Macarıstanın paytaxtı Budapeştdə boks üzrə U-23 Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub. Döyüşlərin yekununa əsasən Azərbaycan millisinin daha 2 idmançısı yarımfinala yüksəlib.
Sübhan Mamedov (50 kq) Salvator Attrattivonu (İtaliya) hər 3 raundda məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, yarımfinalda Luis Runi (İrlandiya) ilə üz-üzə gələcək.
Səbuhi Əlizadə (+90 kq) də 1/4 final döyüşünü qələbə ilə başa vurub. Gəncə boks məktəbinin yetirməsi İliya Zinkovskiyə (Ukrayna) ikinci raundda tam üstünlüklə qalib gəlib. Boksçumuz finala gedən yolda Marko Perkoviçi (Xorvatiya) sınağa çəkəcək.
Beləliklə, Avropa çempionatında yarımfinala yüksələn idmançılarımızın sayı 3-ə çatıb. Daha öncə Tağı Nəsibov (60 kq) da bu uğura imza atmışdı. Qeyd edək ki, yarımfinala vəsiqə qazanan boksçularımız özləri üçün azı bürünc medalı da təmin ediblər. Bu mərhələnin görüşləri sabah olacaq. Yarışlar noyabrın 29-da başa çatacaq.
Qabil YUSİFOĞLU
XQ

