Azərbaycan Xarici İşlər Nazirliyi Fransa prezidentinə cavab verib

post-img

Fransa prezidenti Emmanuel Makronun Marsel şəhərində erməni icması ilə görüşdə növbəti dəfə Azərbaycan əleyhinə səsləndirdiyi, Ermənistanı birtərəfli qaydada müdafiə edən və həqiqəti əks etdirməyən fikirləri qəbuledilməzdir. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, həm 44 günlük Vətən müharibəsində, həm də postmünaqişə dövründə dəfələrlə anti-Azərbaycan bə­yanatları ilə yadda qalan E.Makron mü­haribə və müharibədən sonrakı dövrdə öz məqsədlərinə nail ola bilməyib.

“Azərbaycan Respublikasının Pre­zidenti İlham Əliyevə təzyiq göstərildi­yi barədə iddiaları Fransa Prezidenti Makronun təxəyyülünün məhsuludur. Azərbaycan Respublikasının Preziden­tinə təzyiq göstərmək cəhdləri heç za­man nəticə verməyib. Prezident İlham Əliyev öz fəaliyyətində Azərbaycan Res­publikasının milli maraqlarını beynəlxalq hüququn norma və prinsipləri əsasında daim uğurla müdafiə edib.

Prezident Makronun açıqlaması bir daha onu göstərir ki, o, Fransanın er­məni lobbisinin əlində bir alətdir. Qeyd edək ki, onun izahat verməyə çalışdığı erməni icmasının nümayəndəsi məhz o radikal şəxslərdəndir ki, ona qarşı Ermə­nistan tərəfindən ölkəyə giriş qadağası qoyulub.

Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi tanınması fonunda Prezi­dent Makronun bu kimi qərəzli bəyanat­ları bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına mane olmaqla ya­naşı, separatçılıq və terrorçuluğu təşviq edənlərin və dəstəkləyənlərin destruktiv fəaliyyətini daha da genişləndirməsinə rəvac verir”,- deyə XİN-dən bildirilib.

Siyasət