Bu il iyulun 7-də Gəncə şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 885 illiyinə həsr olunmuş “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” mövzusunda II Beynəlxalq elmi konfrans keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzi, eləcə də Azərbaycanın Türkiyə və Özbəkistandakı mədəniyyət mərkəzlərinin təşkilatçılığı ilə gerçəkləşəcək məclisdə Nizami Gəncəvinin yaradıcılığının müxtəlif yönləri üzrə elmi məruzələr dinləniləcək. Müzakirələrdə şairin Türk dünyası ilə əlaqələri, Azərbaycan şifahi xalq ədəbiyyatı ilə bağlılığı, dünya ədəbiyyatına təsiri, yaradıcılığında din və irfan mövzuları, incəsənətlə əlaqələri və bəşərilik ideyaları kimi məsələlər diqqət mərkəzində olacaq.
Konfransda Nizami irsinin sələflər və xələflər kontekstində araşdırılması, onun humanist ideyalarının müasir dünyada əhəmiyyəti barədə fikir mübadiləsi aparılması da nəzərdə tutulur. Beynəlxalq toplantı nizamişünaslığın inkişafına və böyük şairin zəngin irsinin daha geniş təbliğinə töhfə verəcək.
AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin rəhbəri Əlimuxtar Muxtarov söhbət zamanı bildirib ki, konfransın keçirilməsində məqsəd dahi şairin zəngin ədəbi-fəlsəfi irsinin daha dərindən araşdırılması və dünya elmi ictimaiyyətinə çatdırılmasıdır. Beynəlxalq elmi məclis müxtəlif ölkələrin alim və tədqiqatçılarını bir araya gətirərək nizamişünaslıq sahəsində yeni elmi müzakirələrə və əməkdaşlığa geniş imkan yaradacaq.
Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri

