Moskva müzakirələrinin dinamikası yüksək olsa da, konkret nəticə əldə edilmədi
Sülh danışıqlarının Brüssel raundundan 10 gün sonra Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib.
Sülh danışıqlarından əvvəl bakılı və irəvanlı həmkarları ilə görüşən Rusiyanın baş diplomatı Moskvanın sülh müqaviləsi üzrə razılığa gəlməyə kömək etməyə hazır olduğunu deyib: “Bizim səylərimiz Ermənistan–Azərbaycan sərhədində vəziyyətin sabitləşməsinə, humanitar problemlərin həllinə, iqtisadi-nəqliyyat əlaqələrinin açılmasına, vətəndaş cəmiyyətləri, ekspertlər, politoloqlar və parlamentarilər vasitəsilə insanlar arasında əlaqələrin inkişafına yönəlib”.
Məlumata görə, S.Lavrovun Ermənistan və Azərbaycan XİN rəhbərləri ilə ikitərəfli danışıqlarında Rusiya–Azərbaycan və Rusiya–Ermənistan arasında aktual və önəm kəsb edən mövzular, siyasi, ticarət-iqtisadi və humanitar sahələri əhatə edən məsələlər müzakirə olunub.
Tərəflər nikbinliyə köklənmişdi
“Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinin dinamikası kifayət qədər yüksəkdir”. Bu sözləri Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Rusiya və Ermənistan XİN başçıları ilə üçtərəfli danışıqlardan əvvəl deyib. C.Bayramov qeyd edib ki, xarici işlər nazirləri sonuncu dəfə, təxminən, 2 ay əvvəl görüşüblər. O vaxtdan indiyədək müxtəlif səviyyələrdə çox sayda görüşlər, təmaslar olub: “Danışıqlar prosesinin dinamikası kifayət qədər yüksək olsa da, nəticələr dinamikadan bir qədər aşağıdır. Amma, ümumiyyətlə, müsbət nəticənin olmadığını demək düzgün deyil”.
“İrəvan Bakı ilə danışıqlarda konstruktivliyə köklənib”. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə Rusiya və Azərbaycandan olan həmkarları ilə üçtərəfli görüşdən əvvəl belə deyib. “Bəzi məsələlərdə konkret nəticələr, digərlərində razılıq əldə etmək perspektivləri var”, – söyləyən Mirzoyan danışıqların bütün platformalarda, bütün istiqamətlərdə aparıldığını vurğulayıb.
Paşinyanın bədbin proqnozu özünü doğrultdu
“Görüşlərin harada keçirilməsindən asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında danışıqların gündəliyi dəyişmir. Danışıqlar müxtəlif platformalarda – Moskvada, Vaşinqtonda və Brüsseldə aparılır”. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan dünən keçirdiyi mətbuat konfransında Vaşinqton, Brüssel və Moskvada keçirilən görüşlərdə prioritetlərin dəyişib-dəyişməməsi ilə bağlı sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, danışıqlarda uğur qazanmaq lazımdır, amma gündəlikdə duran məsələlər heç bir halda dəyişmir, prinsipial məsələlər dəyişmir, müzakirənin məntiqi də dəyişmir. “Dünyada elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın”, – deyən Hayastanın baş nazirinin sözlərinə görə, Ermənistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, lakin bu, heç də həmişə bəyan edilməyib. Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında keçiriləcək üçtərəfli görüşdən gözləntilərə gəlincə, Paşinyan bildirib ki, Mirzoyandan Bakı ilə mümkün sülh müqaviləsinin daha bir neçə maddəsinin razılaşdırılmasında irəliləyiş gözləyir.
Sülh müqaviləsi layihəsi üzərində işlərin davam etdiyini vurğulayan Paşinyan Moskva danışıqları ilə bağlı “Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanmaq üçün hələ hazır deyil” kimi pessimist proqnoz verməyi də “unutmayıb”.
Qeyd edək ki, Moskvadakı üçtərəfli görüş 2 ölkə arasında sülh danışıqlarının Brüssel və Vaşinqton platformalarına alternativ dialoq masası sayılır.
* * *
Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrov və Ermənistan naziri Ararat Mirzoyan ilə üçtərəfli görüşü başa çatıb. Nazirlər Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundunu keçirməyi planlaşdırıblar.
İ.BƏDİRXANLI, “Xalq qəzeti”

