Rusiya rəsmiləri Ukraynaya erməni əsilli şəxslərdən təşkil olunmuş yeni tabor göndərir. Belə bir məlumatı ABŞ-ın Müharibəni Öyrənmə İnstitututu (ISW) Rusiya mənbələrinə istinadən yayıb. Məlumatda bildirilir ki, sözügedən taborun tərkibini Ermənistan vətəndaşlığını daşıyan ermənilər, həmçinin Abxaziyadakı etnik ermənilər təşkil etməkdədir.
Bu xəbər bir neçə cəhətdən maraqlıdır. Əlbəttə, Abxaziyada yaşayan etnik ermənilərin Rusiyanın tərəfində döyüşmələrində, ilk baxışdan, təəccüblü nə isə yoxdur. Hərçənd, nəzərə alsaq ki, Abxaziya separatçı bölgədir, oradakı ermənilərin Ukrayna əleyhinə savaşmalarının arxasında hansı siyasi çalarların dayandığını söyləmək mümkündür. Ölkənin Donetsk və Luqansk bölgələri də separatizmin əsiridir. Deməli, separatçılar özləri kimilərin apardıqları avantürist oyunda iştirak edirlər.
Niyə abxazlar yox, ermənilər? Düşünürük ki, burada da vurğulanmalı məqam yox deyil. Tarixən erməni ambisionizmi bölücü və dağıdıcı xisləti ilə seçilib. Onları alətə çevirmək mümkündür. Necə ki, otuz ilə yaxın Azərbaycan torpaqlarında xəstə təfəkkürlərinin məhsulu olan yaramazlıqları gerçəkləşdirməklə yanaşı, həm də qlobal oyunlarda alətə çevrildilər. Görünür, indi də Ukrayna müharibəsində eyni “ampluada” çıxış etməkdədirlər.
Gələk, Ermənistan vətəndaşı olan ermənilərə. Əlbəttə, bu tiplər də birincilərdən o qədər fərqlənmirlər. Əksinə, əgər azğındırlarsa, bu baxımdan haradasa yaşayan soydaşlarından daha “üst səviyyədədirlər”. Diqqət yetirək, haqqında söz açdığımız məsələ ABŞ-dakı mötəbər qurum tərəfindən açıqlanırsa, deməli, Ukraynaya qarşı döyüşmək üçün yollanan Ermənistan vətəndaşlarının sayında çoxluq, ən əsası mütəşəkkillik və sistematiklik var. Belə bir miqyaslı işin isə ölkə hakimiyyətindən xəbərsiz gerçəkləşdirilməsi mümkünsüz görünür.
Növbəti sual: necə olur ki, Qərb-pərəst Ermənistan iqtidarı anti-Qərb təmayüllü aksiyanın içərisində yer alır? Suala cavab vermək çətindir. Ancaq son vaxtlar Ukrayna müharibəsi ilə bağlı Ermənistanın adı çəkilməkdədir. Məsələn, bu yaxınlarda məlum olub ki, ABŞ-dan Ermənistana texnoloji alətlərin daşınmasında fantastik artım var. Söhbət, konkret olaraq, Rusiyanın raket sistemlərinin hərəkətə gətirilməsi üçün mikro çiplərin idxalından gedir. O çiplərin ki, Moskvanın onları əldə etməsinə sanksiya qoyulub. Mövcud durumdan yararlanan isə ermənilər olub. Onlar ölkələrini “tranzit” kimi istifadə ediblər. Yəni, Rusiyaya lazım olan alətlər Ermənistana gətirilib, oradan isə Şimala yola salınıb. Maraqlıdır ki, bu “ticarət konfiqurasiyasında” İranın da adı çəkilməkdədir. İranı hələlik bir kənara qoyub mətləbdən uzaqlaşmayaq və indi diqqətə çatdırdığımız hadisə ilə mövzumuzun ana xəttini təşkil edən məsələ arasında kiçik yaxınlıq axtarmağa çalışaq.
Ortaya bir sual da çıxır: Ermənistan və ermənilər bu işi özbaşlarına reallaşdıracaq durumdadırlarmı? Axı, vurğuladıq ki, onlar tarixən alət olublar. İndi, ilk baxışdan, Ermənistan ilə Rusiyanın arası yaxşı deyil. Amma ölkənin Fransa ilə əlaqələri var. O Fransa ilə ki, dünyanı, guya, Rusiyaya qarşı olması ilə aldatmaq niyyətindədir. Ancaq əmələ diqqət yetirəndə görürük ki, Paris, loru dildə desək, yalnız guruldamaqla məşğuldur, həssas məqamlarda anti-Moskva təmayülündən kənardır. Yəni, hazırkı durumda Fransa hakimiyyəti görüntü yaratmaqla məşğuldur. Özü də bu görüntünün qurulmuş oyun olduğunu Avropa ölkələrinin bir çoxunda yaxşı bilirlər. Təsadüfi deyil ki, Fransa Prezidenti Emmanuel Makronun Rusiya Prezidenti Vladimir Putinin “peşkası” olduğunu söyləyən siyasilər var. Onlar bu qənaətə vəziyyəti təhlil edərək gəlirlər, nəyisə havadan-sudan götürmürlər.
Nəzərə alsaq ki, hazırda Fransa-Ermənistan əlaqələrində birincinin ikinciyə münasibətdə yüksək təəssübkeşliyinə söykənmiş bağlantı var, belə nəticəyə gəlmək mümkündür ki, necə deyərlər, kiçik bacı olan Ermənistan böyük bacı sayılan Fransanın diktəsi ilə hərəkətə gəlir. Makronun Ukrayna müharibəsindəki qeyri-səmimiliyinə də diqqət yetirəndə, mənzərə tam aydınlaşır. Deməli, Ukraynaya qarşı Ermənistan vətəndaşlarının döyüşmələrində uyğunluq var. Beləliklə, bütün daşlar yerinə oturur.
Qalır, Abxaziya erməniləri ilə Ermənistan erməniləri arasındakı əlaqəni tapmaq. Burada da məntiqdən kənar nə isə istisnadır. Həm Ermənistan hakimiyyəti, həm də kənardakı ermənilər prinsip etibarilə dünya erməniliyi, başqa sözlə desək, xaricdəki erməni lobbi və diaspor təşkilatları ilə, separatçı ünsürlərlə əlaqədədirlər. Dünya erməniliyinin geniş vüsət tapdığı ölkələr isə Rusiya və Fransadır. Deməli, erməniləri Fransa öyrədir, Rusiya döyüşdürür. Dəqiq desək, Ukraynada döyüşməyə aparır.
Əlbəttə, ABŞ da dünya erməniliyinin məskən saldığı bölgələrdəndir. Ancaq vəziyyəti təhlil edərkən, belə qənaətə gəlmək mümkündür ki, hazırda Birləşmiş Ştatlardakı erməni lobbi və diaspor təşkilatlarının istəkləri ölkənin qlobal siyasətinə, xüsusən də Cənubi Qafqaz maraqlarına tərs mütənasibdir. Faktiki olaraq, Vaşinqton erməni mənafelərini kənara qoyub. ABŞ Konqresindəki ermənipərəstlər nə qədər hay-küy qaldırsalar da, bu, Ağ Evin siyasətinə təsir göstərmir.
Müşahidəçilər də bildirirlər ki, indi Birləşmiş Ştatlar Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində obyektivlik nümayişindədir. Ancaq biz onu da görürük ki, ABŞ-ın yanaşması Ermənistanı qane etmir. Daha doğrusu, Ermənistanın Azərbaycanla sülh prosesinə münasibəti, Vaşinqtonu razı salmır. Ona görə də Birləşmiş Ştatlara məxsus Müharibəni Öyrənmə İnstitutunun, habelə bənzər qurumların hazırda açıqlanmış faktlara oxşar məsələləri gələcəkdə daha yüksək intensivlikdə və rəngarəng şəkildə gündəmə gətirmələri proqnozlaşdırılandır.
Rəngarənglikdən söz düşmüşkən, ISW iyulun 2-də Rusiya mənbələrinə istinadən yaydığı məlumatda Ukraynada döyüşəcək erməni könüllü taborunun “Arbat” adlandırıldığını da açıqlayıb. Hələ onu da bildirib ki, həmin tabora daxil olan şəxslərin Moskvadakı erməni kilsəsindən yola salınması mərasimi təşkil olunub. Mərasimdən fotoların yayıldığı da bildirilir.
R.ƏVƏZ, “Xalq qəzeti”