Tofiq Bakıxanov – 95
Dünən Milli Kitabxanada görkəmli bəstəkar, Xalq artisti, professor Tofiq Bakıxanovun 95 illiyi ilə əlaqədar “Tofiq Bakıxanov. Biblioqrafiya” kitabının və “Milli Kitabxananın qızıl fondundan” layihəsi üzrə nəşr olunan not məcmuələrinin təqdimatı keçirilib.
Mərasimi giriş sözü ilə açan Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Xalq artisti, görkəmli tarzən Əhməd Bakıxanovun ailəsində dünyaya gəlmiş, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Tofiq Bakıxanovun yubileylərinin kollektivdə qeyd edilməsinin ənənəyə çevrildiyini bildirib, sənətkarın çoxşaxəli yaradıcılığından danışıb.
Milli Məclisin sədr müavini, akademik Rafael Hüseynov təqdim olunan biblioqrafiyada dahi Üzeyir bəyin tələbəsi, Qara Qarayevin yetirməsi olan Tofiq Bakıxanovun bütün irsinin əks olunduğunu qeyd edib. Bəstəkarın müəllimi Qara Qarayevin tövsiyəsi ilə yazdığı “Xəzər balladası” baletinin 1969-cu ildə Parisdə 30 gündə 35 dəfə səhnəyə qoyulduğunu söyləyən akademik bu hadisənin musiqi tariximizə yazılmış önəmli hadisə olduğunu vurğulayıb.
Mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov bəstəkarın yubileyinə dəyərli töhfə olan nəşrlərin hazırlanmasına görə Milli Kitabxananın rəhbərliyinə təşəkkür edib. O, görkəmli bəstəkarı səmimi təbrik edib, ona möhkəm cansağlığı və uğurlar arzulayıb.
Mərasimdə Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaşzadə, Xalq artisti Eldar Mansurov, Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova, Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov, Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullazadə, Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin direktoru, sənətşünas Alla Bayramova, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov, Əməkdar jurnalist İttifaq Mirzəbəyli bəstəkarın çoxsaylı və çoxjanrlı əsərlərinin zəngin musiqi xəzinəsi olduğunu, klassiklərin əsərləri ilə yanaşı səsləndirildiyini, müxtəlif mövzulu elmi-tədqiqat əsərlərinə mövzu olduğunu vurğulayıblar.
Sonda Xalq artisti Tofiq Bakıxanov yubileyinin təntənə ilə qeyd edilməsinə, yaradıcılığına göstərilən daimi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Bəstəkar dünyanın 33 ölkəsinin kitabxanalarında mühafizə olunan əsərlərini əhatə edən mükəmməl biblioqrafiyasının nəşrinə görə məmnunluğunu ifadə edib.
XQ

