Finlandiyada dünyanın ən böyük qum batareyası işə salındı: o nəyə lazımdır?

post-img

Finlandiyada dünyanın ən böyük qum batareyası istifadəyə verilib. Bu texnologiya ölkədə bərpa olunan enerji mənbələrinin maksimum dərəcədə effektiv istifadəsinə imkan yaradacaq. Bu barədə IFLScience yazır.

Gözlənilir ki, tam gücü ilə işlədikdən sonra bu qum batareyası yerli istilik şəbəkəsinin karbon tullantılarını ildə təxminən 160 ton azaldacaq. Nəşrdə qeyd olunur ki, bu sistem rayonda istiliklə əlaqədar tullantıları təxminən 70 faiz azalda bilər.

Qum batareyası Finlandiyanın cənubunda yerləşən Pornainen bələdiyyəsində “Polar Night Energy” şirkəti tərəfindən, enerji şirkəti Loviisan Lämpönun sifarişi ilə tikilib. Qurğunun hündürlüyü 13 metr, eni isə 15 metrdir. İstehsalçının sözlərinə görə, bu yeni sistem 1 meqavat istilik enerjisi istehsal edə və 100 meqavat-saatadək enerjini saxlaya bilir.

Nəşrdə izah edilir ki, qum batareyası böyük bir rezervuar formasındadır və təxminən 2000 ton üyüdülmüş talk daşı ilə doldurulub. Artıq istilik enerjisi – əsasən bərpa olunan enerji mənbələrindən alınan – borular vasitəsilə daş materialın içindən keçirilir və burada saatlarla, günlərlə, hətta həftələrlə saxlanıla bilər. Enerjiyə ehtiyac olduqda isə o, qaynar su, buxar və ya qızdırılmış hava şəklində buraxılır.

Yazıda vurğulanır ki, bu texnologiya bərpa olunan enerji mənbələrindən tam istifadə etməyə imkan verir: enerji tutulur və sonradan istifadə üçün saxlanılır.

“Bizim məqsədimiz 2035-ci ilə qədər iqlim neytrallığına nail olmaqdır və qum batareyası bu yolda mühüm addımdır”, – deyə Loviisan Lämpö şirkətinin baş direktoru Mikko Paayanen bildirib.

Bundan əvvəl Şeffild Universitetinin alimləri tərkibində nadir və bahalı elementlər olmayan elastik günəş batareyaları hazırlayıblar. Onların fikrincə, bu ixtira ucuz və effektiv günəş enerjisi texnologiyasına yol açacaq.

Tədqiqatçılar yeni növ günəş elementlərini perovskit yarımkeçiricisindən (perovskit Yer səthində nisbətən nadir olan kalsium titanat mineralıdır-red.) istifadə etməklə hazırlayıblar. Bu elementlər plastik lentin üzərində mikroskopik kanallar açmaq və həmin kanalları perovskit materialı ilə doldurmaq yolu ilə istehsal olunur.

S.ELAY

XQ

Maraqlı