amma onun primyerası növbəti ilin fevral ayına təsadüf edib. “Bəxtiyar” isə ilk dəfə məhz 1955-ci ildə göstərilib.
Ümumiyyətlə, 1950-ci illərin 2-ci yarısı Azərbaycan kinematoqrafının ən parlaq dövrlərindən sayılır. Həmin vaxt “Bəxtiyar” və “Görüş”lə bərabər, “Qara daşlar”, “O olmasın, bu olsun”, “Bir məhəllədən iki nəfər”, “Qızmar günəş altında”, “Kölgələr sürünür”, “Onun böyük ürəyi”, “Ögey ana”, “Uzaq sahillərdə”, “Bir qalanın sirri”, “Onu bağışlamaq olarmı?” kimi məşhur tammetrajlı bədii filmlər də həyata vəsiqə alıb.
Bu il növbəti yubiley yaşı olan “Bəxtiyar” filmi Bakı Kinostudiyasında istehsal edilib və rejissoru gələn ay 105 yaşı tamam olacaq görkəmli sənətkar Lətif Səfərovdur. Bu, rejiossorun kinoda ilk böyük müstəqil işi idi. Sonra o, “Qızmar günəş altında” (1957), “Leyli və Məcnun” (1961) kimi filmləri də ərsəyə gətirib.
“Bəxtiyar” filmi gözəl səsə malik neftçi Bəxtiyar Muradovun həyatından bəhs edir. Ekran əsərində əsas rolları Rəşid Behbudov, Ağasadıq Gəraybəyli, Məmmədrza Şeyxzamanov, İsmayıl Əfəndiyev, Tamara Çernova və Faiq Mustafayev oynayıblar.
Filmin məzmununu xatırlayaq: Dostları ilə alma bağına oğurluğa gedən Bəxtiyar orada hasarın üstünə çıxıb mahnı oxuyur. Bu, bağın sahibi – konservatoriyanın professoru Rəcəbovun (M.Şeyxzamanov) diqqətini cəlb edir. Onu tutub evə gətirir və oktavalarda səsini yoxlayıb istedadını kəşf edir. Söhbət zamanı professor biləndə ki, Bəxtiyar və dostları almaları yaralı əsgərlər üçün yığırlarmış, səxavət göstərib özü də onlara çoxlu alma verir...
Amma Bəxtiyar xüsusi musiqi təhsili almaqla bağlı ona verilən məsləhətlərə məhəl qoymur və valideynlərinin yolu ilə gedərək neftçi olur. İş elə gətirir ki, o, hər şeydə mənfəət axtaran fırıldaqçı, əsl incəsənətdən uzaq olan klub müdiri Ağabala (A.Gəraybəyli) ilə rastlaşır. Ağabala Bəxtiyardan estrada müğənnisi kimi bəhrələnmək məqsədilə onun konsertlərini təşkil edir və bu yolla çoxlu pul qazanır. Nəticədə, Bəxtiyarın səsi tutulur. Nəhayət, Bəxtiyar müğənniliyin böyük sənət olduğunu başa düşüb, bu işlə ciddi məşğul olmağa başlayır.
Uşaqlıq dostları Yusiflə (F.Mustafayev) Saşa (T.Çernova) məktəbi bitirib Moskvaya oxumağa getməyə hazırlaşırlar. Buna görə Bəxtiyar sevdiyi Saşadan inciyir. Sonra onlar bir neçə dəfə rastlaşırlar. Lakin Yusif sevgililərin barışmasına mane olur. Saşa Bəxtiyarın konsertində elə başa düşür ki, şöhrət onun aşiq olduğu saf oğlanın gözlərini bağlayıb və onu fitə basır. Buna görə də həmin gecə onun ucbatından konsert yarımçıq qalır. Amma taleyin qəribə oyunları onların bir-birinə məhəbbətini azaltmır. Sonda dostların köməyi ilə Bəxtiyarla Saşa bir-birinə qovuşur. Bəxtiyarın atasının cəbhə dostu Rza İsmayılov isə onu fırıldaqçıların əlindən alıb doğru yola yönəldir. Film “Əziz dost” mahnısı ilə sona yetir.
Nə qədər maraqlı süjet xətti üzərində qurulsa da, filmin mahnılarını bəstəkar Tofiq Quliyevin yazması, ən başlıcası isə əsas rolda güclü və təmiz səsə malik müğənninin – Rəşid Behbudovun çəkilməsi kinolentin uğurunu təmin edib. Ssenaridə baş qəhrəmanın daxili aləminin açılmasına az yer ayrılsa da, R.Behbudov Bəxtiyarın hiss və həyəcanlarını, çətin anlarda sarsıntılarını, mənəvi aləmini bütöv və parlaq şəkildə açmağa nail olub. Bu rolu Əli Zeynalov səsləndirib, amma fərq qətiyyən hiss olunmur.
Filmdə mənfi çalarlı Yusif obrazı da yaddaqalandır. Opera müğənnisi olan Faiq Mustafayev aktyorluq bacarığı sayəsində bu obrazı yetərincə məşhurlaşdıra bilib. Filmdəki Yusif həyatda nə istədiyini bilən, ədəbaz, özündən razı və paxıl birisidir. Bəxtiyarla uşaqlıqdan birlikdə böyümələrinə baxmayaraq, elə əvvəlindən ona paxıllıq edir. Böyüyəndən sonra Saşanın Bəxtiyarı seçməsi onların arasında olan bütün körpüləri dağıdır və Yusif Bəxtiyara düşmən gözü ilə baxır. Moskvada ticarət məktəbini bitirdikdən sonra o həyatda öz yerini tapır, hər şeyi əldə edir, təkcə Saşanın qəlbindən başqa.
“Bəxtiyar”ın yaranma taleyi də çətin olub. Belə ki, ekran işi Rəşid Behbudovun həyatı əsasında qələmə alınsa da (ssenari müəllifləri Boris Laskin və Nikolay Roykov), filmdə müğənninin Bəxtiyar roluna çəkilməsinə etiraz edənlər çoxluq təşkil edib. Yaxşı ki, yaradıcı heyətin dəstəkçiləri olub. Xüsusilə, mahnıların mətninin bir qismini yazan şair Rəsul Rzanın və filmin bəstəkarı Tofiq Quliyevin fəallığı sayəsində rejissor istənilən nəticəni əldə edə bilib. Həmçinin, kinolentin “Ən xoşbəxt gün”, “Sevimli mahnı”, “Mahnı ilə eldən-elə” adları, nəhayət, “Bəxtiyar”la əvəz edilib.
Onu da deyək ki, operatoru Arif Nərimanbəyov, rəssamları Cəbrayıl Əzimov və Elbəy Rzaquliyev, rejissor assistenti Məmməd Əlili olan “Bəxtiyar” o zaman yenicə yaradılmış Azərbaycan televiziyasında nümayiş etdirilən ilk film kimi də tarixə düşüb. Sonra isə keçmiş SSRİ-nin hər tərəfində göstərilib. Bu gün də dramatik, musiqili, komik ekran əsərinə tükənməz maraqla baxılır. Çünki yaşlı seyrçilərdə nostalji hisslər yaradan bu şən və məzmunlu kinoda sədaqətli dostluq bağları, hicran, vüsal, saf duyğular öz əksini tapıb.
Ə.DOSTƏLİ
XQ