“Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”nin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

post-img

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 9 fevral tarixli 437 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Şuşa şəhərində yerləşən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin balansında olan “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”nin müqavilə əsasında idarəetməyə verilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təklifi qəbul edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 9 fevral tarixli 437 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında Əsasnamə”nin tələbləri nəzərə alınmaqla, “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”nin idarəetməyə verilməsi ilə bağlı müqavilənin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən bağlanılmasını iki ay müddətində təmin etsin;

2.2. bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş müqavilə bağlanıldıqdan sonra onu təsdiq etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 yanvar 2026-cı il

Sərəncamlar