Beləcə, Azərbaycan daha bir beynəlxalq mədəniyyət tədbirini məsuliyyətlə təşkil etdi və uğurla başa çatdırdı. Builki “Muğam aləmi” festivalı Prezident İlham Əliyevin sərəncamı ilə elan olunmuş “Heydər Əliyev İli” çərçivəsində ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etdiyinə görə daha əlamətdar idi. Bəli, ölkəmizin mədəniyyət ocaqları altıncı dəfə muğam nuruyla işıqlandırıldı. Yeri gəlmişkən, mən məmnunam ki, bu möhtəşəm layihənin musiqi tədbiri silsiləsinin birincisinin həm açılış, həm də bağlanış mərasimlərində iştirak etmişdim.
O zaman “Muğam dünyası” Beynəlxalq Musiqi Festivalı adlandıran tədbir Heydər Əliyev Fondunun təşəbbüsü ilə 18–25 mart 2009-cu il tarixində keçirilmişdi. Açılışı Beynəlxalq Muğam Mərkəzində, bağlanışı isə martın 25-də Heydər Əliyev Sarayında təşkil olunmuş tədbirlər silsiləsi haqqında danışan Mehriban xanım Əliyeva demişdi ki, biz bu layihənin Azərbaycan brendi kimi qəbul olunması üçün belə festivalları davamlı olaraq təşkil edəcəyik. Artıq zaman sübut edir ki, təkcə dövlət başçımız deyil, digər dövlət rəsmilərimiz də verdiyi vədlərin reallaşdırılmasına nail olur.
“Azərbaycan brendi” demişkən, xatırladım ki, mən Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə baş tutan növbəti festival çərçivəsində keçirilən tədbirlərin əksəriyyəti ilə maraqlandım və yadıma düşən ilk fikir bu oldu ki, Azərbaycan “Bakı prosesi” və “Mədəniyyətlərarası dialoqlar” silsiləsi kimi bu festivala da uzunömürlülük bəxş edə bildi.
Qeyd edək ki, “Bakı prosesi” də əvvəlcə mədəni əməkdaşlıq məzmunu daşıyırdı. Ancaq cənab Prezident İlham Əliyev həmin tədbirin tam siyasiləşdirilməsinə nail olmuş və nəticədə, Azərbaycanın dostları çoxalmış, beynəlxalq aləmdəki nüfuzumuz artmışdır. Söhbət ondan gedir ki, 2008-ci ilin 2–3 dekabr tarixlərində təşkil olunan Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 islam ölkəsinin nazirləri də dəvət edilmişdi. İslam dövlətlərinin iştirakı ilə mədəniyyət nazirlərinin konfransı yeni bir formata transformasiya olunmuş, Avropa və ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi bu konfransda “Mədəniyyətlərarası dialoqunun təşviqinə dair “Bakı Bəyannaməsi” qəbul edilmişdi.
“Bakı Bəyannaməsi” ilə sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin və bu prosesin inkişafına hədəflənmiş “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyulmuşdu. Bundan başqa, “Bakı prosesi”nin davamlılığını təmin etmək məqsədilə 2009-cu il 13–15 oktyabr tarixində Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI Konfransında Azərbaycanın təşəbbüsü ilə 10-dan çox Avropa dövləti də iştirak etmişdi. Həmin tədbirdə iştirak edən Avropa Şurasına üzv dövlətlər ilə İslam Konfransı Təşkilatına üzv ölkələr arasında mədəniyyətlərarası dialoqa dair birgə kommunike qəbul edilmişdi. 2010-cu il sentyabrın 23-də isə BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi elan edilmişdi.
Yəni, Azərbaycanda keçirilən mədəniyyət tədbirləri də birbaşa olaraq ölkəmizin xarici siyasətinə və son nəticədə milli dövlətçiliyimizin maraqlarına xidmət edir. Builki festivalda Azərbaycan musiqiçiləri ilə yanaşı, Türkiyə, Özbəkistan, Tacikistan, İsrail, Əfqanıstan, İran, İraq, Yunanıstan, Böyük Britaniya, Mali, Hindistan, İordaniya və Misirdən gəlmiş musiqiçilər də iştirak edirdilər. Yəni əvvəlkilərə nisbətən bu festivalın coğrafiyası daha böyük idi. Çevrənin genişlənməsi isə təbii ki, tədbirin beynəlxalq əhəmiyyətini də artırır.
Onu da əlavə edək ki, builki festival çərçivəsində keçirilən müsabiqənin münsiflər heyəti də müxtəlif ölkələri təmsil edirdilər və beynəlxalq aləmdə böyük nüfuz sahibi olan görkəmli sənətkarlardan ibarət idi. Heydər Əliyev Mərkəzində keçirilən yekun konsertdən əvvəl jurnalistlərə müsahibə verən festival iştirakçısı Vasımatı Qabrinati demişdi ki, 2009-cu ildə keçirilən birinci Beynəlxalq Muğam Festivalından sonra iştirak etdiyim ən yaxşı festivaldır: “10-dan çox ölkədən musiqiçiləri bir arada görmək çox xoşdur. Biz bu festivaldan zövq aldıq”.
Yada salmaq istədiyimiz əsas məqamlardan biri də festival çərçivəsində keçirilmiş beynəlxalq muğam müsabiqəsinin xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru Xalq artisti Siyavuş Kəriminin dedikləridir. Professor xatırlatdı ki, “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı ilk gündən etibarən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi və himayəsi altında keçirilir: “Bu festival regionların ənənəvi musiqi mədəniyyətlərinin bir çox görkəmli nümayəndələrini, eyni zamanda gənc musiqiçi, bəstəkar, tədqiqatçı, təbliğatçı və həvəskarlarını bir araya toplayıb bölgələrdəki mövcud vəziyyətin və orada formalaşmaqda olan ənənələrin nümayiş olunduğu beynəlxalq layihəyə çevrilib. Festival müxtəlif ənənəvi və yeni musiqi janr və üslublu əsərlərdən ibarət silsilə konsertlər, beynəlxalq elmi simpozium və ənənəvi musiqi ifaçılarının müsabiqəsindən ibarətdir”.
Xatırladaq ki, müsabiqədə Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı iştirak edib. Birinci yer uğrunda instrumental ifaçılıq kateqoriyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə isə 10 ifaçı mübarizə aparıb. Müsabiqədə ölkəmizi instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə isə 4 ifaçı təmsil edib. Müsabiqənin qaliblərinin adına baxanda da göz önündə ilk olaraq türk coğrafiyası canlanır. Məsələn, Mohiçehra Şahmurotova (Özbəkistan), Mirəli Sarızadə (Azərbaycan), Dostmurod Negmurodov (Özbəkistan), Shoxijohan Yoriev (Özbəkistan, rübab) və s.
Yeri gəlmişkən, bu festival Azərbaycanın mədəniyyət mərkəzlərinin imkanlarının təbliği baxımından da əhəmiyyətli oldu. Məsələn, Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriya və Daş Salnamə Muzeyi, sözün həqiqi mənasında, beynəlxalq tədbirlərin keçirilməsi üçün ən yaxşı məkanlar idi. Festivalın sonuncu tədbirinin məkanı olan Heydər Əliyev Mərkəzi isə özünün maddi-texniki bazasına və digər imkanlarına görə əksər ölkələrin musiqiçiləri üçün əlçatmaz səviyyədədir. Burada müasir dünyanın ən mötəbər beynəlxalq tədbirləri keçirilir.
Sonda bir daha xatırladaq ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən milli muğam müsabiqələri və beynəlxalq muğam festivalları təşkil olunur. Ekspertlərin fikrincə, bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti müstəvisində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”