Gürcüstan arxivlərindən, Əlyazmalar Mərkəzindən və Muzey fondlarından 1000-ə yaxın arxiv sənədi gətirilib

post-img

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə gündəlikdəki məsələləri diqqətə çatdırıb. 

Bölmənin Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov 2025-ci ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətə dair yarımillik hesabatın hazırlıq vəziyyəti barədə Rəyasət Heyətini məlumatlandırıb. 

AMEA Naxçıvan Bölməsi tərəfindən Naxçıvanla bağlı arxiv materiallarının aşkar olunaraq, həmin sənədlərin əlçatanlığını təmin etmək məqsədilə son illər ərzində Türkiyə, Rusiya və Gürcüstan arxivlərinə elmi ezamiyyələrin təşkil olunduğunu diqqətə çatdıran akademik İsmayıl Hacıyev bildirib ki, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev cari ilin 10 may-7 iyun tarixlərində Gürcüstanda elmi ezamiyyədə olub.

Tarix üzrə fəlsəfə doktoru Musa Quliyev iclasda həmin elmi ezamiyyənin nəticələri ilə bağlı məlumat verib. Alim ezamiyyə dövründə Gürcüstan Dövlət Arxivində, K.Kekelidze adına Gürcüstan Milli Əlyazmalar Mərkəzində, Gürcüstanın Simon Canaşia Muzeyində, habelə tanınmış gürcü şairi Nikoloz Barataşvilinin ev-muzeyində apardığı axtarışlardan bəhs edib, Dövlət Arxivindən və Gürcüstan Milli Əlyazmalar Mərkəzindən əldə etdiyi materiallar barədə müfəssəl məlumat verib.

Musa Quliyev bildirib ki, ezamiyyə nəticəsində Naxçıvan tarixi, etnoqrafiyası, mədəniyyəti ilə bağlı 1000-ə yaxın sənəd və əlyazmanı ölkəyə gətirib. Sənədlər sırasında Bəhram Naxçıvanskinin Qafqaz Canişinliyində işləməsi haqqında sənədləri, İ.Şopenin 70 səhifəlik kameral siyahısı (Naxçıvan haqqında), Hüseyn xan Naxçıvanskinin Qafqaz Canişinliyinin dəftərxana rəisinə yazdığı  məktub, Ehsan xanın naib təyin olunması ilə bağlı 44 səhifəlik xidmət kitabçası, İ.Paskeviçin Naxçıvan haqqında yazdığı məktublar, Məhəmməd ağa Şaxtaxtınski, general mayor Kalbalı xan Naxçıvanski, eləcə də əldə olunmuş başqa sənədlər Naxçıvan tarixi üçün mühüm əhəmiyyət kəsb edir. Əldə olunan materiallar arasında tarixçi Cəmil Quzanlının farsca əsərinin rus qafqazşünası K.N.Smirnovun rus dilinə tərcümə variantı da vardır.

Nikoloz Barataşvilinin ev-muzeyində apardığı axtarışlardan danışan alim qeyd edib ki, 1844-cü ildə Naxçıvanda işləyərkən şairə Qönçəbəyimlə tanış olub. 1845-ci il yanvarın 10-da ona “Qönçəbəyim” adlı şeiri ithaf edib. Tədqiqatçı həmin şeiri də Tiflisdən tapıb gətirib. 

Musa Quliyev gələcəkdə Gürcüstan arxivlərində araşdırma aparmaq istəyən tədqiqatçılarla təcrübələrini bölüşüb, tövsiyələr verib.

Gündəlikdəki digər elmi-təşkilati məsələlərin müzakirəsindən sonra akademik İsmayıl Hacıyev iclasa yekun vurub. 

 

 

 

 

 

Elm