20 Yanvar Azərbaycan xalqının tarixində təkcə faciə günü deyil, eyni zamanda, milli qürurun, azadlıq iradəsinin və mübarizə ruhunun rəmzi kimi dərin iz buraxmış tarixi hadisədir. 1990-cı il yanvarın 20-də sovet imperiyasının Bakıya yeritdiyi hərbi birləşmələr tərəfindən dinc əhaliyə qarşı törədilmiş misli görünməmiş qəddarlıq nəticəsində onlarla günahsız insan – qadınlar, uşaqlar və yaşlılar qətlə yetirilib. Bu qanlı hadisə Azərbaycan xalqının azadlıq yolunu dayandıra bilməyib, əksinə, müstəqillik uğrunda mübarizənin sarsılmazlığını bütün dünyaya nümayiş etdirib.
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Qərbi Azərbaycan İcmasının üzvləri də Şəhidlər xiyabanını ziyarət ediblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları önünə gül dəstələri düzülüb, şəhidlərin ruhuna dualar oxunub.
Qərbi Azərbaycan İcmasının üzvləri bildiriblər ki, 20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan xalqının milli yaddaşında əbədi yaşayacaq və onların göstərdiyi fədakarlıq gələcək nəsillər üçün örnəkdir. Azərbaycanın azadlığı və müstəqilliyi naminə həyatlarını qurban vermiş, bu müqəddəs amal uğrunda şəhid olmuş bütün qəhrəmanlar dərin ehtiram və qürur hissi ilə yad edilib, onların əziz xatirəsi qarşısında baş əyilib.






