Bakının “Dünyanın idman paytaxtı” seçilməsi bunu bir daha sübut edir
Müsahibimiz Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadədir
– Çingiz müəllim, bu il də ölkəmizin idman tarixində əlamətdar illərdən biri kimi yadda qaldı. Milli Olimpiya Komitəsi 2025-ci ili hansı uğurlarla yola salır?
– 2025-ci il də müxtəlif idman tədbirləri və yarışları ilə zəngin oldu. MOK beynəlxalq idman qurumları ilə işgüzar əlaqələrini daha da genişləndirdi. Azərbaycan atletləri bir çox beynəlxalq yarışlarda iştirak etdi. Ölkəmizdə çoxsaylı beynəlxalq yarışlar keçirildi. Builki yarışlar içərisində Avropa Gənclərinin Olimpiya Festivalını, MBD Oyunlarını və VI İslam Həmrəyliyi Oyunlarını xüsusilə qeyd etmək lazımdır. Bu yarışlarda Azərbaycan komandası kifayət qədər böyük sayda idmançılarla iştirak etdi.
Eyni zamanda həm olimpiya, həm də qeyri-olimpiya idman növlərində keçirilən Avropa və Dünya çempionatlarında Azərbaycan idmançıları yaxşı nəticələr göstərmişlər. Bu il İspaniyanın Linares şəhərində keçirilən FİDE qadınlar arasında komanda Dünya çempionatında Azərbaycan millisi tarixdə ilk dəfə Dünya çempionatının gümüş medallarını qazanıb. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində boks üzrə Dünya çempionatında 19 yaşlı Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) dünya çempionu olub. Digər idman növlərində də uğurlu nəticələr qazanılıb. İndi ilin bütün nəticələri diqqətlə təhlil edilir və lazımi tədbirlər həyata keçirilir. Ümumiyyətlə, 2025-ci ili də idman sahəsində qazanılan çoxsaylı nailiyyətlər baxımından uğurlu illərdən biri kimi qəbul etmək olar.
– VI İslam Həmrəyliyi Oyunları da 2025-ci ildə keçirilən ən böyük yarışlardan biri olub. Bu oyunların nəticələri haqqında nə deyə bilərsiniz?
– VI İslam Həmrəyliyi Oyunlarının nəticələrinə görə yekun cədvəlinə baxsaq, Azərbaycan idmançıları komanda hesabında əvvəlki İslam Həmrəyliyi Oyunlarından daha zəif nəticə göstəriblər. Lakin bunun bir neçə səbəbi var. Biz əlbəttə, bu səbəbləri təhlil edəcəyik. Amma oyunlardakı qazanılan uğurlar da bizi sevindirir. Azərbaycanın qadın idmançıları oyunlarda yüksək nəticələr göstərmişlər. Oyunlarda qazanılan qızıl medalların əksəriyyətini qadın idmançılarımız qazanmışlar. Voleybolda, 3x3 basketbolda, cüdoda, güləşdə və qılıncoynatma idman növündə qadın idmançılarımız böyük əzmkarlıqla mübarizə aparmışlar. Bu uğurlu nəticələr Azərbaycanda son illər inkişaf etdirməyə çalışdığımız qadın idmanının yüksək səviyyəyə çatmasının göstəricisidir.
Azərbaycan bu oyunlarda 9 qızıl, 19 gümüş və 31 bürünc medal qazanıb. Hər bir gümüş medal, ümumiyyətlə, qızıl medal da ola bilərdi və onda Azərbaycan idmançılarının daha yüksək nəticələri olacaqdı. Burada şans məsələsi də var. Məsələn, son anda və gözlənilmədən əldən verilən qızıl medallar var idi. Cüdo yarışlarında Kotsiyevin finalda məğlub olması və yaxud güləşçilərimizin final yarışlarında uduzmaları ümumi nəticə etibarı ilə onu göstərir ki, idmanda şans məsələsi bu gün də mövcuddur.
Əgər bütün başqa ölkələr bu yarışlara çox ciddi hazırlaşırdılarsa, Azərbaycan idmançılarının illik hazırlıq proqramında bu yarışlar ön sırada deyildi. Yəni Olimpiya Oyunlarına və yaxud da hər hansı bir dünya çempionatına xüsusi hazırlıq mərhələsi keçirilir. Lakin bu İslam Həmrəyliyi Oyunlarına bizim heç bir idman növündə xüsusi hazırlıq mərhələsi olmamışdır. Bu növbəti yarış kimi nəzərdə tutulurdu. Hər hansı bir proqram da yox idi. Qeyd etmək olar ki, bəzi idmançılarımız da zədəsi olduğu üçün yaxşı nəticə göstərə bilmədilər. Amma sonadək əzmlə mübarizə apardılar.
– Bu Oyunlarda İslam ölkələrində idmanın inkişaf etdiyinin də şahidi olduq.
– Doğrudur, İslam Həmrəyliyi Oyunlarında yeni bir məsələ də üzə çıxdı. Yəni Asiya, Afrika qitəsində idmanın son dövrlərdə daha çox inkişaf etməsinin, müsəlman ölkələrində idmana diqqətin xeyli artırılmasının şahidi olduq. Biz Bəhreyn, Misir və Səudiyyə Ərəbistanı komandalarının uğurlu çıxışlarını gördük. Bu ölkələrin komandalarının, deyərdim ki, ümumdünya səviyyəsinə uyğun müxtəlif idman növlərində çıxışları var idi. Bu da, ümumiyyətlə, son dövrlərdə islam aləmində idmana marağın artdığını və idmanın çox geniş şəkildə inkişaf etdiyini göstərir.
– İdmançılarımızın Malayziyada keçiriləcək VII İslam Həmrəyliyi Oyunlarına hazırlıqları üçün daha çox nələrə diqqət yetirmək lazımdır?
– İslam Həmrəyliyi Oyunlarına əvvəlcədən hazırlaşmaq bir az mürəkkəb məsələdir. Çünki bizim sabit proqramımız yoxdur. Yəni İslam Oyunlarının proqramında hansı idman növlərinin olacağı və yaxud çəki dərəcələri tələb olunan idman növlərində hansı çəkilərdə mübarizə aparılacağı əvvəlcədən müəyyən olunmur. Burada bir çox məsələlər əsasən İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən ölkənin arzu və istəklərinə bağlıdır. Məlumdur ki, güləş idman növü ilk dəfə Bakıda İslam Həmrəyliyi Oyunlarının proqramına salındı. Ondan əvvəl heç bir İslamiadada güləş bir idman növü kimi proqramda yox idi.
Ər-Riyadda keçirilən Oyunlarda bizim üçün ənənəvi olmayan idman növlərində yarışların olması qazandığımız medalların sayına da təsir etdi. Yəni Oyunların proqramının tərtib olunmasında Təşkilat Komitəsi əsas rol oynayır və İslam Həmrəyliyi Oyunlarını keçirən ölkə özünə uyğun şəkildə bu Oyunların proqramını tərtib edir. Bu səbəbdən də biz əvvəlcədən bilmirik Malayziya Oyunlarının proqramı necə olacaq və biz hansı idman növü üzrə hazırlaşmağa başlamalıyıq.
– Siz həm də İslam Həmrəyliyi İdman Assosiasiyasının vitse-prezidentisiniz. VI İslam Həmrəyliyi Oyunlarının ümumi təşkilatçılıq səviyyəsi Sizi qane etdimi?
– Ümumiyyətlə, bu oyunların keçirilməsi səviyyəsi mənim gözləntilərimdən daha yüksək oldu. Yəni Oyunların təşkilatçılıq məsələləri çox yaxşı həll olunmuşdu. Oyunların keçirilməsində bir neçə amil var. Bunlar nədən ibarətdir? Birincisi, idmançılar üçün yaradılan şəraitdir. İdmançıların yaşadıqları yerlər, qidalanması, vaxtında məşqlərə, yarışlara çatdırılması, nəqliyyatın intensivliyi və yarış yerlərinin hazırlıq səviyyəsi çox vacib amillərdən biridir.
Bu baxımdan, mən deyərdim ki, Səudiyyə Ərəbistanında keçirilən birinci İslam Həmrəyliyi Oyunları ilə və İndoneziyanın ev sahibliyi etdiyi Oyunlarla müqayisədə Ər-Riyaddakı son İslamiada yaxşı təşkil olunmuşdu. Xüsusilə media nümayəndələrinə lazımi şərait yaradılmışdı. Media nümayəndələrinin vaxtında yarışların keçirildiyi məkanlara çatdırılması, arenalarda onlara informasiya hazırlamaq üçün şəraitin yaradılması çox vacib məsələlərdən biridir və bu baxımdan da normal idi. İdman obyektləri arasında olan məsafələrin çox böyük olması bir az çətinliklər də yaradırdı.
Bilirsiniz ki, Ər-Riyad 7 milyon əhalisi olan bir şəhərdir və bütün idman qurğuları da şəhərin müxtəlif zonalarında yerləşirdi. Lakin buna baxmayaraq, Təşkilat Komitəsi bu məsələnin də öhdəsindən gəldi. Ümumiyyətlə, yarışların təşkilatçılığında beynəlxalq federasiyalar bu dəfə əvvəlki Oyunlardan daha fəal iştirak edirdilər. Yarışların keçirilməsi, hakimliyi və qaydalara riayət edilməsi beynəlxalq federasiyalar tərəfindən nəzarət altında saxlanılırdı və onlar tərəfindən həyata keçirilirdi. Bu da Oyunların nəticələrinə müsbət təsir göstərmişdir. Eyni zamanda qeyd edim ki, Oyunlar vaxtı İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Assambleyası keçirildi. Baş Assambleyadan əvvəl İcraiyyə Komitəsinin iclası oldu və bir çox məsələlər müzakirə edildi. Eyni zamanda, İslam Həmrəyliyi İdman Assosiasiyasının təkmilləşməsi, onun Nizamnaməsində dəyişikliklər edilməsi məsələlərinə baxıldı. Bildiyiniz kimi, VII İslam Həmrəyliyi Oyunları Malayziyanın Selanqor şəhərində keçiriləcək.
– Siz il ərzində İslam Həmrəyliyi İdman Assosiasiyasının vitse-prezidenti kimi bu qurumun ali məclislərində, tədbirlərində hansı vacib qərarlarının, layihələrinin həyata keçirilməsinə rəhbərlik etmisiniz?
– Konyada keçirilən Oyunlardan sonra növbəti İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək ölkəni müəyyənləşdirmək üçün komissiya yaradılmışdı və bu komissiyanın rəhbərliyi mənə həvalə olunmuşdu. Kamerun Olimpiya Komitəsi bu Oyunlara ev sahibliyi etmək üçün ölkənin namizədliyini irəli sürmüşdü. Mənim rəhbərlik etdiyim komissiya Kamerunu ziyarət etdi, buradakı vəziyyət və hazırlıq prosesləri ilə maraqlandı. Məhz bizim komissiyanın qərarı ilə Oyunların keçirilməsinin Kameruna verilməsi təsdiq olunmadı və başqa bir yerdə keçirilməsi qərara alındı.
VI İslam Həmrəyliyi Oyunlarının Ər-Riyad şəhərində keçirilməsi məsləhət görüldü və Oyunlar orda baş tutdu. İslam Həmrəyliyi İdman Assosiasiyasında bir çox komissiyalar fəaliyyət göstərir. Sonuncu Oyunlar zamanı bu qurumun Atletlər Komissiyasının seçkiləri baş tutdu. Bu seçkilərdə Apellyasiya Komissiyasına vitse-prezident kimi mən rəhbərlik edirdim. Yeri gəlmişkən, VI İslam Həmrəyliyi Oyunlarında Təhlükəsiz İdmanla bağlı missiyanı ilk dəfə məhz Azərbaycandan gedən mütəxəssislər həyata keçirirdilər. İslam Həmrəyliyi Oyunlarının bir neçə yarışlarında da məhz Azərbaycan mütəxəssisləri ekspertlər və münsiflər kimi dəvət olunmuşdular.
– Milli Olimpiya Komitəsi BOK, AOK və bir çox beynəlxalq idman qurumları ilə daim sıx əlaqə saxlayır. Bilmək istəyərdik ki, MOK-un beynəlxalq Olimpiya Hərəkatına inteqrasiyası prosesində hansı vacib məqamları qeyd etmək olar?
– Hələ 1997-ci ildə cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələrinin qurulması, inkişaf etdirilməsi və bütün beynəlxalq idman qurumları ilə sıx əməkdaşlıq məsələləri qarşıya qoyulan ilk vəzifələrdən biri idi. Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin tapşırığı ilə o dövrdən başlayaraq MOK beynəlxalq əlaqələri əsaslı şəkildə qurmağa, genişləndirməyə başladı. Bu dövrdə cənab Prezidentin istər Avropa, istər ümumdünya idman tədbirlərində, görüşlərdə, iclaslarda şəxsən iştirakı, Azərbaycanın idman sahəsində nüfuzunun artırılmasına və beynəlxalq müstəvidə qarşılıqlı əlaqələrin genişləndirilməsinə böyük təkan verdi. Bu gün də müxtəlif beynəlxalq federasiyaların rəhbərləri Azərbaycana gələndə cənab Prezident şəxsən onları qəbul edir.
1997-ci ildə qoyulan təməl əsasında MOK beynəlxalq əlaqələrin yaradılmasında böyük inkişaf yolu keçdi. Bunun nəticəsində Azərbaycanda bu gün istənilən beynəlxalq səviyyəli yarışların, tədbirlərin keçirilməsi adi bir hal almışdır. Bu dövr ərzində Azərbaycanda təkcə beynəlxalq idman yarışları deyil, dünya idman yazarlarının konqresi, Fair Play və antidopinqlə bağlı böyük tədbirlər də keçirilib. Gələn il Sport Accord tədbiri Azərbaycanda təşkil olunacaq. Lakim mənim yadımdadır ki, ilk dövrlərdən biz hər hansı bir beynəlxalq yarışın Bakıda keçirilməsinə nail olmaq üçün müəyyən çətinlik çəkirdik.
İlk vaxtlar beynəlxalq idman qurumları ölkəmizdə idman yarışlarını keçirmək üçün etdiyimiz təkliflərə tərəddüdlə yanaşır və bəzən imtina edirdilər. 1990-cı illərin axırı–2000-ci illərin əvvəllərində belə bir şəraitdə olan Azərbaycan artıq 2015-ci ildə ilk Avropa Oyunlarına çox böyük uğurla ev sahibliyi etdi. İslam Həmrəyliyi Oyunları, Avropa Gənclər Olimpiya Festivalı və müxtəlif idman növləri üzrə Avropa, dünya çempionatları ölkəmizdə keçirildi.
Bu tədbirlər Azərbaycanın çox qısa bir müddətdə beynəlxalq idman aləmində və eyni zamanda, beynəlxalq idman qurumlarında etibarlı tərəfdaş kimi nüfuzunu daha da artırdı. Nəticədə, Azərbaycanın idman sahəsində də beynəlxalq əlaqələri çox yüksək səviyyədədir və artmaqda davam edir. Bu il ölkəmizə müxtəlif beynəlxalq idman federasiyalarının rəhbərləri, milli olimpiya komitələrinin prezidentləri və bir çox nümayəndə heyətləri səfərə gəliblər. Bu qonaqların, demək olar ki, hamısı ilə MOK-da görüşlər keçirilib. Azərbaycan həmişə bir çox beynəlxalq idman qurumlarının rəhbər strukturlarında təmsil olunur.
İndi təkcə Bakıda deyil, ölkəmizin bir sıra şəhər və rayonlarında da beynəlxalq yarışları keçirilir. Ölkəmizdə bu yaxınlarda keçirilən MDB oyunları da məhz belə yarışlardan biri idi. Bilirsiniz ki, bir neçə gün bundan əvvəl Bakı şəhəri Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası tərəfindən “Dünyanın İdman Paytaxtı” seçilib. Bu, çox təqdirəlayiq bir hadisədir və ölkəmizin dünyanın aparıcı, nüfuzlu idman dövlətlərindən biri olmasının sübutudur.
– Milli Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinin bərabərhüquqlu üzvü olaraq, eyni zamanda, çox maraqlı layihələr, proqramlar həyata keçirir. Bu proqramların əsas mahiyyəti nədən ibarətdir? Gələcəkdə də MOK bu fəaliyyətini davam etdirəcəkmi?
– Azərbaycan Milli Olimpiya Komitəsi fəaliyyətə başladığı dövrdən BOK-un, AOK-un müxtəlif proqramlarında iştirak etməyə başlayıb. İndi Azərbaycan özü Beynəlxalq Olimpiya Komitəsinin İdman Həmrəyliyinə yeni proqramlarla bağlı bəzi təkliflər göndərir və bu təkliflər də qəbul olunur. MOK tərəfindən müxtəlif dövrlərdə çox böyük beynəlxalq layihələr həyata keçirilib. Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OSEP), Azərbaycanda Olimpiya Hərəkatına həsr olunmuş foto-müsabiqə, MOK-un 30 illik yubileyi ərəfəsində “Azərbaycanın Olimpiya Odisseyası” layihəsi, İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı, xüsusilə bu il keçirilən süni intellekt və Təhlükəsiz İdman üzrə proqram həm məzmun, həm də kütləvilik baxımından çox maraqlı layihələrdir. Milli Olimpiya Komitəsi təhlükəsiz idman və məşqçilərin peşəkarlığının artırılması ilə bağlı federasiyalarla birgə seminarlar da keçirib.
– MOK Olimpiya Hərəkatının və idmanın təbliğini də daim diqqət mərkəzində saxlayır. Bu barədə də fikirləriniz maraqlı olardı.
– MOK-un fəaliyyəti, ölkəmizdə Olimpiya Hərəkatının genişlənməsi ilə bağlı həyata keçirilən çoxşaxəli uğurlu tədbirlər göz önündədir. Peşəkar və yüksək səviyyədə aparılan təbliğat da bu işlərə böyük təkan verir. Bu gün Milli Olimpiya Komitəsi bütün kütləvi informasiya vasitələri ilə səmimi və işgüzar əlaqələr yaradıb. Space TV-də “İdman hamı üçün” və İdman TV-də “Fəxri kürsü” televiziya proqramları Milli Olimpiya Komitəsi ilə birgə həyata keçirilən layihələrdir. Eyni zamanda, MOK-un rəsmi mətbuat orqanı olan “Olimpiya dünyası” qəzeti, olympic.az saytı və sosial media layihəsi fəaliyyət göstərir. MOK-un yubileyləri ərəfəsində Olimpiya Hərəkatı ilə bağlı ensiklopedik kitablar da çap etdirmişik. Bu sahədəki işimiz də MOK -un çoxşaxəli fəaliyyətinin tərkib hissələrindən biridir.
– Milli Olimpiya Komitəsi sonuncu Baş Məclisində İdarə Heyətinə 5 Olimpiya çempionu da üzv seçildi. Həm də ilk dəfə olaraq 2 Olimpiya çempionu MOK-un vitse-prezidenti oldu. Sizcə, bu, hansı zərurətdən irəli gəlirdi?
– Bir çox ölkələrdə İcraiyyə Komitəsində funksionerlər fəaliyyət göstərirlər. Lakin Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə Olimpiya Hərəkatının ən görkəmli nümayəndələri MOK-da təmsil olunurlar. Buna görə də bütün Olimpiya çempionlarımız Milli Olimpiya Komitəsinin üzvləridirlər. Onlardan 5 nəfəri MOK-un İcraiyyə Komitəsinin üzvü və bu beş nəfərdən ikisi də Milli Olimpiya Komitəsinin vitse-prezidentləridir. Çünki onlar idmançıları daha yaxşı tanıyır, onların yarışlara hazırlıq prosesini və idmançı üçün nə tələb olunduğunu hamıdan yaxşı bilirlər. Olimpiya çempionlarından başqa, İcraiyyə Komitəsinin digər üzvləri də idmançılardır, bu sahəyə bağlı olan və müxtəlif idman növlərində idmana rəhbərlik edən insanlardır.
– Milli Olimpiya Komitəsinin təşəbbüsü və sifarişi ilə Olimpiya çempionlarımız haqqında çox maraqlı filmlər çəkilib. Bu filmlər Azərbaycanın bütün televiziya kanallarında göstərilib və bu filmlərin Qarabağ bölgəsində nümayişi nəzərdə tutulubmu? Gələcəkdə də Milli Olimpiya Komitəsinin bu sahədəki təşəbbüsü davam edəcəkmi?
– Bəli, Milli Olimpiya Komitəsinin təşəbbüsü və sifarişi ilə, demək olar ki, bütün Olimpiya çempionlarımız haqqında film çəkilib. Bu yaxınlarda Hidayət Heydərov haqqında çəkilən film də nümayiş olunacaqdır. Azərbaycan Respublikasının Kino Agentliyi ilə MOK arasında memorandum imzalanıb. Bu memoranduma əsasən Olimpiya çempionlarımız haqqında çəkilən filmlər tanınmış idmançılar və Olimpiya çempionlarının iştirakı ilə bölgələrdə nümayiş olunacaq. Necə deyərlər, gələcək potensial qəhrəmanlar aramızdadırlar. Təbii ki, Olimpiya çempionları olduqdan sonra onlar haqqında da filmlər çəkiləcək.
– Qarşıdan Los-Anceles 2028 Yay Olimpiya Oyunları gəlir. Artıq vaxta az qalıb. İdmançılarımızın bu Olimpiadaya hazırlığında, sizcə, daha çox nələrə nəzər yetirmək lazımdır?
– Olimpiya Oyunları dörd ildən bir keçirilir və idmançıların bu oyunlarda iştirak etmək üçün şansları məhduddur. Çünki dünya və Avropa çempionatları tez-tez keçirildiyinə görə bir çox idmançılar bu çempionatlarda iştirak edib nəticələr göstərə bilirlər. Amma Olimpiya Oyunları dörd ildən bir keçirildiyinə görə bir idmançı əsasən maksimum 2-3 Olimpiadada iştirak edə bilir. Buna görə də Olimpiya Oyunlarına hazırlıq hər bir federasiyada xüsusi proqramlar üzrə həyata keçirilir. Los-Anceles Olimpiadasına, demək olar ki, 3 il qalır və onu nəzərə almaq lazımdır ki, bu müddətdə yeni idmançılar da meydana çıxacaq. Yəni bu gün yeniyetmə olan idmançılar üç ildən sonra artıq gənclərin və ya yaşlıların sırasında olacaq və onların hansının daha uğurlu çıxış edəcəyini indidən demək mümkün deyil. Ona görə əsas istiqamətlərdən biri də artıq yeniyetmələrdə və gənclərdə bu gün özünü göstərmiş idmançıların yaşlılar qrupuna düzgün keçidini təmin etməkdir.
Bəzən yeniyetmə dövründə yüksək nəticələr qazanan idmançılarımız sonra yaşlıların yarışlarına gedəndə həmin nəticələri göstərə bilmirlər. Məhz yaşlılar qrupuna uğurlu keçidi təmin etmək çox vacib məsələdir. İdmançılar həm də psixoloji cəhətdən hazırlıqlı olmalıdır. İdmançı özünə inanmalıdır, əmin olmalıdır ki, o, çıxıb mübarizə apardığı yarışda qalib gələ biləcək. Bizim belə nümunələrimiz çoxdur. Sidney-2000-də Namiq Abdullayev və Zemfira Meftanətdinova özlərinə əmin idilər, yəni bu yarışlara çox ciddi hazırlaşıb da əminliklə qələbə qazandılar.
Eyni sözləri Fərid Mansurov haqqında da demək olar. Elnur Məmmədli finala, yarışa getdiyi günü yazmışdı ki, mən çempion olacağam və getdi çempion oldu. Yəni bu psixoloji hazırlıq məsələləridir. Eyni fikri Hidayət haqqında da söyləmək olar. Yəni əsas məsələ fiziki hazırlıqla yanaşı, psixoloji cəhətdən qələbəyə, uğur qazanacağına inanan idmançıların hazırlanmasıdır. Əsas vəzifələrimizdən də biri idmançıların bu dövr ərzində zədələnməsinin qarşısını almaq, sağlamlıqlarını qorumaqdır.
– Milli Olimpiya Komitəsinə şəxsi və idman həyatlarındakı problemləri ilə bağlı müxtəlif idman mütəxəssisləri, idmançılar çoxsaylı müraciətlər edirlər. Maraqlıdır ki, Olimpiya və qeyri-olimpiya idman növləri ilə məşğul olan idmançıların MOK-a səmimiyyətlə müraciət etmələrinin, inamla yanaşmalarının əsas səbəbi nədir?
– Bunun bir neçə səbəbi var və əsas səbəb təbii ki, bütün idmançıların, idman mütəxəssislərinin Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə olan böyük inamıdır. İdmançılar yaxşı bilirlər ki, cənab Prezident hər bir idmançının istər şəxsi həyatı, istərsə də idman həyatı ilə bağlı məsələlərə həmişə diqqət və qayğı göstərir. Bu səbəbdən də Milli Olimpiya Komitəsində rəsmi qəbul günləri yoxdur. İstənilən idmançı istənilən zaman, istənilən anda MOK-a gəlib müraciət edə bilər. Sərbəst şəkildə MOK-un rəhbərliyinə və digər əməkdaşlara etdikləri şifahi və yazılı müraciətlərə, məktublara müddət qoyulmur. Yazılı və ya şifahi müraciət etdikləri anda o məsələyə çox vaxt özlərinin iştirakı ilə dərhal baxılır. Onların müraciətləri diqqətlə dinlənilir, operativ araşdırılır və lazımi tədbirlər görülür. Bu da qarşılıqlı inamın, səmimi münasibətlərin formalaşmasına şərait yaradır.
– Sizin təşəbbüsünüzlə İdman TV-də “Fəxri kürsü” proqramı yayımlanır. İlk verilişdə verdiyiniz müsahibədə bildirmişdiniz ki, hər bir idmançı nə vaxt fəxri kürsüdə yer alırsa, medal qazanırsa, mən özümü də həmin fəxri kürsüdə hiss edirəm. İdman zallarında məşq edən kiçik yaşlı idmançılar həm də gələcəyin potensial Olimpiya çempionlarıdır. Fəxri kürsüyə gedən yollarının daha uğurlu olması üçün ömrü uzun illər idmana bağlı olan bir insan kimi onlara nə arzulayardınız?
– İlk növbədə, mən peşəkar şəkildə idmanla məşğul olan gənclərimizə, övladlarımıza, balalarımıza özlərinə inam, özgüvənlik arzulayıram. Çünki böyük idmançı olmaq üçün birinci növbədə, insanda güclü xarakter formalaşmalıdır. Çünki əgər bir gənc məşqlərdə yorulduğu üçün artıq idmana getmək istəmirsə, həvəsi olmursa, o böyük idmançı ola bilməz. İdmançıda qələbəyə fiziki inam, dözüm və ruh yüksəkliyi olmalıdır. Qazanılan uğurlardan arxayınlaşmamalı, daim mübarizə aparmaq əzmini qoruyub saxlamalıdır. Beynəlxalq arenalarda qazanacağı qələbələrin şərəfinə Azərbaycan bayrağının qaldırılacağı və Dövlət himninin səsləndiriləcəyi arzusu ilə yaşamalıdır.
– Çingiz müəllim, gələn ilin fevral ayında Qış Olimpiya Oyunları və ilin sonuna yaxın Seneqalda Yeniyetmələrin Olimpiya Oyunları keçiriləcək. Bu oyunlara hazırlıqla yanaşı, 2026-cı ildə Milli Olimpiya Komitəsinin fəaliyyətində daha hansı nə yeniliklər olacaq?
– Milli Olimpiya Komitəsinin əsas vəzifələrindən biri də ölkəni dünya Olimpiya Hərəkatında təmsil etmək və Azərbaycan idmançılarının, idman mütəxəssislərinin dünya idman sisteminə, dünya idman ictimaiyyətinə inteqrasiyası ilə məşğul olmaqdır. Milli Olimpiya Komitəsi sırf idmançı hazırlanması ilə məşğul deyil. Bu işləri federasiyalar, klublar görür. Amma federasiyaların, klubların əldə etdiyi nailiyyətləri dünyaya təqdim etmək, dünyada bunu təsdiqləmək Milli Olimpiya Komitəsinin vəzifəsidir. Biz həmişə bu sahəni genişləndirmək istəyirik. Yəni Olimpizmin inkişafı, idmançılarımızın Olimpiya, vətənpərvərlik ruhunda tərbiyə olunması bizim əsas məqsədlərimizdir.
Növbəti illərdə də biz bu missiyamızı, birbaşa vəzifəmizi daha böyük uğurla davam etdirməyə çalışacağıq. Azərbaycanı beynəlxalq Olimpiya Hərəkatında, beynəlxalq idman strukturlarında təmsil edəcəyik. Bir çox beynəlxalq yeni layihələr həyata keçirəcəyik. Bizim 2026-cı ildəki növbəti planlarımızdan biri də ölkəmizin idman jurnalistləri üçün xüsusi bir proqram hazırlamaq və Beynəlxalq Olimpiya Komitəsinin dəstəyilə Azərbaycanda peşəkar idman jurnalistlərinin hazırlanması üzrə seminarlar təşkil etməkdir.
2026-cı ildə Azərbaycanın müstəqil dövlət kimi Atlanta Yay Olimpiya Oyunlarında iştirakının 30 ili tamam olur. Yeni ildə bu yubileyi də təntənəli şəkildə qeyd edəcəyik.
Müsahibəni qələmə aldı:
Səbuhi Məmmədov
XQ

