Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 11-ci, 13-cü və 26-cı bəndlərini rəhbər tutaraq qərara alır:
“İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 702 (Cild I); 2024, № 2, maddə 138) 13-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. 13.1-ci maddəyə “üçün” sözündən sonra “, strateji əhəmiyyətə malik investisiyalara münasibətdə isə Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycan Respublikasının milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə” sözləri əlavə edilsin.
2. 13.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“İnvestisiyaların dövlət ehtiyacları üçün, strateji əhəmiyyətə malik olan investisiyalara münasibətdə isə Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycan Respublikasının milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə investordan alınması ayrı-seçkilik hesab edilmir.”.
3. 13.3-cü maddədən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri çıxarılsın.
4. 13.4-cü maddədə “maddəsinə uyğun olaraq ödəniləcək kompensasiya” sözləri “maddəsində nəzərdə tutulan kompensasiya investisiya müqaviləsində müəyyən edilmiş qaydada, belə qayda olmadıqda isə” sözləri ilə əvəz edilsin.
5. Aşağıdakı məzmunda 13.5-ci maddə əlavə edilsin:
“13.5. Strateji əhəmiyyətə malik olan investisiyaların Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycan Respublikasının milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə milliləşdirilməsi və ya dövlət tərəfindən alınması Azərbaycan Respublikasının qanunları ilə həyata keçirilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 fevral 2026-cı il

