Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti mayın 16-dan 18-dək "Gülüstan" sarayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresi keçirəcək.
Cəmiyyətdən AZƏRTAC-a verilən məlumata görə, konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdən ibarətdr.
“Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresinə dünyanın 20 ölkəsindən 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardiocərrah qatılacaq. Onlar ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələləri müzakirə edəcəklər.
Dünyanın ən məşhur kardiocərrahlarından olan professorlar David Taggart (Böyük Britaniya) və Şiqeyuki Ozaki (Yaponiya) fəxri qonaq kimi konqresdə iştirak edəcək. Konqres çərçivəsində əməliyyatxanadan birbaşa bağlantı ilə ürək əməliyyatının canlı yayımı da təşkil olunacaq.
Proqrama əsasən mayın 16-da gənc ürək-damar cərrahları və rezidentlər üçün EVAR-TEVAR mövzusunda ekspert görüşü, mitral qapaq təmiri və cərrahi anastomoz kursu, tibb bacıları və perfüzionistlər üçün öyrədici kurslar təşkil ediləcək.
Mayın 17-də və 18-də təşkil olunacaq 21 elmi sessiyada kardioloq və kardiocərrahların iştirakı ilə səhiyyənin bu sahəsindəki ən son elmi yeniliklərin müzakirəsi aparılacaq. Proqramda, həmçinin Türkiyə Ürək-Damar Cərrahiyyəsi Dərnəyi, Avropa Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti ilə ortaq sessiyaların keçirilməsi də nəzərdə tutulub.
Konqres zamanı Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşəbbüsü ilə ötən il Türkiyədə təsis edilmiş Türk Dünyası ürək-damar cərrahiyyəsi Birliyinin Zirvə toplantısı təşkil olunacaq.
“Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresi Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil verən tədbir kimi tanınıb və konqres iştirakçıları 20 DTT balı əldə edəcəklər.
"Konqresdə iştirak etmək istəyən mütəxəssislər www.bakuheartdays.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Konqresdə çıxış üçün göndərilmiş elmi məqalələr və abstraktlar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dövri nəşrlər siyahısında olan "Azərbaycan Ürək və Damar Cərrahiyyəsi" elmi jurnalında dərc ediləcək.
Qeyd edək ki, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti 2009-cu ildən etibarən hər iki ildən bir Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil edir.