İndi savaş yoxdur, deməli, vasitəçiyə də ehtiyac qalmır
Son zamanlar bəzi Qərb mənbələrindən “mərhum” Minsk qrupunun “xortladılması” barədə gələn xəbərlər sübut edir ki, kimlərsə Cənubi Qafqaza sülh gətirilməsinin qəti əleyhinədir. Elə olmasaydı, 28 illik “fəaliyyəti” nəticəsiz qalan, Ermənistan dövlətinin Azərbaycan ərazilərində törətdiyi vəhşilikləri görə-görə riyakarlıqdan əl çəkməyən Minsk qrupunun bərpası haqqında bu qədər inadla danışmazdılar.
Əvvəla, Minsk qrupu Azərbaycan və Ermənistanın razılığı əsasında yaradılmışdı ki, münaqişənin ədalətli şəkildə həllinə nail ola bilək. Qrupun fəaliyyəti isə sübut etdi ki, bu, əyri üçlük məhz Ermənistanın işğalına, separatçılığına, terror və təxribatlarına haqq qazandırmaq niyyətində imiş. Bu boyda rəzalətdən və xəyanətdən sonra Azərbaycan həmin qrupun fəaliyyətinin bərpasına razı olarmı? Əsla yox. Elə isə təkcə işğalçı vandalların istəyinə görə hansısa qrup yaradıla bilməz. Doğrudur, Ermənistan rəhbərliyi həftədə olmasa da, ayda bir dəfə xarici “dəstəkverənlərdən” ibarət hansısa qrupu qəbul edir. Öz işləridir. Öz ölkələrində istədikləri qədər xarici qrup qəbul edə bilərlər. Ancaq Azərbaycanın daxili işlərinə qarışmamaq şərti ilə.
ABŞ-dan gələn xəbərləri formalaşdıran “mütəxəssislər” bilmirlərmi ki, münaqişə yoxdursa (Azərbaycan dövlətinin həmin münaqişəni hələ 2020-ci ilin payızında hərbi-siyasi yolla həll etdiyini kim bilmir ki?), deməli vasitəçiyə ehtiyac da yoxdur. Bilirlər. Ancaq münaqişə bitsə də, regiona sülh gətirilməsini istəməyənlər də çoxdur. Bəs kimlərsə nə üçün regiona sülh gətirilməsini istəmirlər? Çünki onların öz maraqları var – Ağ ev istəyir ki, Rusiya Qafqazdan getsin, Kreml çalışır ki, ABŞ Qafqaza girə bilməsin, Parisin öz “qarın ağrıları” var və ona görə də riyakarcasına birləşirlər ki, heç olmazsa, daha bir neçə il Qafqaza sülh, sabitlik gəlməsin. Çünki hər üç mərkəz “bulanıq suda balıq tutmağın” daha asan olduğunu yaxşı bilir.
Azərbaycanın mövqeyi qətidir: “Biz bu qrupun riyakarlığının fəsadlarını 28 il yaşamışıq. Ona görə də belə bir platforma rəsmi Bakıya lazım deyil və biz razılıq verməsək, Minsk qrupu elə olduğu yerdə qalacaq!” Ermənistan isə israr edir ki, Minsk qrupunun fəaliyyəti bərpa olunmalıdır. Amma bu israrın səbəbini açıqlaya bilmirlər. Çünki “münaqişənin həlli” ifadəsini dilə gətirə bilmirlər. Azərbaycan Prezidenti 2020-ci ilin noyabrından sonra az qala hər həftə xatırladıb ki, həmin münaqişə artıq yoxdur. Qarabağda yaşayan ermənilərin vəziyyətini qabarda bilmirlər. Çünki Prezident İlham Əliyev dönə-dönə vurğulayır ki, orada yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və ölkəmizdəki digər azsaylı xalqlar kimi onlar da sərbəst yaşaya biləcəklər.
Sual olunur: Bəs ermənilər nə üçün Minsk qrupu kimi özünü rüsvay etmiş bir təsisatı diriltməyə çalışırlar? Mənim fikrimcə, son otuz ilin məhrumiyyətləri erməniləri o qədər yorub, üzüb ki, indi onları heç bir qrup maraqlandırmır. Sadəcə kənardan verilən tapşırıqlardır ki, bu gün belə qışqırın, sabah elə, o biri gün isə başqa cür.
Elə ATƏT də bəzi güc mərkəzlərinin əlində oyuncağa çevrilib. Yadımdadır, bu il aprelin ortalarında ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın Xarici işlər naziri Buyar Osmani Bakıda və İrəvanda olmuşdu. Bu riyakar diplomat Azərbaycan paytaxtında olanda çoxlu müzakirələr aparsa da, Minsk qrupu haqqında heç nə deməmişdi. İrəvanda, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdə isə makedoniyalı olduğunu “unudaraq”, erməni kimi danışmışdı: “Minsk qrupunun işi hazırda dondurulub. Lakin bu format yenə lazım ola bilər”.
Bu adam, üstəlik, İrəvandan Azərbaycanın əleyhinə təhdidlər də səsləndirmişdi. O yaxşı bilir ki, Minsk qrupunu Azərbaycan tərəfi “pensiyaya göndərib”. Ona görə də ermənilərə təsəlli vermiş, azərbaycanlıları isə təhdid edən fikirlər səsləndirmişdi: “Minsk qrupunun işi hazırda dondurulub. Amma istisna etmirəm ki, uyğun şərtlər yaranarsa, bu formatın rolu yenidən artacaq. ATƏT təkcə Minsk qrupu demək deyil, təşkilatın ermənilərlə azərbaycanlılar arasında sülh prosesini dəstəkləmək üçün istifadə oluna biləcək bir çox başqa alət və mexanizmləri var”.
İndi mən – sadə bir azərbaycanlı olaraq cənab Buyar Osmanidən soruşuram: “Əgər ATƏT-in elə alət və mexanizmləri var idisə, onda nə üçün vəhşi, quduz, qaniçən ermənilərin otuz il viranəyə çevirdiyi Azərbaycan ərazilərini görmədiniz? Təbii ki, gördünüz, ancaq həqiqəti söyləməyinizə riyakarlığınız mane oldu. Məhz ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, prinsipsizliyi, ikiüzlülüyü nəticəsində Azərbaycan ərazilərinin işğalı dərinləşdi, Ermənistanın mövqeyi radikallaşdı. Amma dünya elə qala bilməzdi. Beynəlxalq təşkilatların, o cümlədən Minsk qrupunun həll edə bilmədiyi məsələni Azərbaycan təkbaşına, öz daxili potensialı, liderinin qətiyyəti, ordusunun şücaəti ilə həll etdi.
Rəsmi Bakının qətiyyətini təkrar edirik: Bu gün artıq Dağlıq Qarabağ problemi yoxdur. Azərbaycan öz ərazisinə nəzarət edir. Qalan məsələləri Konstitusiyası və suveren hüquqları ilə özü həll edəcək. Azərbaycan tərəfi Qarabağ bölgəsində yaşayan 20-25 min erməni əhalisinə digər vətəndaşlarına hüquq və azadlıqları verməyi, onların problemlərinin dövlətin daim diqqətində olacağını dəfələrlə bəyan edib.
Sonda xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il fevralın 18-də Münxendə keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışı zamanı demişdi: “Minsk qrupu artıq “pensiyaya” çıxıb və faktiki olaraq mövcud deyil. Ola bilsin, yalnız kağız üzərində mövcuddur. 28 il ərzində heç bir nəticə verməmiş Minsk qrupunun sabiq həmsədrlərinin vəziyyətə təsir göstərmək üçün hələ də bəzi vasitələri var. Buna görə də bizim Birləşmiş Ştatlar, Rusiya və indi həm də Avropa İttifaqı tərəfindən təşkil edilən platformamız var”.
Dövlət başçımız Avropanın mərkəzində, köhnə qitənin rəsmilərinin və siyasətçilərinin gözlərinə baxa-baxa nümayiş etdirdiyi qətiyyətdə Parisin Cənubi Qafqazdakı canfəşanlığını da unutmamışdı: “Bu da aydındır, sən vasitəçisənsə, kiminsə tərəfini saxlaya bilməzsən. Siz kiminsə tərəfini saxlamağınızı nümayiş etdirə bilməzsiniz”.
Təəssüf ki, bitərəf ola bilmədilər və heç bir fəaliyyəti olmayan, heç bir iş görməyən Minsk qrupu tarixin arxivinə göndərildi.
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

